Cəmiyyət

“İrəvandan köçərkən ermənilər “türklər gedirlər, onların yüklərini yandıraq” deyiblər” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

1987-ci ildən Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri geniş vüsət almağa başlamışdı. 1988-ci ildə isə Ermənistanda azərbaycanlılar yaşadıqları ərazilərdən dördüncü, yəni sonuncu dəfə qovuldular. Beləliklə, Qərbi Azərbaycandan (Ermənistan adlandırılan yerdən) 250 min azərbaycanlı öz ata-baba yurdlarından qaçqın düşdü.

“Report”un əməkdaşı mövzu ilə əlaqədar Qərbi azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı Dilqəm Əhmədlə söhbət edib. Müsahibəni təqdim edirik:

– Əslən Qərbi azərbaycanlısınız. Hansı bölgədənsiniz? Bakıya hansı şəraitdə köçmüsünüz?

– 1985-ci ildə İrəvan şəhərinin Zəngibasar mahalının Zəngilər kəndində doğulmuşam. Məlum deportasiya zamanı ailəmiz 1988-ci ilin oktyabr ayında Sumqayıta gəlməyə məcbur olub, daha sonra isə Bakıya köçmüşük. Atam, anam, eləcə də babalarım Zəngibasar mahalında doğulublar. Yəni köklü şəkildə bu bölgənin sakinləri olmuşuq. Atam oradan köçə məcbur edildiyi zaman 28 yaşı olmasına baxmayaraq, kəndimizdəki hər cığırı, hər divarı – bir sözlə, hər künc-bucağı bugünkü kimi xatırlayır. İnsanın uşaqlıq və gənclik illərini keçirdiyi ata-baba yurdunu unutması mümkün deyil. Ailəmiz ötən illər ərzində həmişə yurd həsrəti ilə yaşadı. Yaşlı insanların çoxu isə qaçqın düşdükdən sonra uzun ömür yaşaya bilmədi. Məsələn, mənim babam deportasiyadan iki il sonra vəfat etdi. Biz indiki Ermənistan ərazisindən qovulan sonuncu türklər olduq. Ermənilər özlərini dünyaya humanist xalq kimi göstərməyə çalışsalar da, faktiki olaraq Ermənistan monoetnik dövlətdir.

– Ailənizin Qərbi Azərbaycandakı evi fiziki olaraq qalırmı? “Google Maps”la baxırsınızmı?

– İllər əvvəl “Google Maps” proqramı istifadəyə veriləndə atamla birgə evimizi tapdıq. Atam deportasiya zamanı başımıza gələn, eyni zamanda erməni xislətini açıq-aşkar göstərən bir hadisəni bu zaman bizə danışdı. Belə ki, İrəvandan köçərkən ermənilər “türklər gedirlər, gəlin onların yüklərini yandıraq” deyə qışqırıblar.

Atam qondarma erməni soyqırımının anım günü keçirilən zaman şəhərə getməyin bizim üçün təhlükəli olduğunu da tez-tez xatırlayardı. Bir sözlə, biz erməni təhdidini hər zaman hiss etmişik.

– Qərbi Azərbaycan İcması ictimaiyyəti Qayıdış Konsepsiyasının layihəsinə dair təkliflərini təqdim etməyə çağırıb. Sizin hansısa təklifiniz olacaq?

– Mən məsələyə bir tarixçi kimi də yanaşmaq istəyirəm. 1827-ci ildə İrəvan xanlığı işğal edildi və bir il sonra İrandan, Anadoludan bu bölgəyə kütləvi şəkildə ermənilərin axını oldu. Çar Rusiyası faktiki İrəvan xanlığının yerində erməni vilayəti yaratdı və tədricən İrəvan bölgəsi erməniləşdirilməyə başlandı. Mənim şəxsi arxivlərimdə və digər bir çox tarixi şəkillərdə İrəvanda xeyli sayda məscidin olması əksini tapıb. Yəni İrəvan həmişə müsəlman-türk şəhəri olub. Bu baxımdan hesab edirəm ki, 1827-ci ildən 1988-ci ilə qədər orada yaşayan azərbaycanlıların deportasiyası, soyqırımına məruz qalması faktlarının silsilə şəklində araşdırılmasını və İrəvan bölgəsi ilə əlaqədar çalışan tarixçilərin təşkilatının yaradılmasını təklif edəcəyəm.

Digər bir təklifim isə insanların Qərbi Azərbaycan barədə daha çox maarifləndirilməsinə çalışmaqdır. Məsələn, bura hansı ərazilərin daxil olduğu, oradakı tarixi abidələrimiz barədə soydaşlarımızı maarifləndirmək lazımdır. Əcnəbi bir fotoqraf İrəvanda dağıdılmış Ağadədə məzarlığının şəklini çəkmişdi. Həmin məzarlığı görəndə çox məyus oldum. Həmin məzarlardan biri də mənim qohumuma aid idi. Əslində bu, bizim üçün yeni məsələ deyildi. Ermənilərin məzarları dağıtması faktlarını Qarabağda da görmüşük.

– Qərbi Azərbaycan İcması Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın təşkilatlanmasında necə rol oynaya bilər?

– Bu, həssas məsələdir. Prezident İlham Əliyevin doğum günündə Qərbi Azərbaycan İcmasını ziyarət etməsindən sonra icmanın nüfuzunun artdığını düşünürəm. Həmin ziyarətdən sonra icmanın xeyli aktivləşdiyinin də şahidi olduq. Düşünürəm ki, bizim bir icmada birləşməyimiz çox önəmlidir. Qərbi Azərbaycandan köç etmiş insanların siyahıya alınma məsələsi öz həllini tapmalıdır. Eyni zamanda Qərbi azərbaycanlıların televiziya kanalları, mətbuat orqanları olmalı, kitab nəşrlərinə dövlət mümkün qədər dəstək verməlidir. Arxiv sənədlərindən istifadə etməklə keyfiyyətli sənədli filmlər çəkilməlidir. Ümumiyyətlə, təşkilatlanmamız baxımından icma bir çox mənada mühüm rol oynaya bilər.

– Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına qayıda bilmələri üçün hansı işlər görülə bilər?

– Sovet dövründə azərbaycanlılar kompakt şəkildə yaşayıblar, eləcə də ermənilər. Fikrimcə, əvvəlcə istər Göyçə, istərsə də digər ərazilərdə sırf azərbaycanlılardan ibarət icma yaradılmalıdır. Bu yolla Qərbi azərbaycanlılar tədricən öz ata-baba torpaqlarına qayıda bilərlər. Qarabağdakı bir sıra problemlər tam şəkildə öz həllini tapdıqdan sonra dövlət gecikmədən bu məsələ ilə əlaqədar da addımlar atmalıdır.

– Azərbaycanlıların Qərbi Azərbaycandan qovulmasının sübutu üçün hansı tarixi mənbələri, məqamları qabartmaq lazımdır?

– Nə 1988-ci il, nə də 1948-1953-cü illər uzaq tarix deyil. Hətta bu tarixlərlə bağlı xeyli kitablar da yazılıb. Verilən qərarlar, sənədlər istər Rusiya, istərsə də Azərbaycanın dövlət arxivlərində qalmaqdadır. İrəvan şəhərinin Cümhuriyyət dönəmində Ermənistana güzəştə gedilməsi ilə bağlı Azərbaycan Milli Şurasının rəsmi sənədi var. Həmçinin Osmanlı arxivlərində məsələ ilə əlaqədar bir çox sənədlər mövcuddur. Eyni zamanda, XIX əsrin sonlarında Çar Rusiyası tərəfindən əhalinin siyahı alınması zamanı açıq şəkildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların sayının kifayət qədər çox olduğunu görürük.

– Həmin hadisələri dünya ictimaiyyəti qarşısında sübut etmək üçün daha hansı istiqamətləri seçmək olar?

– Əslində, ermənilərin tək uğuru onların diasporu idi. Lakin Vətən müharibəsində ermənilər geri çəkildikcə diasporun da səsi azalmağa başladı. Deməli, biz, sadəcə olaraq, onları gözümüzdə çox böyütmüşük. Həmin ərəfədə ölkəmizdə sosial media təhlükəsizlik məsələlərinə görə məhdudlaşdırılsa da, gənclərimiz yenə də layiqincə ermənilərin cavabını verir, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdılar. Qərbdə bir sıra xalqlar məsələyə müsəlman-xristian kontekstindən yanaşırdılar. Lakin dövlətlər üçün bu keçərli deyil, onların öz maraqları var. Fransa da Ermənistan vasitəsilə bölgəyə gəlmək marağındadır. Azərbaycan strateji mövqedə yerləşən ölkədir və Zəngəzur dəhlizi açıldıqdan sonra buraya olan maraq daha da artacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir