Cəmiyyət

Sabirabadda 2,5 km-lik yol dərdi: Şagirdlər dərsə, xəstələr həkimə vaxtında gedə bilmirlər – REPORTAJ + FOTO

Sharing is caring!

Sabirabad rayonunun Moranlı kəndində yollar bərbad hala düşüb və buna görə də sakinlərin işi xeyli çətinləşib.

Bu barədə “Report”un Aran bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, artıq problem bir neçə ildir mövcuddur və dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Amma hər dəfə müxtəlif vədlər verilsə də, problem bu günədək öz həllini tapmayıb.

Sakinlər bildiriblər ki, kəndin uzunluğu 2,5 kilometr olan daxili yolu bərbad vəziyyətə düşdüyündən yay aylarında toz-torpaqdan, payız-qış aylarında isə palçıqdan hərəkət etmək müşkülə çevrilib. Bu səbəbdən uşaqlar da məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər və bu da onların dərsə davamiyyətlərinə mənfi təsir göstərib.

Onların fikrincə, kənddaxili avtomobil yolları əsaslı təmir edilmədiyindən nəqliyyat vasitələri də tez-tez sıradan çıxır. Eləcə də sakinlər xəstələrini vaxtında rayon mərkəzinə çatdırmaqda, təcili yardım maşınları isə xəstəyə köməyə vaxtında gəlməkdə çətinlik çəkirlər.

Moranlı kənd bələdiyyəsindən məsələ ilə bağlı “Report”un yerli bürosuna bildirilib ki, kənddaxili yolları təmir etmək üçün kifayət qədər vəsait yoxdur. Qeyd olunub ki, təmir işləri əhalidən yığılan vergi gəlirləri hesabına həyata keçirilir. Kənddə isə vergi ödənilmədiyindən bu kimi çətinliklər yaranır. Bununla belə, yolun təmiri ilə bağlı yaxın vaxtlarda lazımi tədbirlərin görüləcəyi və sakinlərin probleminin aradan qaldırılacağı vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir