Cəmiyyət

Camal Yanqın: “Qarabağ Azərbaycanın biznes mərkəzinə çevriləcək” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“32 ildir Azərbaycanda fəaliyyət göstərirəm. Bu ölkənin iqtisadiyyatına töhfə verdiyimə görə çox şadam”.

Bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Camal Yanqın “Report”a müsahibəsində deyib.

– Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

– Bu əlaqələrin tarixi kökləri var. Biz bütün işlərimizi bu tarixi köklərin üzərinə qururuq. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyə “Bir millət, iki dövlətdir”. Bu ifadəni əsas götürən və Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları buranı özlərinə vətən seçiblər. Mən 32 ildir Azərbaycanda fəaliyyət göstərirəm. Bu ölkənin iqtisadiyyatına töhfə verdiyimə görə çox şadam. Lakin bizim iqtisadi münasibətlərimiz istədiyimiz səviyyədə deyil. İki ölkənin prezidentləri iş adamlarının qarşısına hədəf qoyublar ki, illik ticarət dövriyyəmiz 15 milyard ABŞ dolları dəyərində olsun. Bu gün biz bu hədəfə çatmamışıq, lakin ona nail olmaq mümkündür. Bunun üçün təkliflərimizi Azərbaycanın müvafiq dövlət qurumlarına göndərmişik. Həm Türkiyə, həm də Azərbaycan qanunlara dəyişikliklər etməlidir ki, iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 15 milyard dollara çatsın.

Türkiyənin iş adamları Azərbaycanda uzun illərdir işləyirlər, ölkənin iqtisadiyyatına töhfə verməklə yanaşı, rəqabət aparmaq qaydasını Azərbaycana gətiriblər. Azərbaycanda 25-27 ildir bazar iqtisadiyyatı tətbiq edilir. Bununla yanaşı, Türkiyədə olan Azərbaycan kapitallı şirkətlərin sayı çoxdur. Həmin şirkətlər çoxlu sayda investisiya layihələri həyata keçiriblər, böyük işlər görüblər. Biz istəyirik ki, Azərbaycandan Türkiyəyə gedənlər çox rahat işləsinlər, həmçinin Türkiyədən Azərbaycana gələnlər rahat fəaliyyət göstərsinlər. İş adamları assosiasiyası olaraq məqsədimiz budur ki, Azərbaycana gələn iş adamlarına yol göstərək, yerli iş mühitini onlara izah edək və beləcə ticarət əlaqələrimizi, iqtisadiyyatımızı gücləndirək.


 
– Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyərini 15 milyard dollara çatdırmaq üçün qanunverciliyə hansı dəyişikliklər edilməlidir?

– Ticarət dövriyyəsinin artırılmasında əmtəə və xidmətlərin azad dövriyyəsi mühüm rol oynayır. Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişi imzalasa da, bu, ölkələrimiz arasında ticarət dövriyyəsini artırmağa bəs etmir. Kəskin artım üçün sərbəst ticarət olmalıdır. Buna nail ola bilsək, prezidentlərimizin tapşırığına yaxınlaşa bilərik. Sərbəst ticarət razılığının əldə edilməsi ilə bağlı dövlətlərin iradəsi var. Preferensial Ticarət Sazişinin inkişaf etdirilməsi sərbəst ticarətin tətbiqi deməkdir. Qardaş dövlətlər arasında gömrük rüsumunun və icazələrin aradan qaldırılması lazımdır. Sərbəst ticarət rejiminin tətbiqi iki ölkənin iqtisadiyyatlarına töhfə verəcək. Biz gərək mövcud vəziyyətdə dayanmayaq, iqtisadiyyatımızı daha da irəliyə aparaq. Bunun isə yolu bir-birimizə qarşılıqlı yatırımları artırmaqdır. Yəni, Azərbaycanda daha çox fabrik quraq, iş yeri yaradaq. Bu gün inkişaf etmiş ölkələrin belə əsas problemi işlə bağlıdır. Hər kəsin işi olmalıdır.

Azərbaycanın MDB ölkələri ilə əldə etdiyi razılığa görə, bu ölkələrlə ticarətdə ancaq əlavə dəyər vergisi (ƏDV) ödənilir. Lakin Türkiyə ilə ticarətdə həm ƏDV, həm də 15% idxal rüsumu ödənilir. Bu isə ölkəyə gətirilən məhsulların qiymətlərinə təsir edir. Məqsədimiz gömrük rüsumunun dərəcəsinin ya sıfır, ya da sıfıra yaxın olmasıdır. Bu zaman bizim ticarətimiz artacaq.


 
– Qarabağda biznes qurmaq istəyən Türkiyə şirkətləri varmı?

– Biz hər zaman demişik ki, Qarabağ Azərbaycandır və ölkənin biznes mərkəzinə çevriləcək. Qarabağda iş qurmaq istəyənlər mənfəətlərini düşünməməlidirlər. İş adamlarına deyirik ki, işğaldan azad edilmiş ərazilərə köçən insanları işlə təmin etməlisiniz. Əsas arzumuz budur. Prezident İlham Əliyev həmin ərazilərdə biznes fəaliyyəti ilə bağlı bizə göstəriş verməyib. Ona görə ki, işğaldan azad edilmiş ərazilərin baş planları, müfəssəl planları hələ hazır deyil. Hazırda oralarda yalnız infrastruktur layihələri icra edilir. Fabrik və zavodların tikintisi üçün hələ vaxt var.

Hazırda Qarabağda 4 böyük şirkətimiz fəaliyyət göstərir. Onlardan biri ATİB-in İdarə Heyətinin üzvü olan “Kolin İnşaat”dır ki, 2006-cı ildən Azərbaycanda çalışır, işğaldan azad edilmiş ərazilərdə körpü və yol tikintisi ilə bağlı işlərdə önəmli şirkətlərdən biridir. “Kolin İnşaat” Qarabağda Zəfər Yolunu inşa edib, həmçinin, dəmir yolu layihələrində iştirak edir.

– Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə, məsələn, “Ağdam Sənaye Parkı”nda hansı bizneslə məşğul ola bilərlər?

– Müharibədən əvvəl Ağdamda olmuşam, bu rayonun icra başçısı ilə görüşmüşəm, biznes üçün yer istəmişəm. Hətta görüşdə belə bir ifadə səsləndirdim ki, bizə cəbhə xəttinin o biri tərəfində yer versinlər. Bu hadisədən iki ay sonra ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycanın Silahlı Qüvvələri Ağdamı tamamilə işğaldan azad etdi. Ağdamda həmişə dəri biznesi məşhur olub və bizim bununla bağlı iş adamlarımıza təkliflərimiz olub. Ağdamlıların da Bakıda, Sumqayıtda, Şamaxıda dəri işləmə yerləri var. Onlara dedik ki, bu biznesləri Ağdama aparaq. Onlar isə dedilər ki, əsas bizə Ağdamda yer təşkil edilsin, biz işlərimizi orada davam etdirək. Dəri biznesi yüksək əlavə dəyərə malikdir. Bu bölgədə heyvandarlıq və xalçaçılıq da əsas istiqamətlərdir.


 
– Rusiya-Ukrayna müharibəsi Türkiyə şirkətlərinin vəziyyətinə necə təsir edib?

– Təbii ki, biz müharibənin olmasını istəməzdik. Müharibə biznes mühitinə müsbət təsir etmir, əksinə çoxlu sayda problem yaradır. Çox arzu edirik ki, müharibə tezliklə dayansın. Bu müharibə dünyada böyük iqtisadi böhran yaradıb. Məsələn, taxıl böhranını qeyd edə bilərəm. Ukraynadan 77 milyon ton taxıl çıxarılıb, bu da qlobal ehtiyacın 20%-i deyil. Müharibə dövründə bir sıra ölkələrin taxıl ehtiyatları azalıb və yaxud da tükənib. Afrika ölkələri aclıqdan əziyyət çəkirlər.

Bu müharibəyə görə dünyada vəziyyət dəyişir. Vəziyyət göstərir ki, problemlər bu gün və yaxud sabah həll edilməyəcək. Ukrayna üzərindən Rusiyaya maşınlarımız getmir. Polşa Ukrayna istiqamətindən yolu bağlayıb, buradan da maşınlarımız hərəkət etmir. Hazırda 3 saata çatacağımız yerə 4 saata çata bilirik. Nəqliyyat xidmətləri bahalaşıb. Təchizat zənciri tamamilə dəyişib. Bunlar kiçik problemlər kimi görünsə də, əslində böyük problemlərdir. Əvvəl TIR 9 gün ərzində Moskvaya çatırdısa, hazırda 20 günə çatır. Bu da xərclərin artması deməkdir. Əvvəl TIR-lar dolu gedib, dolu gəlirdilər. Rusiyada istehsal böyük idi, Avropa ölkələrinin də istehsalı var idi. Lakin sanksiyalara görə Rusiyada istehsal azalıb. 20-ə yaxın böyük istehsal şirkətləri Rusiyada fəaliyyətini tam dayandırıblar. Ona görə də müharibənin tez dayanmasını, sülhün, sabitliyin əldə edilməsini arzu edirik. Sülh olmasa, ticarət də olmur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir