Cəmiyyət

Təhlükəsizlik kəməri taxmayan sərnişinlərin NƏZƏRİNƏ: Qaydalar tək sürücülərə aid deyil – AÇIQLAMA + FOTO

Sharing is caring!

Ötən illərlə müqayisədə bu ilin gəlişi daha çox yol-nəqliyyat hadisələri ilə yadda qaldı. Təəssüf ki, ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisələri baş verdi ki, zərərçəkənlərin böyük əksəriyyəti sərnişinlər oldular.

Belə ki, son vaxtlar yol-nəqliyyat hadisələrində xüsusilə avtomobilin arxa oturacaqlarında əyləşən sərnişinlər arasında ölüm faktları artıb. Sərnişinin ağır xəsarət almasına səbəb isə təhlükəsizlik kəmərindən istifadə etməməsidir.

Bəs nə üçün “Yol hərəkəti haqqında” qanunun təhlükəsizlik kəmərindən istifadə ilə bağlı ciddi tələb və cərimə məsuliyyəti yalnız sürücülər üçün keçərlidir? Avtomobildəki digər sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə edib-etməməsi nə üçün yoxlanılmır və cərimə tətbiq edilmir?

Məsələ ilə bağlı Oxu.Az-ın sualını cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, avtomobillər təhlükəsizlik kəmərləri ilə təchiz edilibsə, bundan təyinatına uyğun istifadə edilməlidir:

“Sovet dövründə istehsal edilən, çox az sayda olan bir qrup nəqliyyat vasitəsi istisna olmaqla, bu gün istismarda olan demək olar bütün nəqliyyat vasitələri təhlükəsizlik kəməri ilə təchiz edilib. Lakin nəqliyyat vasitəsində sərnişin qismində əyləşən şəxslərin təhlükəsizlik kəmərlərindən istifadəsi öz məsuliyyətindədir. “Yol hərəkəti haqqında” qanunda sərnişinlərin də hüquq və vəzifələri var. Hətta İXM-nin 338-ci maddəsinin 3-cü bəndinə əsasən, (338.3. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə) həmin şəxslərə 30 manat məbləğində cərimə tətbiq edilir. Təhlükəsizlik kəmərindən düzgün istifadə etməyən sürücülər isə 40 manat məbləğində cərimə olunurlar.

Polis nəqliyyat vasitəni əsasən sürücü qaydanı pozarkən saxlayır. Salonda əyləşən sərnişini isə təhlükəsizlik kəməri taxmadığı üçün cərimə tətbiq etmək olar. Bu vacib qaydalara sərnişinlər və sürücülər cəriməyə görə yox, fərdi təhlükəsizlikləri üçün əməl etməlidirlər. 

Bu gün cəmiyyətimizdə ən böyük problemimiz də elə budur. Hərəkət iştirakçıları şüurlu seçimi yox, məsələnin həllini cərimə tətbiq etməkdə görürlər, bu, yaxşı halı deyil. DİN hər zaman məsələləri şüurlu seçimə yönəldir, lakin qanunun aliliyi prinsipini təmin etmək də bizim borcumuzdur. Qaydalar pozulmamamlıdır ki, hamı təhlükəsiz və rahat yaşasın. Tətbiq edilən heç bir cərimə insanın canından, həyatından önəmli deyil. İllərdir aparılan təbliğatların nəticəsi olaraq son zamanlar sürücülər arasında təhlükəsizlik kəmərindən təyinatı üzrə istifadə etmələrinə nail olmuşuq. Bunu hər kəs özü dərk etməlidir.

Sözün düzü mən nəqliyyat vasitəsində arxa oturacaqlarda əyləşən sərnişinlərə təhlükəsizlik kəmərindən düzgün istifadə etmədiklərinə görə cərimə tətbiq edilməsinin çox şahidi olmamışam”.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I bəndinin 6-cı hissəsində qeyd edilir ki, mexaniki nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli, motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir.

Əlavə olaraq istisna hal kimi 12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verildiyi qeyd edilir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir