Cəmiyyət

“Torpağı mənə Heydər Əliyev vermişdi, Arif Qasımov əlimdən aldı, evimi də yandırdı” – Şəhid xanımının şok səs yazısı – Nizami rayonunda nə baş verir?

Sharing is caring!

Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun vəzifədə olduğu dövrdə yol verdiyi qanunsuz əməllərlə bağlı mətbuatda silsilə məqalələr dərc olunur. Məqalələrdə diqqət yetirilən məqamlardan biri Arif Qasımovun şəhid ailəsinə məxsus torpaq sahəsini mənimsəməsi və həmin ərazidə yerləşmiş yaşayış evində naməlum səbəblərdən yanğın baş verməsi ilə bağlıdır.

Məlumatlara görə, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 10a ünvanında yerləşən sözügedən ərazidə Arif Qasımov özünə ofis tikdirib və hazırda Bakı şəhərindəki biznes şəbəkəsini məhz həmin binadan idarə edir. 

GundemXeber.Az olaraq məsələnin ciddiliyini və zərərçəkən tərəfin məhz şəhid ailəsi olmasını nəzərə alaraq sözügedən mənimsəmə idddiası ilə bağlı daha dərin və detallı araşdırma aparmaq qərarına gəldik. Ötən yazımızda da bu haqda geniş məlumat verəcəyimizi qeyd etmişdik. 

Beləliklə, bir neçə günlük araşdırmalar nəticəsində müəyyən etdik ki, Arif Qasımov həqiqətən də şəhid ailəsinə məxsus 6 ha əraizini qeyri-qanuni şəkildə mənimsəyib.  Özü də söhbət o torpaq sahəsindən gedir ki, həmin ərazi I Qarabağ müharibəsi şəhidi Abbasov Tofiq Hüseyn oğlunun xanımı, 9 uşaq anası Abbasova Rahilə Ələkbər qızına Ulu Öndər Heydər Əliyevin əvəzi ödənilmədən təqdim edilməsi barədə tapşırığı əsasında verilib. 

Araşdırmalar üzə çıxardı ki, şəhid xanımı Rahilə Abbasova 2000-ci il dekabrın 30-da o vaxtkı “Respublika” Sarasyında keçirilən uşaqların yeni il şənliyi zamanı Prezident Heydər Əliyevə yaxınlaşaraq ona şəxsən ərizə təqdim edib. Bundan bir neçə gün sonra həmin ərizə baxılması üçün baş nazirin müavini Abid Şərifova göndərilir. Ərizənin əlavə olunduğu məktub Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi, Prezidentin köməkçisi Dilarə Seyidzadə tərəfindən imzalanıb və məktubda xüsusi qeyd olunub ki, məsələ ilə bağlı “Prezidentin göstərişi” var. Beləcə proses sürətli xarakter alır və müvafiq qurumların hamısı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 10a ünvanında yerləşən 6 ha ərazinin şəhid xanımı, 9 uşaq anası Rahilə Abbasovanın mülkiyyətinə keçirilməsinə razılıq verirlər(Müvafiq sənədlərin fotoları təqdim olunur – Red).  

Əldə etdiyimiz sənədlər arasında Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı, həmin dönəmlərdə Nizami Bələdiyyəsinin sədri vəzifəsində çalışmış Arif Qasımovun özünün də imzası olan məktublar var. O, 23 iyul 2007-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti Memamrlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi A.Abdullayevə göndərdiyi məktubda sözügedən torpaq sahəsinin şəhid xanımı Rahilə Abbasovanın mülkiyyətinə verilməsinə münasibət bildirilməsini xahiş edir. Bakı Şəhər İcra Hakimiyyəti Memamrlıq və Şəhərsalma Baş İdarəsindən Arif Qasımova göndərilmiş 13.08.2007-ci il tarixli 18/038/5170 nömrəli cavab məktubunda torpaq sahəsinin şəhid xanımının adına müstəsna hal kimi sənədləşdirilməsinə razılıq verilir. Arif Qasımov növbəti məktubu Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə göndərir. Adıçəkilən şöbə də 06.02.2008-ci il tarixli, 05/01-26 nömrəli məktubla 6 ha torpaq sahəsinin şəhid xanımının adına sənədləşdirilməsinə razılığını bildirir. Nəhayət məsələı ilə bağlı Bakı Şəhər Nizami Bələdiyyəsində Arif Qasımovun sədrliyi ilə iclas keçirilir və qərara alınır ki, Nizami rayonu Məmmədəli Şərifli küçəsi 10a ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 6 ha torpaq sahəsi şəhid xanımı Abbasova Rahilə Ələkbər qızının əvəzi ödənilmədən mülkiyyətinə verilsin (Qərarın surətini təqdim edirik – Red). 

Göründüyü kimi, hazırda Arif Qasımovun çoxmərtəbəli ofisi yerləşən ərazinin tam hüquqlu mülkiyyətçisi məhz şəhid xanımı, 9 uşaq anası Rahilə Abbasovadır. Üstəlik Nizami Rayon Məhkəməsinin 20 fevral 2004-cü il tarixli qərarı ilə Rahilə Abbasova və onun övladları sözügedən ünvanda daimi pasport qeydiyyatına alınıblar. Lakin buna baxmayaraq Arif Qasımov icra başçısı olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəhid ailəsinə məxsus torpaq sahəsini ələ keçirməyə mavəffəq olub. Belə ki, şəhid ailəsinə əvvəlcə cüzi miqdarda konpensasiya təklif olunsa da onlar bundan imtina edib. Mübahisə getdiyi günlərdə  şəhid ailəsinin evində qeyri-müəyyən səbəblərdən yanğın baş verib və nəticədə Rahilə Abbasova övladları ilə birgə küçəyə atılıb. R.Abbasova hazırda uşaq baxçalarından birində məskunlaşıb.

 Şəhid xanımı iddia edir ki, onun evi məhz Arif Qasımovun göstərişi ilə yandırılıb. Evindən və torpağından məhrum edilməsinə görə isə ona bu günə qədər konpensasiya ödənilməyib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan (Hazırda YAP Nizami Rayon Təşkilatında qeydiyyatdadır – Red) şəhid xanımı deyir ki, Arif Qasımov və yaxın adamları onu bu günə qədər aldadırlar. 

Qeyd etdiyimiz fakt əslində hüquqi məsuliyyət yaradır. Lakin maraqlıdır ki, Arif Qasımov törətdiyi əmələ görə dövlətin müvafiq qurumları qarşısında ifadə verməyib. Sual olunur: vətəndaşın, üstəlik şəhid ailəsinin evini, torpağını mənimsəmiş vəzifə sahibi nədən bu günə qədər məsuliyyətə cəlb olunmayıb? Şəhid xanımının fəryadını niyə əlaqədar qurumlar eşitmir? 

Ulu Öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə şəhid ailəsinə verilmiş torpaq sahəsini mənimsəyən, şəhid övladlarının yaşadığı evi yandırmaqda ittiham olunan, ələ keçirdiyi ərazidə içində üzgüçülük hovuzu olan ofis tikdirən bir məmur, necə olur ki, əlini-qolunu yelləyərək gəzə bilir?  Arif Qasımov hansı cəsarətlə, kimə güvənərək Ulu Öndərin tapşırığı ilə şəhid ailəsinə verilmiş torpaq sahəsini öz səltənətinə qata bilib? Suallar çoxdur və onlara rəsmi qaydada cavab verilənə qədər məsələni diqqətdə saxlamağa çalışacvağıq. Ümid edirik ki, heç olmasa bundan sonra hüquq-mühafizə orqanları Arif Qasımovun əməllərilə bağlı lazımı araşdırmalar aparacaq və xüsusən şəhid ailəsinin başına açılmış müsibətə görə cavab verməsini tələb edəcəklər. 

Araşdırmalarımız davam edir. Növbəti yazılarda Arif Qasımovun Nizami rayonunda çoxmərtəbəli bina tikintisi ilə məşğul olan şirkətlərin rəhbərlərindən külli miqdarda rüşvət alması, yeni binalardan təzyiq yolu ilə çox sayda mənzillərə sahiblənməsi və sairə kimi hallardan söhbət açacağıq. Bizi izləyin.

Ötən sayımızdakı yazıları da təqdim etdiyimiz linkdən izləyə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir