Cəmiyyət

Dörd ünsür, dörd bayram çərşənbəsi

Sharing is caring!

Novruz bayramı yazın gəlişindən xəbər verən qədim xalq bayramıdır. Bu bayramın tarixi mənbələrdə ulu zərdüşt dinindən gəldiyi qeyd olunur. Eyni zamanda bu bayram Hicri-şəmsi və Bəhai dininin təqvimində də yeni ilin ilk günü kimi qeyd olunur. Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərilər də yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş şənliklər keçirmişlər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər, həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır.

Azərbaycanın ən qədim və kütləvi ümumxalq bayramlarından biri olan Novruzdan qabaqkı çərşənbələr Azərbaycan mədəniyyətində xüsusi yer tutur. Bu dörd ünsür – su, od, yel və torpaq insanlara yazın gəlişindən xəbər verir. Su çərşənbəsi ilaxır çərşənbələrinin birincisidir. İnsanlar onu eləcə də “sular Novruzu” və yalançı çərşənbə də adlandırırlar. Bu çərşənbənin adı qədimdə suyun tapılması ilə bağlıdır. Su çərşənbəsində insanlar hələ günəş doğmadan su üzərinə gedər, su mənbələrini abadlaşdırar, su üzərindən tullanar və əl-üzlərini yuyarlar. Onlar beləcə Novruz bayramına təmiz və saf girmələrini düşünürlər.

Od çərşənbəsi ilaxır çərşənbələrindən ikincisidir. Ona həm də “xəbərçi çərşənbə” deyirlər. İnsanlar tonqal qalayır və onun üstündən atlanırlar. Beləcə də onlar içlərində olan çirkab əməlləri və pislikləri özlərindən uzaqlaşdıracaqlarına inanırlar. İnsanlar bu çərşənbənin adını qədimdə insanların günəşə və oda olan inancı ilə bağlayırlar.

Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Artıq isti küləklərin əsməsi baharın gəlişindən xəbər verir. İnsanlar bu çərşənbəni həm də “küləkli çərşənbə”, “külək əsən” çərşənbə də adlandırırlar. Şifahi xalq yaradıcılığında küləyi, yeli həm də Tanrı adlandırırlar.

İlaxır çərşənbələrin sonuncusu torpaq çərşənbəsidir. Torpaq çərşənbəsində insanlar artıq xoş bir əhval-ruhiyyə ilə Novruzun gəlişinə hazırlaşırlar. Novruz bayramının ən təntənəli mərasimləri bu çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq” çərşənbəsi hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi olaraq qeyd edilir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”, “Çərşənbə-suri” adları ilə də tanınır.

Novruz bayramına 4 həftə qalmış, insanlarımız hər çərşənbə axşamı və bayram günü tonqal qalayır, mahnı oxuyur, oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edirlər. Bütün bu mərasimlər hələ İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Deməli, xalqımız və bütün türkdilli xalqlar bu bayramı çox qədimlərdən keçirməyə başlayıblar. Ona görə də bu bayram bizim milli bayramımızdır.

Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir. Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Prezident cənab İlham Əliyevin də dediyi kimi, “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”.

Siranə Zeynalova,

Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir