Cəmiyyət

20 yaşlı şəhidin xatirəsinə “Sadiq medalı” – VİDEO

Sharing is caring!

Cəbrayıl, Füzuli uğrunda döyüşlər, hər mövqe uğrunda mübarizə, erməni işğalçıları ilə əlbəyaxa savaşlar və Şuşayadək uzanan zəfər yürüşündə iştirak edən qəhrəman şəhid leytenant Sadiq Nəcəflinin Vətən müharibəsindəki şərəfli döyüş yolu qəhrəmanlıqlarla doludur. Vətən sevgisini bütün dəyərlərdən üstün tutan Sadiq müharibəyə könüllü olaraq yollanıb.

Sadiq döyüşlər zamanı ayağından yaralansa da, bunu ailəsindən gizli saxlayır. Sağalar-sağalmaz yenidən ön cəbhəyə qayıdır. Doğmalarına qürurla “biz irəli gedirik və gedəcəyik” xəbərini göndərir. 

20 yaşlı leytenantın ingilis dili müəllimi olmuş Azər Əliyev orta məktəb illərində olduğu kimi, şagirdinə yenə də “komutan” deyə müraciət edir.

O, şəhidin xatirəsinə medal həsr olunduğunu qeyd edib.

“Sadiq bizim üçün qəhrəmanlıq simvolu idi. Məktəbdə ən çalışqan, müxtəlif yarışlarda qalib gələn şagirdləri “Sadiq medalı”  ilə təltif edirik”, – deyə müəllim bildirib.

Dünya hərb tarixində hər zaman xatırlanacaq Şuşa uğrunda gedən əlbəyaxa döyüşlərdə Sadiq qəhramancasına şəhid olur. Sadiqin anası qəhrəman oğlunun xatirəsi olan ev-muzeyinə bircə dəfə də daxil olmayıb. Cənab leytenantın yüzlərlə fotolarını, onun hərbi geyimini, əşyalarını öpüb-qoxulamayıb.

Muzeydə Sadiqdən ailəsi və Vətən üçün qürur mənbəyi və əmanət qalan “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medallarını da görməyib.  

Şəhid anası möhtəşəm qələbəmizdə xüsusi imzası olan zabit oğlunun yoxluğunu qəbul etmir. Onun üçün Vətən torpaqlarını qoruyan və bu gün də hərbi geyimdə o torpaqlarda keşik çəkən Sadiq var. Ana üçün Sadiq Şuşanın uca dağlarına qalxarkən canlı Vətən daşına çevrilmiş qəhrəmandır. Elə xalqımız üçün də.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir