Cəmiyyət

Tələbə Gənclər Təşkilatları 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirib – FOTO

Sharing is caring!

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 16-20 yanvar tarixlərində “Azadlıq salnaməsi” həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib.

ATGTİ-dan verilən məlumata görə, həyata keçirilən layihələr, yürüşlər, konfranslar və digər tədbirlər fonunda tələbə gənclər milli məfkurəmizin azadlıq istəyinin oyanışının bariz nümunəsi olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

“ON1000” və “Hədəf 10%” proqramları çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı TGT-lər tərəfindən həftə ərzində bir sıra layihələr həyata keçirilib.

Belə ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialı, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Bakı Texniki Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər Universiteti və 1 nömrəli Bakı baza Tibb Kolleci kimi təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları tərəfindən “Qanlı Yanvar” adlı rəsm sərgisi,  “20 Yanvar – Qan Yaddaşımız”,  “Günəşin Doğmadığı Gün”, “Silinməyən Qan Yaddaşımız”, “Unutmadıq, Unutdurmarıq!” və “20 Yanvar-Qan yaddaşımızdır” adlı konfranslar və dəyirmi masalar keçirilib, Bakı və regionlarda olan Şəhidlər Xiyabanları ziyarət edilib.

“ÇƏTİR” proqramı çərçivəsində isə Vətənpərvərlik və Kitab klubları şəbəkələri tərəfindən milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş Qanlı Yanvar hadisəsi ilə bağlı olaraq müxtəlif istiqamətli tədbirlər baş tutub. Məqsəd 20 yanvar faciəsi ilə bağlı həqiqətlərin tələbə gənclərə aşılanması və vətənpərvər ruhun yüksəldilməsi olub.

Bununla yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə paytaxt Bakıda aparıcı gənclər təşkilatlarının nümayəndələri, TGT fəalları və tələbələrin iştirakı ilə Şəhidlər Xiyabanına kütləvi yürüş təşkil edilib.

Təşkil olunan silsilə tədbirlər öz suverenliyi uğrunda savaşmaq əzmini cəsarətlə nümayiş etdirən Vətənin qəhrəman oğul və qızlarının illər keçsə də daim tələbə gənclərin qəlbində yaşadığını, hər zaman ehtiram və qürur hissi ilə anıldığını bir daha sübut edir. Bu gün Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səlnaməsi kimi yazılan 20 Yanvar faciəsindən sonra ölkə gənclərinin də əsas amalına çevrilmiş müstəqillik ideyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşmiş vətənpərvər ruhlu gənclər sayəsində reallığa çevrilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir