Cəmiyyət

1985-ci ili yada salmaq vaxtıdır: Modelyer 2023-ün qış dəbini açıqlayır – FOTO

Sharing is caring!

“Azərbaycanlıları o qədər də dəbli hesab etmək olmaz. Lakin əvvəlki illərə nəzər salsaq, irəliləyiş olduğunu görərik”.

Bunu Oxu.Az-a açıqlamasında modelyer-dizayner Şəlalə Maqsudova qarşıdan gələn 2023-cü ilin dəbi haqda danışarkən deyib.

Onun sözlərinə görə, illərə və fəsillərə görə rənglər sıra ilə dəyişilir:

“Artıq payız fəslindəyik. Bu yayın dəbli tonları olan açıq-qırmızı, göy artıq arxa planda qalır. Rənglər tamamilə dəyişilir. Daha çox tünd rənglər – göy, boz, qırmızı rənglərin çalarları aktual olacaq. Ağ ilə qara hər zamankı kimi bütün illərdə, fəsillərdə favorit olaraq qalacaq. Çünki klassik rənglərdir.

Rənglərin dəbdə olmasının xüsusi səbəbi, illərlə uyğunluğu yoxdur. Sadəcə olaraq xaricdə elə modelyerlər var ki, “brend” olaraq həm rəngi, həm parçanı, həm də tərzi ortaya atıblar, hər yeni il üçün dəb müəyyənləşdirirlər. Bir çox modelyerlər bunu izləyir və öz ölkələrində təbliğ edirlər.

Bizim insanlarımızın əksəriyyəti isə tünd rəngli geyimlərə üstünlük verir. Bunun da səbəbləri çoxdur. 2020-ci ildə qışda bəyaz rənglər daha çox dəbə gəldi. Amma biz bəyaz rəngdə geyinən insanlar gördükmü? – Yox. Nə hava şəraiti, nə də vəziyyət buna imkan verir. İnsanlar özlərinə rahat olan rəngdə geyimləri seçirlər. Həmişə demişəm, dəbi izləmək lazımdır. Amma dəb arxasınca qaçmağa ehtiyac yoxdur”.

Ş.Maqsudova qeyd edib ki, iki parçanın sintezindən ibarət geyimlər gələn il daha çox dəbdə olacaq:

“Parçalardan nazik kətanlar, şifonlar yay fəslində qaldı. Keçid isə yun, trikotaj parçalaradır. Dəri geyimlər dəbə minəcək. Ümumiyyətlə, iki parçanın sintezindən ibarət geyimlər daha çox gündəmdə olacaq. Sintez deyəndə, məsələn, yun parça ilə dərinin qarışığından ibarət geyimlər nəzərdə tutulur.

Qış paltolarının biçimi ötənilkindən fərqli olacaq. Ötən il paltolarda bel kəsiklərinə daha çox önəm verilirdisə, bu il bel kəsiksiz, birbaşa biçimli, enli çiyinli, yuxarısı enli, aşağısı dar olan paltolar dəbdə olacaq. 1985-1986-cı illərdə də bu tipli geyimlər dəbdə idi. Heç bir dəb itmir, zamanla qayıdış edir”.

Modelyer idman geyimlərinin heç vaxt dəb olaraq gündəmə gətirilmədiyini deyib:

“İnsanlar öz rahatlıqlarına daha çox önəm verirlər. İdman geyimləri dəb qismində ortalığa atılmır. Rahat olduğundan hər kəsin daha çox önəm verdiyi geyim tipidir”.

Şəlalə Maqsudova əlavə edib ki, azərbaycanlılar son illər dəbi daha çox izləyirlər:

“İllər öncə, internet olmayan zamanlarda dəbi çox izləmirdilər. Lakin son vaxtlar istər xanımlar, istərsə də bəylər dəbi daha yaxından izləyirlər. İnternetdən yararlanır, hansı üslubun, tərzin dəbdə olacağını öyrənirlər. Amma çox da dəb arxasınca qaçmırlar”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir