Cəmiyyət

Ağdaşın Qaradeyin kəndinin yolları bərbad vəziyyətə düşüb – FOTO

Sharing is caring!

Ağdaş rayonunun Qaradeyin kəndinin yolları bərbad vəziyyətə düşüb.

Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, kənd yollarının uzun illərdir təmir olunmaması yol infrastrukturunun tamamilə sıradan çıxmasına səbəb olub.

Sakinlər deyirlər ki, gün ərzində yüzlərlə insan kənd yollarından gediş-gəliş üçün istifadə edir. Uzun illər əvvəl yolun asfalt örtüyü ərazidə intensiv hərəkət (ağırtonnajlı maşınların, texnikanın və mal-qaranın) səbəbindən dağılıb. Buna görə də yay aylarında toz-torpaq qalxır, qış aylarında isə keçilməz bataqlığa çevrilir.

Sakinlər bildirirlər ki, yol bərbad vəziyyətə düşdüyünə görə uşaqların məktəblərə gedib-gəlməsi də çətinləşib:

“Asfalt örtüyü istismar müddətini başa vurduğundan yol bu vəziyyətə düşüb. Vaxtında təmir olunsaydı, bu həddə gəlib çatmazdı. Məcbur qalıb, uşaqları məktəbə ya qucağımızda, ya da avtomobillə aparmalı oluruq. Bundan əlavə, yuxarı sinif şagirdləri dərsə gedəndə əllərində ehtiyat ayaqqabı aparırlar və məktəbə çatanda dəyişib siniflərə təmiz və palçıqsız ayaqqabı ilə daxil olurlar”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Report”un yerli bürosuna bildirib ki, Qaradeyin kəndinin yolu daxil olmaqla Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Ovçulu, Ağcaqovaq və Abad kənd avtomobil yolları təmir olunması nəzərdə tutulan yolların siyahısına daxil edilib.

Qeyd olunub ki, maliyyə vəsaiti ayrılan kimi həmin yolların əsaslı şəkildə yenidən qurulması işlərinə start veriləcək.

Bildirilib ki, 11 yaşayış məntəqəsini əhatə edən bu yolların ümumi uzunluğu 44 km-dir.

Xatırladaq ki, Qaradeyin Ağdaşın Eymir bələdiyyəsinə tabe olan dörd ucqar kənddən biridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir