Cəmiyyət

Teymur Kərimli: “Nizaminin türk olması çoxdan sübut edilmiş bir faktdır”

Sharing is caring!

İran tarix boyu Azərbaycana pis, şovinist münasibət bəsləyib. Şovinizm dünyadakı bəzi xalqlar üçün bir bəladır. İrandakı Azərbaycan səfirliyinə silahlı hücum göstərir ki, bu dövlətin içində tarix boyu türklərə, azərbaycanlılara qarşı bir kin olub. Ona görə də həmişə Azərbaycanı elə qələmə vermək istəyirlər ki, guya azərbaycanlılar, türklər köçəri xalqdır, Turandan köçüb və heç bir mədəniyyəti yoxdur. Hətta Azərbaycanın “Kitabi-Dədə Qorqud” kimi qlobal səviyyəli bir əsərini, Nizami Gəncəvi kimi dünya səviyyəli filosof-şairini, mütəfəkkirini hansısa vasitə ilə əlimizdən almağa çalışırlar, müxtəlif bəhanələr gətirirlər. Bəli, Nizami farsca yazıb, çünki onun yaşadığı XII əsrdə “Azərbaycan ədəbi məktəbi”, “poetik məktəbi” adlı bir anlayış vardı. Buraya Nizami Gəncəvi, Xəqani Şirvani, Məhsəti Gəncəvi, Fələki Şirvani, Nüsrəddin Beyləqani kimi böyük şairlər daxil idi. Onlara “dəri dillilər” deyilirdi. Müasir fars dili həmin dil deyil. Müasir fars dili kobud dildir. Dəri dili cilalanmış ədəbi, poetik dil idi. Bu dildə başda da Nizami Gəncəvi olmaqla, bizim Azərbaycan şairləri özlərinin humanist fikirlərini insanlara çatdırırdılar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli deyib.

“Əlbəttə, Nizaminin türk olması çoxdan sübut edilmiş bir faktdır. Məhəmmədəmin Rəsulzadə “Azərbaycan şairi Nizami” əsərində onun türk olmasının çoxsaylı sübutlarını, motivlərini göstərib. Bu gün də bizim tədqiqatçılar bu sahədə çalışır, kitablar, məqalələr yazılır. “Scopus” elmi bazasında Nizami Gəncəvinin türk olması barədə mənim ingilis dilində bir çox fikirlərim gedib. Həmin məqalə dünyada 20 min kitabxananın fondunda var. O məqaləni təkzib etmək mümkün deyil. Çünki orada dəlillər, sübutlar var. Məsələn, Nizaminin avtobioqrafik materiallarla zəngin olan “Leyli və Məcnun” poemasında şair öz anasının kürd qızı olduğunu bildirib, “Xosrov və Şirin” poemasında isə özünü “ikdiş” adlandırıb. Bu, türk sözüdür. Bu söz XI əsrdə yaşamış Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində var. “İkdiş” iki millətdən doğulmuş uşaq deməkdir. Burada Nizami “sirkə” deyərkən öz kürd anasını, “bal” deyərkən isə türk atasını nəzərdə tutub. Yəni, əgər Nizami fars olsaydı, belə bir sözü deyə bilərdimi?”, – deyə Teymur Kərimli qeyd edib.

O, həmçinin diqqətə çatdırıb ki, Nizami “Leyli və Məcnun” poemasında Leylini, “Xosrov və Şirin”də isə Şirini və onun ətrafındakıları dəfələrlə türk adlandırır. Poemanın bir yerində isə Məhin Banu Şirinə öyüd verərkən Xosrovu iranlıların əfsanəvi hökmdarı Keyxosrovla, özlərini isə türklərin əfsanəvi hökmdarı Əfrasiyabla (Alp Ər Tonqa) müqayisə edir ki, bu da istər Məhin Banunun, istərsə də Şirinin türk olmasına heç bir şübhə yeri qoymur. Poemanın sonunda Nizami öz oğlunu “türkzadə” adlandırır. Məlumdur ki, “zadə” sözü adətən ata adına artırılır. Nizami də öz oğluna “türkzadə” deyərkən onun türk qızından doğulmasını deyil, özünün türk olmasını nəzərdə tutub.

Teymur Kərimli vurğulayıb ki, fars poeziyasının ən böyük nümayəndələrindən biri olan Firdovsidən fərqli olaraq, Nizaminin dilində çoxlu türk sözləri işlədilib. Bu da Nizamidə fars təəssübkeşliyinin olmadığını göstərir. Nizamidə zadəganlıq olsaydı, Firdovsi kimi o da əsərlərini sırf fars sözləri ilə yaradardı. Amma Nizami tolerant idi, bütün xalqlara, millətlərə açıq gözlə, səmimi baxırdı, eyni zamanda, öz millətini, özünün türk xalqını çox yüksək qiymətləndirirdi.

“Bu cür misallar çox gətirilib, ancaq təəssüf ki, İran şovinistlərinin gözü o qədər kor, qulaqları o qədər kar, ürəkləri o qədər daşdır ki, bütün bu dəlillərə, sübutlara qiymət verə bilmirlər və ya vermək istəmirlər. Baxmayaraq ki, onların ən böyük tədqiqatçısı, alimi Səid Nəfisi vaxtilə deyirdi: “Nizamidən və Xəqanidən türk iyi gəlir”. Yəni, onların əsərlərində fars mentaliteti, fars şüuru, şovinizmi yoxdur. Türklər bütün mədəniyyətlərə açıq, səmimi millətdir. Onlar erməni və farslar kimi qapalı millət deyil. Müasir tədqiqatçılar da deyirlər ki, Nizami Gəncəvi, Xəqani Şirvani və XII əsr Azərbaycan poeziya məktəbinin digər nümayəndələri fars dilinin Şimal-Qərb dialektində yazırdılar. Şimal-Qərb dialekti yox idi, onlar, sadəcə, türkcə düşünüb farsca yazdıqlarına görə digərlərindən fərqlənirdilər”, – deyə Əlyazmalar İnstitutunun baş direktoru əlavə edib.

Onun sözlərinə görə, dövlətimizin Nizami Gəncəvini bütün dünyada Azərbaycan şairi kimi təbliği kursu getdikcə öz bəhrəsini verməkdədir. Ermənilər, farslar bunu görməsələr də, bütün dünya bilir ki, Nizami Gəncəvi Azərbaycan şairidir.

Teymur Kərimli, həmçinin qeyd edib ki, müasir nizamişünaslığın tədqiqinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Bu gün bu kurs Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən çox yüksək, səmərəli şəkildə davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir