Cəmiyyət

Kağızsız xidmət, əlavə xərcin və vaxt itkisinin azalması: Rəqəmsal uçurumdan necə xilas olmalı? – FOTO

Sharing is caring!

Zaqatala rayon sakini Elvin Vəliyev deyir ki, ünvanlı sosial yardımla bağlı elektron müraciət ünvanlayan zaman çətinliklə üzləşib. Buna səbəb isə özünün də bildirdiyi kimi, onlayn platformalarla işləmək üçün yetəri qədər biliklərinin olmamasıdır.

Elvin Vəliyev kimi yüzlərlə, minlərlə vətəndaş var ki, müəyyən sənədləri hazırlayarkən preblemlərlə üzləşir. Bu, ölkədə rəqəmsal savadlılığın yetərsizliyindən xəbər verir.

Müasir dövrdə məlumatların internet vasitəsilə sürətli şəkildə yayılması müxtəlif şəxslər və cəmiyyət üçün yanıldıcı nəticələr ortaya çıxara bilər. İnternet və onlayn platformalarda yarana biləcək risklərin günbəgün artması bizə rəqəmsal savadlılığın vacibliyini göstərir. Bu sahədə biliklərin təmin olunması isə rəqəmsal uçurumun doldurulmasında böyük yardımçımız ola bilər.

Rəqəmsal uçurum nədir?

İnkişaf prosesində rəqəmsal uçurumun nəzərəçarpan xüsusiyyətlərindən biri ölkələr, eləcə də insanlar arasında böyük fərqin olmasıdır. Kommunikasiya termini olaraq bunu əvvəllər “bilik boşluğu” adlandırsalar da, lakin cari İKT kontektsində həmin ifadə “rəqəmsal uçurum” termini ilə əvəz olunub. İnsanların davamlı olaraq texnoloji biliklərə yiyələnməsi və bu sahədə onların maarifləndirilməsi, hər bir fərdə rəqəmsal təməl biliklərin mütəmadi olaraq aşılanması öz müsbət nəticəsini mütləq şəkildə göstərəcək. Xarici alimlərin apardıqları araşdırmalara görə, rəsmi və ya qeyri-rəsmi formada təhsil sahəsinə investisiyanın qoyulması əsas şərtlərdən biridir. Rəqəmsal uçurumun aradan qaldırılması üçün yeni texnologiyaların yaradılması, istifadəsi ancaq təhsil vasitəsilə mümkün olduğundan bu şərtləri yerinə yetirmək mühüm öhdəlikləri özündə əks etdirir.

Savadsız və orta savadlı insanların da texnoloji inkişafdan bəhrələnmə imkanının olmasını nəzərə alsaq, təhsil daha ciddi ölçüdə ələ alınmalıdır. Əslində, beynəlxalq təcrübə göstərir ki, ümumi və tam orta təhsil imkanlarına sahib insan qaynaqlarının yaradılması böyük həcmli inkişafın, eləcə də innovasiyanın ortaya çıxmasına şərait yaradır. Azərbaycanda da dünya təhsil sistemində baş verən yeniliklərin mütəmadi olaraq izlənilməsi, öyrənilməsi və tətbiqi rəqəmsal savadlılığı artırmağa köməklik göstərəcək.

Müasir dövrdə dünyanın tanınmış ali təhsil müəssisələrində tələbələrə onlayn platformalardan düzgün istifadə bacarıqları, o cümlədən təhsilin və vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması kimi rəqəmsal xidmətlərlə işləmək vərdişləri aşılanır. Ölkəmizdə də son dövrlərdə əhaliyə göstərilən bir çox xidmətlərin elektronlaşdırılması və vətəndaşlarımızın bu sahədə maarifləndirilməsi prosesi davam edir.

İşlərimizin ASAN yolu

Bu prosesə ən gözəl nümunələrdən biri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) fəaliyyətidir. “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanına əsasən yaradılıb. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumdur. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində, əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Əhalinin elektron xidmətlərdən daha geniş istifadə etməsi “ASAN xidmət”in hədəflərindən biridir. Agentliyin missiyası dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır.

 “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd

• vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;

• vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;

• peşəkarlıq səviyyəsinin artırılması;

• dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;

• şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;

• elektron xidmətlərdən daha geniş istifadə olunması;

• bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması.

“ASAN xidmət” respublika üzrə həyata keçirdiyi siyasəti bölgələrdə də uğurla davam etdirir. 2013-cü ilin iyunun 1-dən “ASAN xidmət”in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək məqsədilə zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Artıq ölkənin müxtəlif rayonlarında “ASAN xidmət” mərkəzləri açılıb və vətəndaşların işlərinin asanlaşması üçün çalışırlar.

2020-2025-ci illər üçün isə strateji hədəf Azərbaycanda tamamilə kağızsız xidmətin göstərilməsi, süni intellektdən istifadə etməkdir. Eyni zamanda, qarşıya qoyulan əsas hədəflərdən biri isə milli İT xidmətlərinin xaricə ixrac edən tərəf olmasıdır.

Əhali ən çox hansı xidmətlərdən istifadə edir?

Bir müddət əvvəl rəqəmsal savadlılığın artırılması məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Jurnalistikaya doğru” təlimi keçirildi. Proqramın məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin İKT, elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlılığını artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin biliklərini daha da genişləndirməkdir. Qeyd edək ki, proqramın ilk iki dalğası 2020-ci ildə vebinar formatında, 3-cü dalğası isə 2021-ci ildə fiziki formatda təşkil edilib.

Təlimdə iştirak etdim və faydalı bir təlim olduğunu vurğulaya bilərəm. Təlimçilərin bu sahə üzrə ətraflı məlumat vermələri, media nümayəndələrinin suallarını cavablandırmaları nəticəsində rəqəmsal jurnalistika ilə bağlı daha ətraflı məlumat aldıq.

Maraqlandıran məsələlərdən biri də insanların daha çox hansı elektron xidmətlərdən yararlanmaq ehtiyaclarıdır. Bununla bağlı Elektron Hökumətin İnkişafı Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “e-gov.az” portalından son üç ildə ən çox 10 xidmətdən istifadə edilib.

Bunlar aşağıdakılardır:

1. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi.

2. Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi.

3. Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi.

4. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi.

5. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi.

6. Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər)) ərizələrinin onlayn qəbulu.

7. Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet  və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi.

8. Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi.

9. AzDataCom internet xidmətinə qoşulma üçün sifariş.

10. Telefon nömrəsi üzrə axtarış.

Mərkəzdən qeyd edilib ki, portaldan istifadə edənlərin 38 faizini qadın, 62 faizini isə kişilər təşkil edir.

Rəqəmsal uçurumdan çıxış yolları və təkliflər

Deputat Rüfət Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, rəqəmsal uçurumun qarşısını almaq üçün internetin sürətini artırmaq lazımdır:

“Bu məsələdə təhsil əsasdır. Məktəblərdə kompüterlərin sayının artırılması vacibdir. Bu sahə məktəbdə keyfiyyətli təhsillə inkişaf edə bilər. İnternet sürətli olacağı təqdirdə insanlar da elektron sistemdən rahat şəkildə istifadə edə biləcəklər. Bununla bağlı müəyyən addımlar atılır. Sadəcə, prosesin sürəti daha tez olmalıdır. Elə ucqar rayonlar var ki, orada internet tam işləmir. Bununla bağlı addımlar atılmalıdır”.

İT mütəxəssisi Vahid Qasımov Oxu.Az-a bildirib ki, əhalinin bacarıqlarının inkişafı üçün məktəblərdə şərait olmalıdır:

“Məktəblərdə şəraitin təşkil olunması, regionlarda iş imkanlarının yaradılması və kommunikasiya xətlərinin düzəldilməsi vacibdir. Bunlar həll olunmasa, geri qalan tədbirlərin heç bir faydası olmayacaq”.

Azərbaycanda son zamanlarda müşahidə olunan inkişaf dinamikası ilə bölgələrdə də rəqəmsal savadlılığın arıtırılması istiqamətində bir çox işlərin görülə biləcəyi qənaətindəyik.

TƏKLİFLƏR:

* Texnologiyanı, innovasiyaları birbaşa məktəb səviyyəsindən başlamaq;

* Tədris proqramında elektron sistemlər barədə məlumatlandırma; 

* Elektron hökumət tətbiqetmələrini bütün istiqamətlər üzrə genişləndirmək; 

* Rayonlarda texnoparklar və innovativ mərkəzlər yaratmaq;

* İnternet sürətini artırmaq; 

* Davamlı təhsil və davamlı inkişaf mədəniyyətini cəmiyyətdə daim inkişaf etdirmək; 

* Gənc kadrlarda sahibkarlıq ruhu yaratmaq və elektron sistemdən rahat şəkildə istifadə etmək üçün təlimlər keçmək.

“myGov”da istifadəçi sayı nə qədərdir?

2021-ci ildə “ASAN Login” Vahid Giriş Sistemində videoqeydiyyat və videoyazı vasitəsilə yeni mobil nömrənin əlavə olunması, habelə digər funksionallıqlar və xidmətlər yaradılıb. 2020-ci illə müqayisədə 2021-ci ildə “ASAN Login”də istifadəçi sayı 32 faiz artıb. Ən son statistik göstəricilərə əsasən, “ASAN Login”də təqribən 2,5 milyondan çox istifadəçi var. Hazırda “ASAN Login”ə 48 qurum və 97 sistem inteqrasiya olunub.

2021-ci ilin fevral ayında şəxsi kabinet əsaslı elektron hökumət portalı – “myGov”un mobil tətbiqi istifadəyə verilib. Habelə platformaya COVID-19 əks-göstəriş, immunitet və peyvənd sertifikatları inteqrasiya olunub, doğum və ölümün elektron qeydə alınması xidməti hazırlanaraq vətəndaşların istifadəsinə verilib. Bununla yanaşı, “myGov” mobil tətbiqinin yeni versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik identifikasiya funksiyası əlavə olunub. İl ərzində “myGov”da istifadəçi sayında əhəmiyyətli artım qeydə alınıb.

2020-ci ilə nisbətən 2021-ci ildə “myGov”da istifadəçi sayı 81 faiz artıb. Ən son statistik göstəricilərə əsasən, “myGov”da bir milyondan çox istifadəçi var. “myGov” vasitəsilə vətəndaşlar 710 xidmətə çıxış və 21 növ bildiriş əldə edirlər. Həmçinin 2022-ci ilin yanvar ayında “myGov”un mobil tətbiqi “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər” nominasiyası üzrə qalib seçilib.

Elektron Hökumət Portalında (e-gov.az) EHİM tərəfindən aparılan optimallaşdırma işləri davam etdirilib. 37 qurum tərəfindən 431 xidmətin göstərildiyi portalda istifadəçi sayı 2020-ci ilə nisbətən 2021-ci ildə 7 faiz artıb. Ən son statistik göstəricilərə əsasən, portalda istifadəçi sayı 1,437 milyon nəfər təşkil edir.

Rəqəmsal uçurum, əslində, bir sıra boşluqların bir vahiddə cəmlənməsidir. İnfrastrukturda texnoloji uçurum, böyük boşluqlar var. Bir çox veb əsaslı informasiya insanların real problemlərinə cavab vermir. Dünyanın veb-saytlarının 70 faizi ingilis dilindədir və bu da yerli dillərin inkişafına mane olur. Gender bölünməsi qadınların kişilərə nisbətdə informasiya texnologiyalarından az istifadə etməsinə şərait yaradır. Bu, kasıb və varlı ölkələrdə eyni səviyyədədir.

QEYD: Məqalə “Rəqəmsal jurnalistikaya doğru” proqramının müsabiqə mərhələsi üçün yazılıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir