Cəmiyyət

Şahin Rəhmanlı: “Azərbaycanın gəncliyinə və gələcəyinə məşəl olan 20 Yanvar şəhidlərini yad etmək borcumuzdur”

Sharing is caring!

“20 Yanvar faciəsindən 33 il keçir. Biz müstəqilliyimizin bərpasının növbəti – 32-ci ilinin astanasında şəhidlərimizi sayğı ilə anırıq”. 

Bunu “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib.

O qeyd edib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıda və digər şəhərlərimizdə yüzlərlə həmvətənimizi amansız şəkildə qətlə yetirib: 

“Həmin dövrdə SSRİ rəhbərliyinin təşkil etdiyi informasiya blokadası Azərbaycanda faciəni daha da dərinləşdirmişdi. Əlavə olaraq, qərb ölkələrindəki erməni diasporu da hadisələri qərəzli şəkildə qələmə verirdi. Sovet ordusunun sərt müdaxiləsi Azərbaycan xalqında böyük əks-səda doğurdu. Bu, sıxışdırılmaya etiraz edən azərbaycanlıları cəzalandırmaqla yanaşı, həm də artan millətçi hərəkatları və müstəqilliyə cəhd edə biləcək istənilən sovet respublikası üçün dərs idi.  Lakin bu taktika digər sovet respublikalarında olduğu kimi, Azərbaycanda da millətçilik hərəkatını və müstəqillik tələbini söndürmədi, əksinə, alovlandırdı. Azərbaycan xalqının Sovet hakimiyyətini kütləvi şəkildə rədd etməsinə səbəb oldu və Sovet İttifaqının dağılmasını sürətləndirdi. Vətənimizin şərəf və qürurunu qoruyan, şücaət və qəhrəmanlıq abidəsi olan həmvətənlərimizin qanı axıdıldı.

Biz 20 yanvar günü 147 şəhid verdik, yaralılarımızın sayı isə 700-dən çox idi. Burada xüsusi qeyd etmək lazımdır ki, vəziyyətin ağır olduğu o günlər ümummilli lider Heydər Əliyev SSRİ xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında olmasına, özü və ailə üzvlərinin həyatına ciddi təhlükələrə baxmayaraq, 1990-cı ilin yanvar ayının 21-də Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinin binasında sovet və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirdi və Bakıdakı qırğın haqqında informasiya blokadasını yaran ilk şəxs oldu. O həm də erməni propaqandasını fiaskoya uğratdı. Bu hadisə onu və ailə üzvlərini hansı təhlükələrin gözlədiyini aydın dərk edən, ölkəsi və xalqının taleyini özünün həyatından üstün tutan əsl siyasi liderin göstərdiyi böyük cəsarət örnəyidir. O bunu canından çox sevdiyi Azərbaycan, onun müstəqilliyi, gələcəyi və gələcəyinin sütunu olan gənclər üçün etmişdi.

İndiki gənclər 20 Yanvar faciəsinin canlı şahidi olmayıblar, lakin dövlət gənclər siyasətinin müddəalarına uyğun hər il ardıcıl keçirilən tədbirlər, kütləvi informasiya vasitələrində yayımlanan məlumatlar, valideynlərin öz övladlarına hadisələri nəql etməsi sayəsində onlar qan yaddaşımıza həkk olunmuş hadisənin mahiyyətini dərk edirlər. Bu gün müstəqilliyimizin bir hədiyyə olmadığını, onun daim qorunub-saxlanılmasının vacibliyini gənclərimiz çox yaxşı bilirlər. Elə bunun nəticəsi idi ki, 44 günlük müharibədə əsası gənclərdən təşkil olunan ordumuzun hər bir üzvü şəhidlərimizdən ilham alaraq şəhadətə yüyürdü – qorxmadan, çəkinmədən. 30 il sonra 2020-ci ildə Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız bu möhtəşəm qələbə 20 Yanvar faciəsinin açdığı yaraya da məlhəm oldu. Bu gün hər zaman olduğundan daha çox Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və milli qürurumuz xalqımız, xüsusilə də gənclərimiz üçün hər şeydən daha vacibdir. Biz bütün bu dəyərlərin qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi üçün and içmiş gənclərik. Ona görə də bu gün gənclərimiz ölkəmizin müstəqilliyinə qarşı yarana biləcək istənilən təhlükəyə  qarşı hazırlıqlıdırlar və güclü siyasi liderin ətrafında birləşiblər. Bu gənclik gələcəyə ümidlə, inamla baxmaqla yanaşı, keçmişini də unutmur. Azərbaycanın gəncliyinə və gələcəyinə, vətənpərvərlik eşqinə və qəhrəmanlıq tarixinə məşəl olan 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək, onları xatırlamaq hər birimizin borcudur.

Şübhə yoxdur ki, 20 Yanvar xalqımızın müstəqillik sevdasını alovlandıraraq bu yolda daha da inamla addımlamaq üçün bizə rəvac verdi. Bu gün biz gənclər Vətənini, millətini sevən, azadlığına düşkün həmvətənlərimizə, şəhidlərimizə heyranlığımızı gizlədə bilmirik. Mübarizə etdiyiniz üçün, həsrətində olduğumuz azadlıq və yaşatdığınız qürur üçün sizə təşəkkür edirəm. Azərbaycan, xalqımız və gəncliyimiz var olduqca siz hər zaman xatırlanacaqsınız. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir