Cəmiyyət

“Tələsirdim”, “bura daha yaxındır” deyib qayda pozan sürücüləri hansı cəza gözləyir? – AÇIQLAMA + VİDEO

Sharing is caring!

Piyada vurması ilə nəticələnən yol qəzalarının sayı hər il artır. Bunun bir səbəbi də ictimai nəqliyyat, taksi xidməti göstərən sürücülərin sərnişinləri dayanacaqdan kənarda düşürməsidir.

Çoxlarının diqqət etmədiyi bu məqam bir çox bədbəxt hadisələrə səbəb ola bilər. Burada təkcə sürücüləri deyil, sərnişinləri də qeyd etmək lazımdır.

Taksi sürücüləri daha çox məsafə qət etməmək, yanacağa qənaət etmək məqsədilə sərnişinləri piyadalar üçün nəzərdə tutulmayan yerlərdə, yol kənarında və hətta nəqliyyatın intensiv olduğu prospekt kənarlarında da düşürürlər.

Lakin bəzən sərnişinlərin də sürücülərə uyğun olmayan yerlərdə avtomobili saxlamalarına dair tələbləri olur.

Son günlər DYP əməkdaşının nəqliyyatın intensiv olduğu ərazidə sərnişin düşürən sürücüyə reaksiyası sürətlə tirajlanır. Hər kəs DYP əməkdaşının bəlkə də bir qəzanın qarşısını aldığını yazaraq, bu nümunəvi addımı paylaşır.

Bəs bu halda sürücü və sərnişinləri hansı məsuliyyət gözləyir? Qanunvericilikdə bunu tənzimləyən maddə varmı?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, təəssüf ki, hər gün paytaxt yollarında buna bənzər məqamlar baş verir, lakin hər dəfə polis əməkdaşları buna şahid ola bilmir ki, qarşısını alsın:

“Bu hər kəsə nümunə olmalıdır. Biz əbəs yerə demirik ki, “Yol hərəkəti qaydalarına düzgün riayət etmək həyati əhəmiyyət daşıyır. “Tələsirdim”, “gecikirdim”, “bura daha yaxındır, rahatdır” deyə bəhanə edərək qaydaları kobud şəkildə pozmaq hərəkət iştirakçısının həm özü, həm də digərləri üçün risklidir. Xüsusilə qeyd edim ki, Bakıda piyada vurması ilə qeydə alınan qəzaların böyük əksəriyyəti Heydər Əliyev prospektində baş verib. Yolda hərəkət sürəti 90 km/saat nəzərdə tutulub.

Sosial şəbəkədə yayılan həmin video məhz H.Əliyev prospektində qeydə alınıb. Sürücü sərnişini həmin prospektdə orta zolaqda düşürür. Sərnişin də məcburdu 90 km/saat sürətlə hərəkət edən nəqliyyat vasitələrinin arasından qaçaraq yol keçsin. Bu zaman ola biləcək qəza riskini siz düşünün. Bu kifayət qədər təhlükəli vəziyyətdir. Bu günə qədər aparılan maarifləndirici tədbirlər məhz bu cür ehtiyatsız, məsuliyyətsiz davranışlara yol verməmək üçündür.

Bu cür məsuliyyətsiz davranışa yol verənlər barədə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən tədbir görüləcək. Bu kimi hallarda təqsir sərnişində olduğu üçün 30 manat məbləğində cərimə tətbiq edilməlidir. Eyni zamanda sərnişinlərin sürət həddi 80 km/saatdan yuxarı olan yollardan piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçdikləri zaman 40 manat məbləğində, sürət həddi 80 km/saata qədər təyin olunan yollarda isə 20 manat məbləğində cərimə tətbiq olunur”.

Polis mayoru onu da qeyd edib ki, sosial şəbəkədə yayılan videonu insanlar fərqli baxış bucağından şərh edir:

“Bəzi insanlar bunu alqışlayır, bir qəzanın qarşısı alındı deyə şərh edir. Bəziləri isə polisin sərnişini qolundan tutaraq israrla nəqliyyat vasitəsinə geri əyləşmə tələb etməsini qınayır. Sadəcə olaraq bilmək lazımdır ki, orada məqsəd sərnişinin təhlükəsizliyini təmin etmək olub. DYP əməkdaşı o vəziyyətdə çox çevik reaksiya verib və doğru olan addımı atıb. Bir daha bütün hərəkət iştirakçılarına səslənirik ki, həyatınızı riskə atmayın. Həmin sərnişinin yanında polis əməkdaşının olması bir şans idi, lakin polis əməkdaşı hır dəfə buna şahid olmur ki, qarşısını alsın. Hər kəs qaydalara riayət etməli, şəxsi təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir