Cəmiyyət

Dünyanın 20 şanslısından biri olan Şəhanənin anası: “Bizə konkret məbləğ deyilməyib”

Sharing is caring!


Dünyada yalnız 20 nəfərə verilən təqaüdün qaliblərindən biri də azərbaycanlı məktəbli olub. Sumqayıt şəhəri 24 nömrəli məktəbin 9 “d” sinif şagirdi Şəhanə Cavadzadə Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə yaradılan “Eastern Partnership European School in Georgia” beynəlxalq məktəbinə tam təqaüdlə qəbul olub.

Gənc istedad gələcək təhsilini isə kompüter mühəndisliyi üzrə davam etdirmək niyyətindədir. Bu barədə Oxu.Az-a Şəhanənin anası Kəmalə Cavadzadə bildirib.

Onun sözlərinə görə, qızı Tbilisidəki məktəbdə iki il, beynəlxalq bakalavriat proqramı üzrə oxuyacaq.

K.Cavadzadə bir neçə təqaüd proqramına müraciət etdiklərini qeyd edib:

“Düşünürəm ki, bu, müəllimlərin zəhmətinin nəticəsidir. Bütün gözəl nemətlər kimi, yaxşı övlad da təkcə bir ailənin deyil, xalqın mənəvi sərvətidir. Bu günə qədər Şəhanəyə dərs keçən ibtidai sinif müəllimləri başda olmaqla hər kəsə ayrı-ayrılıqda minnətdarlıq bildirirəm.

Hazırda istedadlı gənclər üçün çox yaxşı şərait yaradılıb. Hər il müxtəlif proqram seçimləri olur. Biz də bir neçəsində özümüzü sınadıq.

Tbilisidəki məktəbdən sonra növbəti mərhələlər haqqında konkret düşüncəmiz yoxdur. Hansı universiteti qazana bilsə, orada da oxuyacaq”.

Kəmalə Cavadzadə təqaüdün məbləği barədə məlumatlı olmadıqlarını əlavə edib:

“Təqaüdə təhsil, nəqliyyat və yataqxana xərcləri daxildir. Bizə bu barədə konkret məbləğ deyilməyib. Lakin tam təqaüd olduğu dəqiqdir”.

Sumqayıt şəhəri 24 saylı tam orta məktəbin direktoru Nəsibə Cabbarova Oxu.Az-a Şəhanənin buraxılış imtahanında uğurlu nəticə əldə etdiyini qeyd edib:

“Şəhanəyə anası dəstək olur. Anası Kəmalə xanım ingilis dili müəllimidir. Eyni zamanda təlimçidir. Uşağını hər yerə aparır. Uşaq özü də istedadlıdır. Respublika fənn olimpiadasının, Respublika fənn müsabiqələrinin qalibidir. İngilis dilindən beynəlxalq sertifikatları, qızıl medalı var. 9-cu siniflər arasında əlaçıdır. Buraxılış imtahanında maksimum bal olan 300-dən 265 topladı. Şəhanə çalışır ki, hər bir olimpiadaya qoşulsun. Sonuncuda da təqaüd proqramı ilə təhsil qazandı. Uğurlu olsun!”

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir