Cəmiyyət

Qubadlını ziyarət edən şəhid ailəsi: “Kaş özü ilə gələrdik” – REPORTAJ

Sharing is caring!

İşğaldan azad edilən ərazilərə yenidən səfər edirik. Bu dəfə Qubadlı rayonunun Aşağı Mollu kəndinə…

Səfərimizin məqsədi 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş mayor Rüfət Əsgərovun əziz xatirəsini doğma kəndində yad etməkdir. Şəhidin ailə üzvləri – atası Mürvət dayı, qardaşı Nicat, həyat yoldaşı Arzu xanım, oğlu Xansuvar, qızı Zəhra da bizimlə səfərə yollanırlar. Mürvət dayı və Nicat 30 ildən sonra öz doğma dədə-baba torpaqlarına ayaq basacaqları anın həyəcanını yaşayırlar. Çünki bir vaxtlar ayrı düşdükləri, uşaqlıq və gənclik illərinin keçdiyi torpaqlara qədəm qoyurlar…

Aşağı Mollu kəndinin girişində şəhid Rüfət Əsgərovun dəmir lövhə üzərinə yapışdırılmış portretini görürük.

Şəhidin həyat yoldaşı Arzu xanım dərin kədər içində baxır fotoya. Çünki Qubadlıya onsuz gəlmişdi. Axı Rüfət ona döyüşdən sonra Aşağı Molluya birlikdə gedəcəklərinə söz vermişdi. Qubadlı alındı, Əsgərovlar ailəsi gəldi, amma Rüfət yoxdur:

“Sözün düzü, ürəkdən sevinə bilmirəm burada. Kaş özü ilə gələrdim. Axı mənə söz vermişdi. O, ilk dəfədir sözünü tutmur. Çünki onun ən böyük arzusu məhz bizimlə birlikdə göz açdığı Aşağı Molluya gəlmək idi”.

A.Əsgərova Rüfətin şəhid olması xəbərini yaxınlarından eşitdiyini bildirir:

“Rüfətlə müharibə başlayandan oktyabrın 12-nə qədər mütəmadi olaraq əlaqə saxlaya bilirdim. Danışmasaq da, ən azından məktublaşırdıq. Ayın 13-ü Rüfətə zəng çatmadı. Çox narahat qaldım. Başa düşürdüm ki, cəbhə zonasında rabitə olmaya bilər. O, eyni zamanda əks-kəşfiyyatçı idi. Lakin ayın 14-ü şəhid olması xəbərini aldım. Mən hələ də onun yoxluğuna inanmıram”.

Şəhidin oğlu Xansuvar deyir ki, o, bu həyatda təkcə atasını yox, həm də ən yaxın dostunu, sirdaşını itirib:

“Atamla həmişə fəxr etmişəm. Hərbçi övladı olmaq özü bir məsuliyyətdir. O, bizə Qubadlıdan çox danışıb. Həmişə deyirdi ki, sənə uşaqlıq illərimizin keçdiyi yerləri göstərəcəyəm. Həkəridə balıq tutmağı arzulayırdı”.

Qızı Zəhra atası başda olmaqla bütün şəhidlərlə qürur duyduğunu söyləyir:

“Atam heç vaxt mənim xətrimə dəyməyib. İmkan da verməzdi ki, qanıqara oturum. Üzümün daim gülməsi üçün əlindən gələni edirdi. O, döyüşə gedəndə nə qardaşımın, nə də mənim xəbərim olub. Biz həmin vaxt yatmışdıq. Atamın şəhid olduğunu anamdan eşitdim. Mən özümü toparladım, ağlamadım. Çünki istəmirdim ki, heç kim mayor Rüfət Əsgərovun qızını zəif görsün. Yalnız dəfn mərasimindən sonra hər gecə hamıdan gizli ağlayırdım”.

Şəhid atası Mürvət Əsgərovun sevinci kədərinə qarışıb. 30 ildən sonra ata yurduna ayaq basır, amma oğlu yanında deyil:

“Rüfət 1981-ci ildə bu kənddə, bu evdə dünyaya göz açmışdı. 12 yaşında olanda buradan didərgin düşdük. Rüfət Əsgərov 1999-cu ildə C.Naxçıvanski adına Hərbi Liseyi uğurla başa vuraraq Heydər Əliyev adına Ali Hərbi Məktəbə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. Kəşfiyyatçı ixtisasına yiyələnib. 2003-cü ildə ali hərbi təhsilini başa vuraraq leytenant hərbi rütbəsi ilə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlayıb. 2014-cü ildə mayor rütbəsinə layiq görülən Rüfət Əsgərov xidmətini bir vaxtlar hərbi təhsil aldığı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi davam etdirib”.

Qeyd edək ki, mayor Rüfət Əsgərov İkinci Qarabağ müharibəsində Tərtər rayonunun Suqovuşan kəndi və Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Ermənistan silahlı qüvvələrinin 20-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına keçməsində rolu olub.

R.Əsgərov oktyabrın 14-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 16-da Bakıda İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə R.Əsgərov “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir