Cəmiyyət

88 yaşlı pinəçi: “Müştərilərin və işə qiymət verənlərin sayı azalıb” – REPORTAJ + FOTO

Sharing is caring!

Artıq bu peşənin sahiblərinə çox nadir hallarda rast gəlinir. Əvvəllər, demək olar ki, hər kənddə azı bir pinəçi olardı. Bu gün isə pinəçiliklə məşğul olanların sayı xeyli azalıb. Amma buna baxmayaraq, bu peşəni hələ də qoruyub-saxlayanlar və müasir dövrə qədər gətirib çıxaranlar var. Onlardan biri də Cəlilabad rayonunda yaşayan 1934-cü il təvəllüdlü pinəçi Mustafa Heydərovdur.

“Report”un Muğan bürosunun əməkdaşı pinəçi Mustafa Heydərovla görüşüb və onunla həmsöhbət olub.

Mustafa kişini rayon ərazisində, demək olar ki, hər kəs tanıyır. Elə öz təbirincə desək, rayonun on sakinindən beşi məhz Mustafa kişinin təmir etdiyi ayaqqabılarla addımlayır.

Ömrünün xeyli hissəsini bu işə sərf edən müsahibim deyir ki, nə az, nə çox – düz 58 ildir pinəçiliklə məşğuldur. Bu peşənin sirlərinə 30 yaşında yiyələnən M.Heydərov pinəçiliyin atasından ona yadigar qaldığını deyir. Onun sözlərinə görə, atası da bu qədim sənət növü olan pinəçiliklə məşğul olub. Ona görə də bu peşə ona yad deyil:

“Mən yalnız bu sənətlə məşğul oluram, yəni başqa məşğuliyyətim yoxdur. Ömrümün yarıdan çoxunu – əlli səkkiz ilini isə bu məşğuliyyətlə keçirməkdəyəm. Doğrusu, bu illərin necə gəlib-keçdiyini xatırlamaq mənim üçün bir qədər çətindir. Çünki böyük səbir tələb edən bu peşənin sahibləri başlarını iynədən, sapdan ayırıb qaldıranda artıq görürlər ki, əlli il keçib”.

Əvvəllər bu sənətə böyük marağın olduğunu xatırladan M.Heydərov deyir ki, müasir dövrdə insanlar arasında pinəçiliklə məşğul olmaq istəyəni tapmaq çox çətindir. O indiki dövrdə bu peşənin əvvəlki kimi geniş vüsət almamasının səbəblərinə də toxunub. Mustafa kişinin sözlərinə görə, əvvəllər cəmiyyətdə yoxsulluq səviyyəsi o qədər yüksək olub ki, insanların ayaqqabıları tam sıradan çıxmayana qədər yenisini almağa maddi imkanları çatmırmış. Buna görə də ayaqqabıların mütəmadi olaraq təmirə ehtiyacı yaranırmış. Pinəçilərin sayı da məhz bu zərurətdən yarandığı üçün kifayət qədər çox olub.

Müsahibim söyləyir ki, amma bu gün insanlar ayaqqabıları bir qədər qopan kimi tullayır və yenisini alırlar. Bu isə ayaqqabının təmirinə yox, istehsalına olan tələbatı artırır. Ona görə də bu gün müştərilərin sayı da azalıb. Pinəçi əvvəllər ayaqqabıların çox çətin və uzun müddətə təmir edildiyini bildirib. Onun sözlərinə görə, buna səbəb isə avadanlıqların və ləvazimatların azlığı və çeşidsizliyi olub:

“Biz əvvəllər ayaqqabını kibrit çöpü ilə tikərdik. Buna görə də bu iş çox zəhmət tələb edir. Hətta deyərdim ki, zərgərlik qədər dəqiqlik tələb edir. Lakin zəhmətə qiymət verənlər azalıb. Ona görə də, bu zamanda artıq bu sənətlə məşğul olan yoxdur”.

Pinəçi qeyd edir ki, indiki zamanda ayaqqabılar rezindən hazırlandığı üçün keyfiyyətsiz olur və bu səbəbdən qısa müddət ərzində sıradan çıxır:

“Amma əvvəlki dövrdə hazırlanmış ayaqqabıları üç-dörd il geyinmək mümkün olurdu. Çünki o vaxt ayaqqabılar möhkəm materiallardan istehsal edilirdi və görüntü ilə yanaşı, ayaqqabının keyfiyyətinə də üstünlük verilirdi”.

Boş vaxtlarında maraqlı kitablar oxuduğunu söyləyən 88 yaşlı pinəçi söhbətimizin sonunda gənclərə çağırış edib. O bildirib ki, ən böyük arzusu bu sənətin gənclər tərəfindən davam etdirilməsidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir