Cəmiyyət

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir

Sharing is caring!

Hər bir xalqın mənəvi keyfiyyətləri onun qürur mənbəyi, fəxarət yeridir. Çünki müxtəlif keyfiyyətlərlə yanaşı, mənəvi dəyərlərlə zənginlik də hər bir etnosun özünütəsdiqi üçün çox mühüm amildir. Qədim adət-ənənələri ilə tarix boyu bəşər sivilizasiyasına mühüm töhfələr vermiş xalqımız hər zaman milli dəyərlərini, dünyaya nümunə olan yüksək əxlaqi keyfiyyətlərini qoruyub saxlamış və inkişaf etdirmişdir. Xalqımızın milli-mənəvi dəyərlər sistemində dərin kök salmış qədim adət-ənənələrimiz, el şənliklərimiz özünəməxsus cəhətləri ilə seçilirlər. Bunların sırasında öz gözəlliyi və özəlliyi ilə fərqlənən Novruz bayramı qədim əcdadlarımızın mifik dünyagörüşlərinə istinad edərək baharın gəlişinin, təbiətin oyanışının tərənnümçüsüdür.

Varlığın yenidən canlanmasını müjdələyən Novruz bayramı, sadəcə, şadlıq, sevinc, səadət bayramı olmamış, tariximizin ən çətin anlarında insanlarımızın ürəyində özünə yer eləmiş, həyatına daxil olmuş, işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusunu yaşatmışdır. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Təbiətlə bağlı olan bu gözəl bayramda həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiram ifadə olunur. Xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələr keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bu bahar bayramında bütöv bir şəkildə yaşayır.

Novruz bayramı günlərində ölkəmizin hər yerində, hər evdə, ailədə bayram əhval-ruhiyyəsi hökm sürür. İnsanlar Novruz bayramını böyük sevinc hissi ilə qeyd edirlər. Vaxtilə Sovet ideologiyasının milli özünüdərkə, xalqların tarixdən gələn mənəvi irsinə qənim kəsilməsi ölkəmizdə də özünü açıq və çox kəskin şəkildə büruzə vermişdir. Azərbaycanın mənəvi irsinin, həqiqətən, zəngin olduğunu və bunun xalqımızın milli şüurunda dərin iz saldığını bilən sovet ideoloqları musiqimizdən tutmuş, yazılı və şifahi ədəbiyyatımıza qədər hər şeyi təqib edirdilər. Bir çox dəyərlərimizlə yanaşı, Novruz bayramı da repressiv tədbirlərə məruz qalmışdı. Lakin sovet ideologiyası Azərbaycan xalqının digər milli-mənəvi dəyərləri kimi, Novruzu da xalqın şüurundan silə bilmədi. Antitəbliğat və qadağalar Novruz adət-ənənələrini unutdurmağı bacarmadı. Xalqımız sovet ideologiyasının tüğyan etdiyi bir dövrdə bu el şənliyini qorudu və gələcək nəsillərə ötürdü.

Milli-mənəvi dəyərlərin qorunmasında və inkişaf etdirilməsində tarixi şəxsiyyətlərin də üzərinə vəzifələr düşür. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hələ sovet hakimiyyəti illərindəki fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Çünki məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi o illərdə xalqımız sovet ideologiyasının unutdurmağa cəhd etdiyi mənəvi irsinin zənginliklərinə daha da dərindən yiyələnmişdir. Heydər Əliyevin respublika rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın olmuşdu ki, Azərbaycan xalqı onun timsalında əsl milli liderini tapmışdır. Ulu öndər milli ruhun dirçəlməsinə, öz zəmanəsinin Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmaqla yanaşı, həm də xalqın diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdi. Heydər Əliyevin başladığı ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində daha kütləvi və təmtəraqla qeyd olunmağa başladı. Milli özünüdərk prosesinin sovet rəhbərliyinin müqaviməti ilə qarşılaşdığı, milli mənlik şüurunun yüksəlişinə kömək edən yeni meyillərin və təşəbbüslərin qarşısının sərt şəkildə alındığı bir şəraitdə, sovet ideologiyasının hakim olduğu bir dövrdə ölkə rəhbərinin belə bir mövqedə olması böyük cəsarət, qətiyyət, prinsipiallıq və yenilməzlik tələb edirdi.

Azərbaycanda Heydər Əliyevin ölkəyə rəhbərliyə gəlməsindən sonra başlanmış milli mədəni dirçəliş heç də həmişə müsbət qiymətləndirilmirdi və müəyyən dairələr tərəfindən, xüsusən ittifaq rəhbərliyini Azərbaycanın əleyhinə qaldırmaq, azərbaycanlılara qarşı etimadsızlıq yaratmaq üçün dəridən-qabıqdan çıxan ermənilər tərəfindən əsassız siyasi ittihamlarla, yalan və böhtan kampaniyaları ilə müşayiət olunurdu. “Elə vaxtlar, zamanlar olubdur ki, bu bayramı xalqımızın əlindən almaq istəyiblər, bu bayramı keçirməyə mane olmaq istəyiblər. XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir” – deyə Heydər Əliyev sonralar bildirirdi.

Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra müxtəlif qadağalar aradan qalxdı və xalqımız müqəddəs adət və ənənələrin, milli duyğuların, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruz bayramını könül rahatlığı ilə qeyd etməyə başladı. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Artıq üçüncü ildir ki, Azərbaycan xalqı bu qədim bayramı əvvəllər bəlkə də heç zaman müşahidə olunmamış ruh yüksəkliyi ilə qeyd edir. Üç il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Artıq biz bu əziz bayramımızı işğaldan azad edilmiş torpaqlarımızda ruh yüksəkliyi ilə qeyd edirik.

Gülşən Əzizova,

Salyan şəhər 5 saylı uşaq bağçasının müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir