Cəmiyyət

Cihazlarımızı nə zaman yeniləyək? – ARAŞDIRMA + FOTO

Sharing is caring!

Telefon, kompüter, televizor, noutbuk və s. bu kimi texnoloji məhsullar istehsal edən qlobal şirkətlər son illər bazara daha tez-tez yeni məhsullarla çıxırlar. Yeni məhsulların gəlişi dünyanın dörd bir yanında səbirsizliklə gözlənilir, həmin gün gəlir, böyük təqdimat olur, reklam aparılır. Ancaq məhsullar təqdim ediləndən sonra belə fikirlər çox olur: “Xüsusi texnoloji dəyişiklik yoxdur, əvvəlkindən yalnız dizayn fərqi var”, “Yeni məhsullarda təəccübləndirən ancaq qiymətdir, başqa heç nə” və sairə.

Bu kimi fikirləri yaradan səbəb nədir? Ümumiyyətlə, qlobal şirkətlərin yeni məhsul təqdim etməklə bağlı yanaşmaları necədir? Hər yeni məhsuldan böyük texnoloji dəyişiklik gözləməliyik?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Telekommunikasiya üzrə mütəxəssis Vüsal Süleymanov bildirib ki, texnoloji şirkətlərin daha tez-tez yeni məhsullarla bazara çıxmasının əsas səbəbi texnoloji inkişafdır:

“1, 2 və 3-cü sənaye inqilabları arasında 100 il vaxt keçib. 3-cü sənaye inqilabında elektronlaşma inkişaf edəndən sonra 4-cü sənaye inqilabına keçid 40 il çəkdi. 20 il keçdikdən sonra isə 5-ci sənaye inqilabından danışılır. Texnologiya ildırım sürətilə inkişaf edir, şirkətlər də bu inkişafla ayaqlaşmağa çalışırlar. Mobil texnologiyadan danışsaq, 10 il bundan öncə 4-cü nəsil texnologiyaları ilə işləyən smartfonlar 5-ci nəslin gəlməsi ilə bağlı nəinki yenilənməyə – daha tez-tez yenilənməyə məhkumdur. Yaxud 10 il öncəki televizorlar “wi-fi”ya qoşulmurdu. İndi ağıllı televizorlar var, funksiyaları həddindən artıq çoxalıb. Kompüterlə TV-lər bir-birinə inteqrasiya olunur. Avtomobil istehsalçıları da həmçinin, modelləri daha tez-tez yeniləyirlər. Noutbuklar, kompüterlər da həmçinin, tez-tez yenilənir”.

V.Süleymanovun sözlərinə görə, şirkətlər həm də öz mövqelərini qorumaq, rəqabətə davamlılıqlarını artırmaq üçün bazara yeni texnologiyalar çıxarmağa məcburdurlar:

“Texnoloji şirkətlərin tez-tez bazara yeni məhsulla çıxmalarında 3 faktorun rolu var. Bunlardan biri sürətli texnoloji inkişafdırsa (süni intellektlərin tətbiqi, 4-cü sənaye inqilabının sürətlə inkişaf etməsi, nano texnologiyalar, açıq interfeysli həllər, ağıllı tətbiqlər və s.), digər ikisi bazardakı intensiv rəqabət (texnoloji şirkətlərin və oyunçuların günbəgün artması) və marketinq strategiyalarıdır. Rəqabət artır və şirkətləri davamlı olaraq yeni məhsullarla bazara çıxmağa məcbur edir”.

Cihazlarımızı nə zaman yeniləmək məsələsinə gəlincə, V.Süleymanov bunun istəklərimizə görə dəyişdiyini qeyd edib:

“Əvvəllər 3-5 ildən bir yeni məhsul çıxaran şirkətlər artıq 6 aydan bir yenilənir. Bizim cihazlarımızı nə zamandan bir yeniləməyimiz isə fərdi xarakter daşıyır. Mən 5 il bundan əvvəl çıxan mobil telefonu işlədirəm, işimə yarayır. Amma ola bilər ki, gələn yeni texnologiyaya sizin ehtiyacınız var. Məsələn, Azərbaycanda mobil operatorlardan biri VoLTE və e-sim texnologiyalarını tətbiq etdi. Bunları köhnə telefonlar dəstəkləmir. O funksiyalara ehtiyac hiss edən şəxs telefonu da ona uyğun almalıdır”.

Elektronika mühəndisi Elgün Həsənovun sözlərinə görə, funksiya kimi olmasa da, hər məhsulda müəyyən texnoloji  yenilənmələr gedir:

“Bəzən təqdim edilən məhsullarda ciddi texnoloji yenilik olur, bəzən də olmur. O yeniliyin əlavə edilməsi üçün ciddi texnoloji kəşf olmalıdır. Əgər nə isə kəşf olursa, mütləq əlavə edirlər. Ancaq istifadəçilər hiss etməsə belə, hər məhsulda texnoloji yenilənmələr gedir. Məsələn, təhlükəsizliklə bağlı yeniləmələr gəlir. Bəzən aparat təminatında yenilənmələr aparılır. Bəzən sadəcə olaraq performans yüksəldilir, satışa daha sürətli prosessorları olan telefonlar, kompüterlər çıxarırlar”.

E.Həsənov qeyd edib ki, ciddi texnoloji dəyişiklik olmaması o demək deyil ki, şirkətlər bazara yeni model çıxarmamalıdırlar:

“İnqilabi nə isə kəşf olsa, təbii ki tətbiq ediləcək. Amma bu yoxdursa belə, yenə də yeni məhsulla bazara çıxmalıdırlar. Çünki insanlar gözləntidədir, brend də çalışır ki, hər il yeni model çıxarsın. Marketinq nöqteyi-nəzərdən yanaşsaq, çıxarmalıdır da. Hər yeni modeldən texnoloji olaraq xüsusi yenilik gözləməməliyik. Əgər texnoloji yenilik üçün alırsınızsa, o zaman yenilik olanda ala bilərsiniz”.

Marketoloq Seymur Quliyevin sözlərinə görə, texnoloji istehsal şirkətlərinin bazara yeni məhsullarla çıxmasına 5 faktor səbəb olur:

“Birincisi, rəqabətdə bazar payını itirmək istəmirlər. Çünki şirkət yeni məhsul çıxarmasa, rəqibləri çıxaracaq. Rəqabətdə geri qalanda, gəlirləri azala, səhmlərinin qiyməti düşə bilər. İkincisi, xüsusi brendə loyal kütlədən qazanc əldə etməkdir. Hər bir brendin çox loyal müştəriləri olur. 1 il yox, 3 ay aralıqla belə yeni məhsul çıxarılsa, həmin şəxslər qiymətindən asılı olmayaraq onu alacaqlar. Bu tip müştəriləri şirkətlər üçün əsas gəlir mənbəyi hesab edə bilərik. Üçüncüsü, potensial müştərilərin də brenddən faydalanmasını təmin etməkdir. Yeni model çıxanda köhnənin qiyməti aşağı düşür. Nəticədə maddi imkanı çatmayan şəxslər də bu şirkətin məhsulundan bəhrələnə bilirlər. Dördüncüsü, gündəmdə olmaq. Yenilikləri olan məhsul çıxarmasalar belə, öz məhsullarını bazara buraxmaq üçün etdikləri təqdimatlar, bazara çıxardıqları informasiyalar şirkətin səhmlərinin dəyərini artırır, insanların marağını cəlb edir. Beşincisi isə texnoloji üstünlüklərdən faydalanmaqdır”.

S.Quliyev bildirib ki, texnoloji şirkətin təqdim etdiyi məhsulda hər dəfə xüsusi texnoloji yenilik olmaya da bilər:

“Sadəcə olaraq hər dəfə performansı artıra bilərlər. Sürət, ram, kameranın meqapikseli artırıla, dizaynda dəyişiklik edilə bilər. Texnoloji yenilik sayılmasa da, bunları da edərək bazara məhsulla çıxa bilərlər. Amma bunları edəndə hər dəfə əməliyyat sistemləri təkmilləşdirilir. Bunun özü də texnoloji yenilikdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir