Cəmiyyət

Yəhudilərin Pesax bayramı Qubada təntənəli şəkildə qeyd olunur – FOTO

Sharing is caring!


Yəhudilərin azadlıq və bahar mənasını verən Pesax bayramı Qubada qeyd olunub.

“Report”un Şimal bürosunun məlumatına görə, bayram tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, YAP Quba rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bayram tədbirinə qatılan qonaqlara Pesax bayramı və dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi haqqında məlumat verilib.

Bildirilib ki, dağ yəhudilərinin burada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub.

Bayram tədbirində çıxış edənlər yəhudi və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərindən danışıb, bu əlaqələrin tarixi köklərə söykəndiyini qeyd ediblər.

Qırmızı qəsəbədə dörd minə yaxın dağ yəhudisinin yaşadığı diqqətə çatdırılıb. Bildirilib ki, rayonda 60-a yaxın məscidlə yanaşı, yəhudilərə məxsus iki sinaqoq və dini icma da fəaliyyət göstərir.

Həmçinin burada doğulan, hazırda isə xarici ölkələrdə yaşayan dağ yəhudilərinin müqəddəs Pesax bayramını Vətəndə qeyd etmələri artıq ənənəyə çevrilib.

Daha sonra tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Pesaxın yəhudilərin ən sevilən bayramlarından biri olduğunu qeyd edib.

Bildirilib ki, Azərbaycanda milli azlıqlara və dini icmalara böyük diqqət və qayğı ilə yanaşılır, eyni zamanda ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər şərait yaradılıb.

Qeyd olunub ki, Azərbaycan dünyanın nadir müsəlman ölkəsidir ki, burada yəhudilərin milli və dini bayramları yerli camaatla birlikdə təntənəli şəkildə keçirilir.

Vurğulanıb ki, müxtəlif dini inanclara məxsus insanların yaşadıqları Azərbaycanda heç vaxt dini zəmində münaqişə yaşanmayıb.

Həmçinin bildirilib ki, Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına böyük töhfələr vermiş bu ənənə bu gün də uğurla davam etdirilir.

Qeyd edək ki, tarixi mənbələrə görə, hələ 3 500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər səkkiz gün tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını milli bayram kimi qeyd etməyə başlayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir