Cəmiyyət

Tariximizə həkk olunmuş parlaq səhifələr

Sharing is caring!

       Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ordumuzun beynəlxalq standartlara uyğun formalaşdırılması, inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi, ən əsası tariximizə Zəfər Gününü yazması dahi şəxsiyyətin düşünülmüş və məqsədyönlü siyasətinin təntənəsidir. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur. 103 illik yol Ordumuzun dünəninin, bu gününün və sabahının təqdimatıdır. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil görərək bu istiqamətdə mühüm addımlar atmışdır ki, bunlardan da biri Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasıdır. Milli kadrlar hesabına möhkəmlənən Ordumuzda xidmət edən zabitlərin əksəriyyəti bu hərbi liseyin yetirmələridir.   

        1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanan inkişaf, dahi rəhbərin ərazi bütövlüyümüzün təmin edilməsinə, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına xidmət edən siyasəti və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirdi. Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın özünə inamını qaytarmış və ruhunu təzələdi. Bu gün biz yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq.

       Ulu öndər Heydər Əliyevin təbirincə desək, ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.

       Ulu öndər demişdi: “Mən əminəm ki, bizim ordumuz bu gün Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır”.

        Bir daha demək istəyirəm ki, məhz Ulu öndər Heydər Əliyevin yaratdığı təməl üzərində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Qərbin bir sıra  aparıcı mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir irəli sürülüb ki,  hətta dünyanın hər hansı güclü ölkəsi bizim qarşımızda olsaydı belə, onun da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, onun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.

Qəzənfər Ağayev,

Cəlilabad şəhər sakini, Vətən müharibəsi qəhrəmanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir