Cəmiyyət

Vilyam Hacıyev şikayətlərə belə baxır… – “Lap istəyirsən, get, dilən…”

Sharing is caring!

 

 

“Deyirəm, 4 övladımla acından ölürük, körpəyə süd ala bilmirəm. İcra başçısı mənə deyir ki, dünyaya gətirməzdin, necə dünyaya gətirmisən, elə də bax. Bu, başçıya yaraşan sözlərdir?” İmişlinin Rəsullu kəndində yaşayan 30 yaşlı Günel Abdullayeva belə deyib.

Günel Abdullayeva İmişli sakini, 47 yaşlı Araz Bağırovla 8 il əvvəl ailə həyatı qurub. Yaşadığı Gəncə şəhərindən İmişliyə köçüb. Ailənin 4 övladı var. Böyüyü 1-ci sinfə getməlidir. Anası deyir, nə paltarı, nə də məktəb ləvazimatlarını ala bilib:

“Belə getsə, heç göndərə bilməyəcəyəm. Qarınlarını doydurmaq mənim üçün problemdir. Qaldı paltar almağın heç yaxınına da düşə bilmirəm. Kiçik oğluma yemək almaqdan ötrü bütün günü icra hakimiyyətinin qapısında yatıram. İcra başçısı Vilyam müəllim mənə deyir ki, burada pul paylamırlar, get evinə. Mən demirəm, siz deyin, bəs mən nə etməliyəm?”

Günel Abdullayeva deyir ki, sonbeşiyinin, 5 aylıq körpəsinin ürəkgetməsi var. Müalicə etdirməyə imkanı yoxdur. Getdikcə vəziyyəti pisləşir: “Əlimizdən heç nə gəlmir. O qədər bərbad qidalanırıq ki… Uşağa verməyə südüm də olmadı. Yediyi hazır yeməyin bir qutusu isə 22 manatdır. Alanda bir həftə bəs edir. Açığı heç onu da ala bilmirəm. Uşaq bütün günü acından ağlayır. Bu, azmış kimi, bir də anadangəlmə gözləri görmür. Nə əlillik dərəcəsi ala bilirəm, nə də əlimdən nəsə gəlir. Tək qapısına getdiyim icra başçısıdır. O da deyir ki, hara gedirsən, get, mən sənin üçün heç nə edə bilmərəm. Lap istəyirsən, get, dilən”.

Günelin həyat yoldaşı Ayaz Bağırov Şuşadan məcburi köçkün olduğunu deyir. 8 yaşında olandan İmişlidə məskunlaşıb. Anasını-atasını itirib. Bacısı ailə həyatı qurub. O isə illərlə İmişlidəki “Nuray” adlı şadlıq evinin bir otağında yaşayıb. Sonradan oradan da çıxarıblar. İndi isə Rəsulluda köhnə kolxoz binasında məskunlaşıb. Yeri-göyü beton olan bu tikilinin pəncərələrini sellofanla tutub, içinə odun peçi qoyublar. Ancaq normal isidə bilmirlər:

“Evin içi buz olur. Heç görün bu şəraitdə də körpə uşaq saxlayarlar? Təəssüf ki, başqa çarəmiz yoxdur. Aldığım 50 manat çörəkpulu ilə bundan artığını edə bilmirəm. O pulu da hər ay alıram, heç bilmirəm, işığa, qaza verim, yoxsa bu qədər uşağa çörək alım. Fəhləlik edirəm, o da həmişə olmur. Düşəndə gedib günü 5-6 manata işləyirəm. Olmayanda da acından ölürük. Bu uşaqların səhərəcən ağlayıb çörək istədikləri günlər olur. Axırda yorulub, birtəhər yuxuya gedirlər”.

Araz və Günel həftədə bir neçə dəfə İmişli Rayon İcra Hakimiyyətinin binasının önünə gedir. İmişlinin icra başçısı Vilyam Hacıyevdən körpələrinə süd, özlərinə çörəkpulu istəyirlər. Ailə bəzən gecə yarılarına qədər icra hakimiyyətinin qapısında qalır: “Elə olur saat 10-11-dək Vilyam Hacıyevin çıxmasını gözləyirik. Yalvarırıq, ancaq üzümüzə də baxmır. Binanın önündə bir daş var. Saatlarla üstündə oturub gözləyirik. Axırda üzümüzə də baxmayıb, lüks maşınına minib gedir. Nə iş verirlər, nə sosial yardım ala bilirik, nə də kömək edirlər. Çarəsizik” – deyir, Günel Abdullayeva.

Araz Bağırov deyir ki, dəfələrlə sosial yardım üçün müraciət ediblər. Ancaq hər dəfəsində onlara “sizə yardım düşmür” – deyib, yola salıblar: “Axırda çox dava-dalaşdan sonra dedilər ki, elektrondu, özünüz müraciət etməlisiniz. Mən adımı yaza bilməyən insan, necə müraciət edim, onu da bilmirəm. Heç yerdən də köməyim yoxdur. Daha doğrusu, ətrafımdakı insanların hamısı da məngünlüdür”.

Ailə təzəlikcə evlə bağlı Qaçınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, İmişli Rayon İcra Hakimiyyətinə müraciət edib. Deyirlər ki, onlara vərəm xəstəxanasından bir otaq veriblər: “Gedib baxdıq. Nə pəncərəsi, nə qapısı var. Mən 4 uşaqla, qışın günündə orada necə qalım? Yenidən getdim Vilyam müəllimin yanına. Bu dəfə də məni hədələdi ki, bir də gəlsən, səni polisə verəcəyəm. Axırda da dedi ki, get, hara istəyirsən, müraciət et. Heç nəyimiz yoxdur, bir ümidimiz vardı, deyirdik, bəlkə bizə də ev, iş verilər. Artıq o da qalmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir