Cəmiyyət

Şəkidə məktəbdə baş verən zəhərlənmədən müalicə alan şəxslər evə buraxıldılar – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar xəstəxanada müalicə alan digər 4 nəfər də evə buraxılıb.

APA xəbər verir ki, onların vəziyyəti yaxşıdır.

Günorta saatlarımda isə 23 nəfər ambulator müayinə üçün evə buraxılmışdı.

TƏBİB-dən verilən məlumata görə, vəziyyətləri qənaətbəxş olan 23 nəfər isə tibbi xidmət aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, bu gün Şəkidə orta məktəbin 24 şagirdi və 3 müəllimi zəhərlənib.

Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.

Hadisə ilə bağlı müvafiq qurumlar araşdırma aparır.

16:05

Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub, dərhal həkim briqadaları cəlb edilib.

27 (20 nəfər cinsi qadın, 7 nəfər cinsi kişi olmaqla) nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində dörd nəfərə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri qənaətbəxş olan 23 nəfər isə tibbi xidmət aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

15:52

Şəkidə baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilir ki, Şəki rayonu, Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin – 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.

Hazırda araşdırma davam etdirilir.

15:22

Şəki-Zaqatala Regional Təhsil İdarəsi bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şəxslər barədə açıqlama verib. 

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınıb:

“Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar.

Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir”.

Qeyd edilib ki, ilkin araşdırmalara görə zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub:

“Belə ki, mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir. Hadisə haqqında əlavə məlumat veriləcək”.

14:57

Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir