Cəmiyyət

Tarixi yaddaşımıza qızıl hərflərlə yazılan hadisə

Sharing is caring!

      2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradı xatirimizdən heç vaxt silinməyəcək. Bu hadisə parlaq şəkildə göstərdi ki, Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir.Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Nəticədə  Vətənə və öz əsgər andına sadiq olan qəhrəman Azərbaycan hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə qələbə qazandırdı, dövlətimiz də onların qədrini həmişə bilmiş, zəhmətlərini layiqincə qiymətləndirmişdir. 

        Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları həmin orden və medallarla təltif edilib və bu proses davam edir. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Şəhid ailələrinə və Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların maddi və məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət daim öz əsgərinin yanında olacaqdır.

      44 günün hər günü şanlı tarixdir. Onun əbədiləşdirilməsinə xidmət edən tədbirlər davam etdirilir.Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılması haqqında Prezident Sərəncamı var. Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olur. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.

 Aynur Məmmədova,

Cəlilabad RMX PHŞ Poliklinka şöbəsinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir