Cəmiyyət

Kredit faizlərinin artmasını tətikləyən daha bir risk: “Geriyə addım atmaq düzgün olmaz” – RƏY + FOTO

Sharing is caring!

Hazırda Azərbaycanda əhalinin banklarda 11,5 milyard əmanəti və 20,2 milyard isə kredit borcu var. Daha dəqiq qeyd etmək lazımdırsa, Mərkəzi Bankın bir neçə gün öncə yaydığı məlumata görə, banklardakı əmanətlərin məbləği il ərzində 28 faiz artaraq 2022-ci il dekabrın 1-də 11 milyard 588,6 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən həmin əmanətlərin 61,1 faizinin milli, 38,9 faizinin isə xarici valyutada qoyulduğu bildirilib.

Kredit borclarına gəldikdə isə, 2022-ci il dekabrın 1-də ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli 20 218,7 milyon manat olub. Bu kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Rəqəmlərdən də bəlli olduğu kimi, banklardakı əmanətlər kredit borclarının təxminən yarısını təşkil edib.

Xatırlatmaq yerinə düşər ki, yanvar ayının əvvəllərində Mərkəzi Bankın qərarı ilə məcburi ehtiyat norması depozitlər üzrə milli valyutada dörd faizdən beş faizə, xarici valyutada isə beş faizdən altı faizə qaldırıldı. Yəni bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı olduqları məcburi ehtiyat faizi artırıldı. Digər sözlə desək, bank sisteminin kredit vermək qabiliyyəti müəyyən qədər məhdudlaşdı.

Bank sektorunda digər bir gündəmdə olan məqam isə odur ki, növbəti aydan əhalinin banklardakı depozit gəlirlərinin vergiyə cəlb edilmə ehtimalı var. Çünki Azərbaycanda yerli bankların və xarici bankların buradakı filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədikləri illik faiz gəlirləri 2016-cı il fevralın 1-də məhz yeddi il müddətinə vergidən azad edilmişdi. 2015-ci ildə baş verən devalvasiyaya görə tətbiq edilmiş bu güzəştin müddəti altı gün sonra başa çatır. 

Nəticədə, bir tərəfdən, bankların məcburi ehtiyat faizlərinin artırılması, digər tərəfdən, əhalinin əmanətlərinə görə ödənilən gəlirləri vergidən azad edən qərarın qüvvədən düşəcək olması kredit faizlərinin yenidən artacağı qorxusunu yaradır. 

Mövcud durumu Oxu.Az-a şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin üzvü, iqtisadçı Elçin Rəşidov qeyd edib ki, bankların üzərində qoyulan tələbin artması birbaşa bankların xərcini artırır:

“Depozitlər üzrə banklar məcburi ehtiyat norması yaratmalıdır. Çünki banklar depozit cəlb etdikcə risk mənbəyinə çevrilirlər və yaradılan məcburi ehtiyat norması sabah bank üçün hər hansı problem olarsa, o problemi nisbətən önləməyə xidmət edir. Belə bir məcburi ehtiyat normasının artırılması bankların riskini azaldır, amma bütün risk qarşılayıcı tədbirlər kimi, bu tədbir də əlavə xərc tələb edir. Beləliklə, bankların təqdim etdiyi xidmətlərin maya dəyərini artırır”.

İqtisadçı hesab edir ki, hazırkı şəraitdə buna qətiyyən ehtiyac yoxdur:

“Əvvəla, ona görə ki, bankların ümumi verdikləri kreditlərin həcmi bankların cəlb etdiyi əmanətlərdən iki dəfə yüksəkdir. Bu səbəbdən banklar o qədər də risk daşıyıcısı deyillər, çünki kredit veriblər.

Mərkəzi Bank məcburi ehtiyat normasını artırmaq yerinə, aktiv nəzarəti gücləndirməklə bu məsələni daha effektiv həll edə bilərdi. Çünki hazırda olan məcburi ehtiyat norması mövcud riskləri qarşılamağa artıqlaması ilə bəs edir”. 

Müsahibimizin sözlərinə görə, kredit faizlərinin artmasına depozit faizlərinin yüksək olması birbaşa təsir göstərmir: 

“Biz iqtisadçıların belə bir yanlış mühakiməsi mövcuddur ki, depozit faizləri artan kimi dərhal kredit qiymətləri də artacaq. Amma əslində, belə deyil, depozit və kredit üçün ayrı-ayrı bazarlar var. Olub ki, Azərbaycanda əmanət faizləri çox aşağı olduğu dövrdə kredit faizləri çox yüksək olub. Məsələn, əməliyyatları o vaxt bank beş faizlə cəlb edirdi, kreditləri isə 20 faizdən yuxarı verirdi. Bizim bankın belə şanlı periodu olub. Bu da onu göstərir ki, kreditlə depozit arasında birbaşa əlaqə yoxdur. Kredit bazarı özünün ayrıca olaraq tələb-təklifindən formalaşır. Bankların üzərinə əlavə yük gətirən məqamlar azalanda depozitlərin həcmi artır. Bank depozitlərə çox faiz verdikcə, əhali əmanətlərini banklara yerləşdirməyə daha çox meyil edir. Yəni bankların üzərindən yükün götürülməsi sektorun xeyrinədir”.

Ekspert bu cür tədbirlərin faiz dərəcələrini aşağı saldığını diqqətə çatdırıb:

“Faiz dərəcəsi elə depozitin qiyməti deməkdir. Depozitin qiyməti artanda kreditin qiyməti düşür. Çünki bankların əlində çoxlu pul artıqlığı əmələ gəlir və onlar həmin puldan daha səmərəli istifadə etmək üçün bir-biri ilə rəqabətə girib pulu daha aşağı faizlə bazara buraxırlar. Hazırda isə depozit qıtlığı var, kreditlərin həcmi depozit həcmindən iki dəfə çoxdur. Uzun müddət kredit faizləri azaldılmaq əvəzinə qaldırılıb. Depozit faizi salınmaqla depozitlərin həcmi də azalıb. Nəticədə bankların əlində kredit vermək üçün olan pulun miqdarı azalıb, bununla da kreditin qiyməti artıb. Kredit qiymətinin artması isə həm istehlakçılara, həm də biznes kreditləri götürənlərə böyük ziyan vurur. Çoxlu biznes layihələri ya icra olunmur, ya da zərərlə icra olunur”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə vurğulayıb ki, depozitdən gələn gəlirin vergiyə cəlb edilməsi həmin depozitlərin azalmasına gətirib çıxaracaq:

“Ötən il ikirəqəmli inflyasiya qeydə alındı. Əslində, bu cür inflyasiya qeydə alındıqda hökumət humanitar siyasətdə dövriyyədə pul kütləsinin azalmasına yönələn addımlar atır. Məsələn, ötən il ərzində ABŞ Federal Ehtiyatlar Bürosu (FED) səkkiz dəfə uçot dərəcəsini yüksəltdi. Çünki bu, dövriyyənin azalmasına xidmət edir və inflyasiyanı cilovlama alətidir. Azərbaycan hökuməti isə uçot dərəcələrindən o qədər də işlək mexanizm kimi istifadə etmir. Bu səbəbdən də yəqin ki, kredit mənbələrinin məhdudlaşdırılması hesabına pul kütləsini bir qədər azaltmaqla inflyasiya artımının qarşısını almağa cəhd göstərir. Kənardan baxanda bu, normal görünür. Amma məsələ burasındadır ki, Azərbaycan iqtisadiyyatının ciddi problemləri var, ona görə də nəzəri baxımdan normal görünən bir maliyyə tədbiri ciddi fəsadlara gətirib çıxara bilir”.

Həmsöhbətimiz bildirib ki, Azərbaycanda əldə edilən kreditlərin təxminən 50 faizinin əmanətlərdən formalaşması kredit bazarında qıtlıq yaradacaq:

“Təklifi azaldacaq, əmanətçilər artıq gəlirlərindən vergi verməyə başlayanda bəziləri bu əmanətləri başqa istiqamətə yönəldəcəklər. Digər bir tərəfdən də əmanətlərin azalması işlək kapitalın, əsas vəsaitlərin artmasına yardım edir. Burada sual ortaya çıxır ki, bəs hökumət təklifin azalması səbəbi ilə kreditlərin bahalaşmasının qarşısını necə ala bilər? Fikrimcə, yenidən geriyə addım atmaq da bir qədər zaman tələb edir. Ona görə də hökumət atdığı addımın fəsadlarını aradan qaldırmaq üçün bəzi rıçaqlardan istifadə edə bilər. Məsələn, ötən il neftin qiyməti artıb. Dövlət Neft Fondunun aktivləri on faiz artıb, Mərkəzi Bankın ehtiyatları da bir qədər artıb. Hesab edirəm ki, gələcəkdə depozitlərin azalması fonunda hökumət kommersiya banklarına daha çox donorluq edib kredit təyinatı məqsədi ilə daha çox pul verməlidir. Bu şəkildə problemi aradan qaldıra bilərlər. Amma fəsadların aradan qaldırılması üçün yenidən geriyə addım atmaq düzgün yanaşma olmaz”.

Akif Nəsirli söyləyib ki, banklara kommersiya kreditləri verməklə kredit faizlərinin əvvəlkindən də aşağı düşməsini təmin etmək olar:

“Hökumətin kommersiya banklarına donor paketini artırmasına adi halda da ehtiyac vardı. Əvvəlki illərdə də kredit faizlərini aşağı salmaq üçün biz təklif edirdik ki, hökumət kommersiya banklarına uzunmüddətli kreditlər verməli, donorluq etməlidir. Həm də xaricdən kommersiya banklarının uzunmüddətli kreditlər almasına qanunvericiliklə şərait yaratmalıdır. Kredit bazarını bu cür tənzimləmək mümkündür. İndi də o mexanizm işləkdir”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir