Cəmiyyət

Azərbaycanda televiziyaların reytinqini ölçmək üçün yeni şirkət yaradılıb – FOTO

Sharing is caring!

“Yaxın iki həftə ərzində Azərbaycanda televiziyaların reytinqini ölçmək üçün yaradılmış yeni şirkət ictimaiyyətə təqdim ediləcək”.

“Report” xəbər verir ki, bunu Bakıda “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib.

“Bununla da uzun illərdən sonra Azərbaycanda reytinqlərin ölçülməsi ilə bağlı problem həllini tapacaq. Bu sahədə müasir texnologiyalardan istifadə olunacaq”, – o deyib.

Bundan əlavə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Audiovizual Şura arasında Birgə Fəaliyyət Planı imzalanıb.

İmzalanma mərasimi Bakıda “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminar çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, bu cür seminarların, eləcə də iki qurum arasında əməkdaşlığın televiziya və radioda reklam fəaliyyətinin tənzimlənməsinə töhfə verəcəyini vurğulayıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə reklam fəaliyyətinin tənzimlənməsi istiqamətində iki qurumun birgə fəaliyyətini yüksək qiymətləndirib, bu sahədə nəzərdə tutulan işlərdən danışıb.

Seminarda televiziya və radio yayımında reklam və sponsorluğun xüsusiyyətləri, qanunvericiliyin tələbləri, “Reklam haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklər, haqsız, qeyri-dəqiq və gizli reklam haqqında qanunvericiliyin tələbləri, Dövlət Xidmətinin reklam fəaliyyətinə nəzarət istiqamətləri və digər mövzularda çıxışlar dinlənilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir