Cəmiyyət

“Binanın konstruksiyasına müdaxilə cinayətdir”: Müdaxilənin ağır nəticələri

Sharing is caring!

İnşaat konstruktoru: “Əgər hansısa zərurətdən belə bir müdaxiləyə ehtiyac duyulursa, yalnız gücləndirmə işləri aparılırsa, bu da xüsusi layihələr və aidiyyəti qurumların razılığı, icazəsi əsasında həyata keçirilməlidir”

Türkiyədə baş verən zəlzələ, təbii fəlakətin yol açdığı kütləvi dağıntılar, yaşatdığı insan itkisi dünyanın diqqətini qardaş ölkəyə yönəldib. İlkin müşahidələrə görə, insan tələfatının miqyasının geniş olmasının əsas səbəblərindən biri də çoxmərtəbəli binaların standartlara uyğun şəkildə inşa edilməməsidir. Çoxmərtəbəli binaların bir-birinə çox yaxın məsafədə inşa edilməsi, zəlzələ zamanı birinin digərinin üzərinə aşması, nəticə etibarilə ətrafdakı binaları uçurtması da faktdır.  Digər bir məqam zirzəmi qatı və birinci mərtəbəsi iaşə obyekti olan binaların daha çox uçması və aşmasıdır. İddialara görə, aşağı mərtəbələri iaşə obyekti kimi istifadə edən şəxslər binanın əsas divarlarına, sütunlara, rigerlərə özbaşına müdaxilələr edib, arakəsmə və əsas divarları söküb. Azərbaycanda, o cümlədən paytaxt Bakıda da binaların birinci mərtəbəsindən, zirzəmilərindən iaşə obyektləri kimi istifadə olunur. Ayrı-ayrı vətəndaşların iddialarına görə, bu binalarda sahibkarlar əsas yük götürən panel divarlara belə müdaxilələr edib, istəklərinə uyğun şəkildə söküntü həyata keçirib, genişləndirmə işləri görüblər.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Birinci mərtəbələr ticarət və iaşə obyekti kimi fəaliyyət göstərir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat konstruksiyası kafedrasının professoru, Əməkdar mühəndis Lətif Zeynalov bildirib ki, binaların konstruksiyasına, yük daşıyan elementlərinə müdaxilə etmək yolverilməzdir: “Belə müdaxiləni kimsə edibsə, buna görə məsuliyyət daşıyır. Amma belə müdaxilənin kütləvi şəkildə olması da inandırıcı deyil. Bakıda SSRİ dövründə inşa edilən “Xruşşovka”ların yola yaxın olanlarının hamısında birinci mərtəbələr ticarət və iaşə obyekti kimi fəaliyyət göstərir. Binaların birinci mərtəbəsinin sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsini qanun qadağan etmir. Ancaq binanın yükdaşıyan elementinə özbaşına müdaxilə olunması qadağandır. Əgər hansısa zərurətdən belə bir müdaxiləyə ehtiyac duyulursa, bu da xüsusi layihələr və aidiyyəti qurumların icazəsi əsasında həyata keçirilməlidir”.

Qədim binaların zirzəmilərində edilən təhlükəli dəyişikliklər 

Professor deyib ki, ötən əsrlərdə Bakının mərkəzi ünvanlarında inşa edilən, paytaxtın memarlıq nümunəsi sayılan qədim binaların zirzəmi qatında vaxtilə müəyyən dəyişikliklər edilib: “Hazırda həmin binaların zirzəmi qatı müxtəlif məqsədlər üçün istifadə olunur. Əslində bu, çox təhlükəlidir. Buna misal olaraq qeyd edim ki, 2000-ci il noyabrın 25-də Bakıda baş vermiş 6,8 bal gücündə zəlzələnin təsiri nəticəsində sovetlər dövründə Xalça Muzeyi kimi fəaliyyət göstərən binanın qarşısındakı yaşayış evi uçdu. Bu zəlzələdən təxminən bir il qabaq həmin yaşayış binasının sakinlərinin şikayətini araşdırmaq üçün mütəxəssis qismində o binaya baxış keçirib müvafiq qeydlər aparmışdım. Araşdırmaların nəticəsi olaraq hesabat hazırlayıb aidiyyəti üzrə təhvil verdim. Hesabatda qeyd etmişdim ki, Bakıda yüngül bir zəlzələ olsa, bu bina uçacaq. Təəssüf ki, bundan nəticə çıxarılmadı və cəmi 1 il sonra təbii fəlakət nəticəsində yazdıqlarım təsdiqini tapdı”.

“Tikinti qəbul edilib istismara verilirsə, deməli…”

L.Zeynalov qeyd edib ki, çoxmərtəbəli binalarda hansısa daş hörgünü, arakəsməni sökməzdən öncə də mütləq cavabdeh qurumlardan razılıq alınmalıdır: “Adətən buna da icazə verilmir. Amma təəssüf ki, insanlar müxtəlif vasitələrlə bunu edirlər. İcra hakimiyyətləri, onların yerlərdəki nümayəndələri, MİS-lər buna görə məsuliyyət daşıyırlar. Hər hansı çoxmərtəbəli binanın tikintisi üçün ilk növbədə müvafiq ərazi olmalı, tikintinin layihəsi hazırlanmalıdır. Layihənin hazırlanmasının birinci mərhələsini mühəndis axtarışları təşkil edir. Mühəndis tikinti aparılacaq ərazinin iqlim şəraitindən başlamış qruntuna, geoloji və seysmik vəziyyətinə qədər müfəssəl məlumat hazırlayır. Bu məlumatlar əsasında layihə hazırlanır. Ardınca layihə ekspertiza baş idarəsinə göndərilir. Burada ekspertizadan keçirilib rəy aldıqdan sonra bütün standartlar gözlənilməklə inşa prosesinə başlamaq olar. Tikintinin gedişində isə tikintiyə cavabdehlik daşıyan müvafiq dövlət qurumu işin layihəyə uyğun şəkildə görülməsinə nəzarət edir. Tikinti layihəyə uyğun həyata keçirilməsə, dayandırılmalıdır. Tikinti başa çatdıqdan sonra isə çoxsaylı dövlət qurumlarından ibarət müvafiq komissiya onu qəbul edir. Tikinti qəbul edilib istismara verilirsə, deməli, proses norma və prinsiplərə uyğun şəkildə başa çatdırılıb”.

Professor söyləyib ki, binalar yanaşı olduqda deformasiya tikilişi sayılan bir neçə santimetrlik ölçülərlə tikili ayrıla bilər: “Yəni onlar arasında bir neçə santimetrlik məsafə saxlanıla bilər. Bu ölçü binanın təbii fəlakət nəticəsində yerdəyişməsinin mümkün hesablamalarına uyğun olaraq saxlanılır. Elə edilməlidir ki, zəlzələ zamanı binalar silkələnəndə, hərəkət edəndə bir-birinə toxunmasın. Amma bu o demək deyil ki, binanı digər binanın tam qarşısında inşa edib sakinlərə diskomfort yaradasan, gün işığının qarşısını kəsəsən, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyəsən, insanların, avtomobillərin sərbəst hərəkətini məhdudlaşdırasan və sair”.

Azərbaycan 8-9 ballıq tikinti zonasıdır

L.Zeynalov vurğulayıb ki, Azərbaycanın bütün əraziləri 8-9 ballıq tikinti zonasıdır: “Bakı 8 ballıq zonadır və bütün tikililər bu göstəriciyə uyğun olaraq layihələndirilir. Lakin 8 bal bugünkü işlər üçün yetərli deyil. Müəyyən müddətdən bir geoloji axtarışlar aparılır, yer quruluşu öyrənilir, buna uyğun olaraq yeni standartlar müəyyən edilir. 8 ballıq şkalanın qumun və ya daşın üzərində olması da fərqliliklər yaradır. Bunun seysmoloji olaraq nəzərə alınması qaydaları var. Seysmikanın səviyyəsi deyilən məfhum var. Bu, balın, yəni zəlzələnin fərqli ölçü vahididir. Azərbaycanda tikililər 2010-cu ilə qədər 8 ballıq norma və standartlara uyğun şəkildə həyata keçirilib. 2010-cu ildən sonra bu standartlar yenilənib, dəyişib. Buna səbəb hər dəfə baş verən zəlzələdən sonra elmi araşdırmaların aparılması və bu araşdırmalara uyğun olaraq yeni qaydaların müəyyən edilməsidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir