Cəmiyyət

İstehsalçının dövlət sifarişi ilə satınalmalarda iştirakının hansı hallarda məhdudlaşdırılacağı AÇIQLANDI

Sharing is caring!

Aparılan monitorinqlər nəticəsində istehsalçı və satıcıların dövlət sifarişi ilə satınalmada iştiraklarının hansı hallarda məhdudlaşdırılacağı məlum olub.

Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması Qaydaları”nda əksini tapıb.

Qərara əsasən, bu Qaydalara uyğun olaraq aparılan monitorinqlər nəticəsində aşağıdakı hallar aşkarlandıqda istehsalçı və satıcıların dövlət sifarişi ilə satınalmada iştirakları 1 (bir) il müddətinə məhdudlaşdırılır:

– qida təhlükəsizliyi qeydiyyatından keçmədikdə;

– istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi halda qida təhlükəsizliyi sertifikatları olmayan idxal edilmiş ərzaq məhsullarının satışı həyata keçirildikdə;

– yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dair sənədlər satınalan təşkilata təqdim edilmədikdə;

– müqavilə üzrə satınalan təşkilatın sifarişi istehsalçı və ya satıcı (onun təqsiri nəticəsində) tərəfindən ardıcıl olaraq iki dəfədən çox gec icra edildikdə və ya icra edilmədikdə;

– satınalan təşkilata keyfiyyətsiz və ya qüsurlu məhsullar təhvil verildikdə, həmin məhsulların keyfiyyətli məhsullarla dəyişdirilməsi ilə bağlı tədbir görülmədikdə;

– müqavilə üzrə satınalan təşkilatın sifarişinə uyğun olmayan ərzaq məhsullarının müvafiq qaydada əvəz edilməsi ilə bağlı tədbir görülmədikdə;

– tədarük və təchizat agentinə və ya satınalan təşkilata saxta sənəd təqdim edildikdə;

– istehsalçı və satıcıların Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olduqda və ya onlar riskli vergi ödəyicisi qrupuna daxil edildikdə;

– əmlakının üzərinə həbs qoyulduqda və bunun nəticəsində ərzaq məhsulları ilə təchiz etmək potensialı olmadıqda;

– bu Qaydalarda nəzərdə tutulmuş tələblər pozulduqda.

Eyni zamanda qərarla istehsalçıların və satıcıların satınalmada iştiraklarının məhdudlaşdırılmasına dair qərarın qəbul edilməsi qaydası da müəyyənləşib.

İstehsalçı və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakları tədarük və təchizat agenti tərəfindən bu Qaydaların 5-ci hissəsi ilə müəyyən edilən hallar mövcud olduqda 1 (bir) il müddətinə məhdudlaşdırılır.

Tədarük və təchizat agenti istehsalçı və satıcının satınal- mada iştiraklarının 1 (bir) il müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edir.

Yuxarıda nəzərdə tutulmuş qərar tədarük və təchizat agentinin rəhbəri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən imzalanır. Monitorinqin nəticələri haqqında qərarın surəti qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günündən gec olmayaraq istehsalçı və satıcıya təqdim edilir və ya poçt vasitəsilə göndərilir, qərarın əsli isə tədarük və təchizat agentində saxlanılır.

Bu Qaydalarda nəzərdə tutulmuş qərarda aşağıdakılar göstərilməlidir:

– qərarın adı, qəbul olunma tarixi, yeri və qeydiyyat nömrəsi;

– tədarük və təchizat agentinin adı;

– fəaliyyəti barədə monitorinq aparılan istehsalçı və ya satıcı hüquqi şəxs olduqda adı və hüquqi ünvanı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı və ünvanı;

– tədarük və təchizat agentinin məsul vəzifəli şəxsinin soyadı, adı və imzası;

– monitorinqin aparılmasının əsası;

– monitorinqin başlama və bitmə tarixləri;

– məhdudlaşdırıcı hallar barədə məlumat və aparılan monitorinqlərlə bağlı zəruri sənədlər;

– aşkar olunmuş məhdudlaşdırıcı halların aradan qaldırılması üçün görülməli işlər;

– qərardan şikayət verilmə müddəti və qaydası;

– tədarük və təchizat agentinin möhürü.

Həmçinin, tədarük və təchizat agentinin qərarından şikayət verilməsi qaydası da açıqlanıb.

İstehsalçı və satıcılar monitorinqlərin nəticələrindən razı qalmadıqda inzibati və ya məhkəmə qaydasında şikayət verə bilərlər.

İnzibati qaydada verilən şikayətə 1 (bir) ay müddətində baxılır və aşağıdakı qərarlardan biri qəbul edilir:

– qərarın qüvvədə saxlanılması haqqında;

– qərarın dəyişdirilməsi haqqında;

– qərarın ləğv edilməsi haqqında.

Qərar qəbul olunduğu tarixdən 3 iş günü müddətində istehsalçı və satıcıya təqdim edilir və ya poçt vasitəsilə göndərilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir