Cəmiyyət

Vətən müharibəsi iştirakçısının anası: “Oğlum qollarımda can verdi, xilas edə bilmədim” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

Bir ailə düşünün ki, Vətən müharibəsində çiyin-çiyinə xidmət edən. Bu dəfə ata, oğul, qardaş deyil, ana və oğuldan danışacağam…

Oğlu Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Vətən müharibəsində iştirak edərkən, anası da müharibədə yaralanan minlərlə oğullara loğman oldu.

Təəssüf ki, dekabrın 31-də igid oğullarımızdan birini – Tahirov Mirdavud Asəm oğlunu da itirdik. Uzun müalicələr Vətən müharibəsi iştirakçısını həyatda saxlamağa kifayət etmədi. Mirdavud Tahirovun anası Vüsalə Tahirova da müharibə dövründə tibb bacısı kimi iştirak edib.

Oxu.Az-ın əməkdaşı vəfat edən müharibə iştirakçısı Mirdavud Tahirovun anası Vüsalə Tahirova ilə həmsöhbət olub:

– Vüsalə xanım, 44 günlük Vətən müharibəsi başlayandan yaralılara kömək edirdiniz, yoxsa necə?

– Mən cərrahiyyə şöbəsində tibb bacısı kimi çalışırdım. Müharibə dövründə bizi Beyləqana apardılar. Orada yaralılara kömək edirdik. Yaralıların xəstəxana və xüsusilə də cərrahiyyə, reanimasiya şöbəsində çalışan tibb işçilərinə ehtiyacı var idi.

– Paralel olaraq oğlunuz da müharibədə iştirak edirdi. Oğlunuzla əlaqə yarada bilirdinizmi?

– Xeyr. Oğlum Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. O, heç vaxt hərbi xidmətdə baş verənlər barədə danışmazdı. Nə qədər sual versəm də, mənə hər şeyin yaxşı olduğunu deyib söhbəti bağlayırdı. Mən Beyləqanda yaralılara kömək edəndə oğlum və komandiri olduğu dəstə hələ Beyləqana gətirilməmişdir. Yaralılar gəldikcə onların hər birinə öz oğlum kimi yanaşırdım. Yaralarını sarıyırdıq. Amma orda olduğum müddətdə oğlum yaralı olaraq gəlməmişdi.

Heç əlaqə yarada bilmirdik, vaxtımız olmurdu. Şükür Allaha baxdığımız yaralı əsgərlər, zabitlər həkimlərin, tibb bacılarının sayəsində həyata qayıtdılar.

– Mirdavud özü də yaralanmışdı…Onu da siz müalicə etdiniz?

– Mirdavud ayağından güllə yarası almışdı. Amma xidmətini davam etdirdi. Müharibənin sonunda o da digər müharibə iştirakçıları kimi kontuziya almışdı. Psixoloji vəziyyəti çox yaxşı deyildi, əsəbi olmuşdu. Xidmətdən tərxis olunmaq istəmirdi.

Mirdavud neytral ərazidən neçə əsgərini, dostunu xilas etmişdi. Heç vaxt özü danışmazdı, amma əsgər yoldaşları, başsağlığına gələnlər mənə danışırlar, təəccübümü gizlədə bilmirəm. Mənim oğlum neçə oğulun həyatını xilas edib, amma bir dəfə də olsun dilinə gətirməyib. XTQ mənsubları kənardan güclü, kobud görünsə də, çox təvazökar insan olurlar. Bunu oğlumun timsalında bir çox zabitlərə şamil etmək olar.

Bir əsgər yoldaşı gəlmişdi, mənə dedi ki, bu gün Mirdavudun sayəsində həyatdadır. Müharibə vaxtı bu əsgərin idarə etdiyi hərbi avtomobil yanıb. İçərisindən çıxa bilməyib. Bu zaman Mirdavud yaxınlıqda olub və maşının partlamasından, ölməkdən ehtiyat etmədən onu yanan maşının içərisindən çıxarıb. Ana kimi bunu eşidəndə oğlumla fəxr edirəm. Hələ nələr-nələr olub bilmədiyim. Hər zabit gəlib bir hadisəni danışır, kövrəlirəm. Onlar arasında yaralı vəziyyətdə tibb məntəqəsində qulluq etdiyim uşaqlar da var.

– Vüsalə xanım, niyə Mirdavud müalicədən imtina edirdi?

– Mənim də içərisində olduğum həkim kollektivi Beyləqandan 2020-ci ilin oktyabrın sonu, noyabr ayının ortalarında qayıtdıq. Oğlum və dəstəsi isə 2021-ci ilin aprelində mənim Beyləqanda xidmət apardığım tibb məntəqəsində olub. Mirdavud evə gələnə qədər yaralandığını demirdi. Xidmətdən tam tərxis olunub evə gəldikdən sonra yalvar-yaxarla müalicə etdirdim. Bir müddət müalicə aldı.

Ayaqlarında döyənək, yaralar, üstəlik ağciyərlərində də problem var idi. İki il müalicə olundu, sonra müalicədən imtina etdi. Özünün xəstələndiyini qəbul etmək istəmirdi. Həmişə deyirdi ki, mən şəhid qardaşlarımın yanına gedəcəyəm. Neçə dostu, yoldaşı gözünün önündə şəhid olmuşdu. Neytral ərazidən dostlarının, əsgərlərinin nəşini çıxarmışdı. Azərbaycan Dövlət Pedaqoji Universitetin Kimya-biologiya fakültəsini bitirmişdir. Əslində həkim olmaq istəyirdi deyə ilkin yardımı bilirdi, tibb sahəsindən məlumatlı idi. Neçə yaralıya yerində müdaxilə edərək həyatlarını xilas etmişdir. Amma özünə məlhəm edə bilmədi oğlum.

– Vüsalə xanım, oğlunuzun son sözü nə oldu?

– Mənim oğlum mərd uşaq idi. Heç vaxt özünü aciz göstərməzdi. Elə ağrıları olurdu ki, gecədən səhərə qədər yatmırdı. Ağciyərlərindəki problem nəfəs almasını ağırlaşdırmışdı. Amma heç vaxt ağrıdığını dilinə gətirmirdi. Dekabrın 31-i bir anda gəldi ki, ana nəfəs ala bilmirəm. Uzandı qucağıma. Tez təcili yardıma məlumat verdim, onlar gələnə qədər də süni tənəffüs, ürək masajı ilə oğluma kömək etməyə çalışdım.

Görürdüm ki, ciyərləri artıq sıradan çıxıb, boğulur. Mirdavud qollarımda boğularaq can verdi, xilas edə bilmədim. Yaralı balalara, əsgərlərə məlhəm oldum, amma öz oğlum əllərimdə can verdi. Heç nə demədi Mirdavud, nəfəs ala bilmədi, boğularaq qollarımda öldü. Məkanı cənnət olsun balamın. İstədiyi oldu, şəhid qardaşlarını tək qoymadı balam…

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir