Cəmiyyət

Enerji istehlak edən məhsulların etiketlənməsi: “Gələcəkdə daha çox tarif təyin etmək istəsələr…” – FOTO

Sharing is caring!

Dekabrın 6-da Baş nazir Əli Əsədov “Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Məlumdur ki, uzun illərdir ölkəyə xaricdən elektrik avadanlıqları gətirilir. Elektrik sobası, ütü, tozsoran, avtomobil və adını saymadığımız onlarla məhsul elektrik istehlak edir. 

Maraqlıdır, indiyədək sözügedən bu məhsullar satışa etiketlənmədən çıxarılıb? Ümumiyyətlə, yeni qərarın məqsədi nədir, qiymət artımına və rüsuma təsir edə bilərmi?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli etiketləmənin texniki standartlaşma ilə əlaqədar məsələ olduğunu, yəni məhsulun üzərində onun nə qədər enerji istehlak etdiyini bildirmək məqsədi daşıdığını bildirib:

“Bu məsələ hazırkı vəziyyətdə məhsulun qiymət artımına və rüsumuna təsir etməyəcək. Amma gələcəkdə, əgər hökumət enerji istehlak edənlərə daha çox tarif təyin etmək haqqında düşünərsə, vəziyyət dəyişə bilər. Hazırda isə qanunvericilikdə belə bir məsələ yoxdur. Bu gün enerjiyə qənaət, ətraf mühitin qorunması, alternativ enerjiyə, “yaşıl” enerjiyə keçid kimi məsələlər dünya ölkələrinin gündəliyindədir. Onlar bunun həm maddi faydasından, həm də cəmiyyət üçün önəmindən söz açaraq insanları enerjiyə qənaətə səsləyirlər. Məhsulun üzərinə enerji istehlakını yazmaqla insanları məlumatlandırırlar. Bu iş maarifləndirmə xarakterlidir. Yəni alıcı bilməlidir ki, əldə etdiyi məhsul nə qədər enerji istehlak edir. Amma indiki halda Azərbaycanda enerji istehlakı çox olan avadanlığa daha çox rüsumun tətbiq edilməsi kimi bir müddəa qanunvericiliyimizdə yoxdur”.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə diqqətə çatdırıb ki, Azərbaycan Respublikası ərazisinə daxil olan istənilən məhsul sertifikatlaşdırılmalı, onun istehsalçısı haqqında müəyyən məlumatlar məhsulun üzərində öz əksini tapmalıdır:

“Yol hərəkəti haqqında” Qanun 1990-cı illərdə qəbul olunub. Həmin vaxt iqtisadi inkişafımız bu prosesə imkan vermirdi. Yəni problem indiki kimi sürətlə həllini tapmırdı. Həmçinin ölkəmizin imkanı bu işlərin həyata keçirilməsi ilə müəyyən dərəcədə ayaqlaşa bilmirdi. Amma indi Azərbaycan müəyyən konvensiyalara qoşulub, xüsusi müasir texniki vasitələrlə təchiz olunub. Üstəlik, bu gün Azərbaycan ərazisindən istifadə edib müəyyən tranzit haqqı ödəməklə xarici şirkətlər nəqliyyat vasitələrini buradan keçirə bilirlər, amma vaxtilə bunu da etmək mümkün deyildi”.

Ekspertin sözlərinə görə, yeni qərarın qiymət artımına səbəb olacağı ağlabatan deyil:

“Düzdür, müəyyən işbazlar tərəfindən sui-istifadə halları ola, qiymət qaldırıla bilər. Amma bilməliyik ki, bu qərar sırf bizim ixrac, tranzit potensialımıza hesablanmış addımdır. Qiymət artımı üçün tutarlı səbəb olmalıdır. Azərbaycanda nəqliyyat vasitələrinin qiymət artımı yalnız mühərrikin həcminə görə baş verə bilər. Yəni mühərrikinin həcminə görə götürülən dövlət rüsumu çox olarsa, onda bu, qiymət artımına gətirib çıxara bilər”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir