Cəmiyyət

Gəncə terrorunda ana-atasını itirən körpə Nilayın nənəsi: “Atası yatmış olsaydı, bəlkə də sağ qalmazdı” – FOTO

Sharing is caring!

“O, bir həftə nə baş verdiyini dərk edə bilmədi. Başında yarası var imiş, bilməmişik. Dayanmadan başını tutub qışqırırdı, ata-anasını istəyib ağlayırdı. Gəncədə evləri bombalananda Nilay 1 yaş 10 aylıq idi. Onu yenidən həyata adaptasiyası üçün iki psixoloq köməyi aldıq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olan 1992-ci il təvəllüdlü Günay Əliyevanın anası Sevil Babazadə deyib.

Sevil xanım Nilayın nənəsidir. Nilay Gəncə hadisələrində nəinki anası Günay Əliyevanı, eləcə də atası Adil Əliyevi və ata nənəsi Afaq Əliyevanı da itirib.

Sevil xanım deyir ki, həmin gecə baş verən dəhşəti unuda bilmir:

“Biz Qələbə parkından bir xeyli aralı məsafədə, Abbas Səhhət küçəsində yaşayırdıq. Elə həmin gecə hamı kimi biz də yatmışdıq. Bir anda elə bil yer-yerindən oynadı. Yatdığım yerdə sanki yıxıldım. Heç bilmirəm əynimə başıma nə atdım, nə geyindim. Tez qaynımın maşını ilə Qələbə parkı tərəfə getdik. Bina yerlə bir olmuşdu. O binalar torpaq binalar idi, toz olmuşdu desəm, yalan olmaz. Orada uşaq var dedim, qışqırdım ki, “uşağı tapdınızmı?” Dedilər xəstəxanaya aparılıb. İnanmadım ki, məni aldadırlar. Elə bunu demişdim ki, qızımı mənim gözümün önündə uçqunun altından çıxardılar. Onlar ikinci mərtəbədə qalırdılar amma cəsədləri binanın zirzəmisindən çıxarırdılar. Bina o qədər dağılmışdı ki…”

1 yaş 10 aylıq Nilayı kimsəsiz qoyan o gecə…

Uçqunlar içərisində qalan Günay və Adil Əliyev cütlüyü və Afaq Əliyeva vəfat edib. Otağın giriş qapısına düşən daş onların evdən çıxmasına mane olub…

Sevil xanım deyir ki, qızının ardınca xəstəxanaya gedib orada nəvəsini tapıb:

“Qızımı yanımda çıxardılar, dedilər nəbzi vurur. Amma heç bir reaksiya yox idi. Xəstəxanaya apardılar, mən də onların ardınca getdim. Yoldaşı ilə qızımı həmin gecə, qudamı isə səhər saat 10-da çıxardılar. Xəstəxanaya çatanda bir anda Nilayı gördüm, uşaq elə vəziyyətdə idi ki, yadıma düşdükcə dəli oluram. Təsəvvür edin heç kimin qucağına getməyən uşaq, şokdan, qorxudan kim əl uzadırdısa onun qucağına qısılırdı. Dayanmadan ağlayırdı. Başında yara varmış bilməmişik”.

Uşağın bezinin içindən diri-diri daşlar çıxartdım…

Nilay bədən xəsarətləri almışdı. Sevil xanım deyir ki, onun həyatını atasının çevik davranması xilas edib:

“Atası gecə yatmış olsaydı, bəlkə Nilay da sağ qalmazdı. Çünki Nilay adətən, atası-anası ilə bir yerdə yatırdı. Atası oyaq idi və tez tərpənib Nilayı qapıdan çölə, qumluğa atıb. Geri qayıdıb yoldaşını, anasını çıxarmaq istədiyində ikinci uçqun olub və dağıntılar altında qalaraq ölüb. Nilayı xəstəxanada həkimlər müayinə edirdi. Uşağı qucağıma aldım ki, buz kəsib, qorxudan qucağıma qısılır. Uşağın bezin dəyişəndə içindən iri-iri daşlar çıxartdım. Görün nə qədər güclü uçqun olub ki, pijamanın üstündən uşağın bezinin içi daşla, qumla dolub”.

Bu gün Nilay bilmir ki, onun ailəsini ermənilər dağıdıb… O hələ dərk etmir ki, isti yuvalarının ocağını bir gecədə söndürən ermənilərdir…

Şirin yuxudan acı həqiqətlərə oyanan Nilay hələ də şirin yuxuya dala bilmir ki, bilmir…

Sevil xanım deyir ki, cəbhə bölgəsindən on kilometrlərlə aralı­da yerləşən bir şəhəri atəşə tutmaq, dağıntılar törətmək nə insanlığa, nə də beynəlxalq hüquq normalarına sığan bir hərəkətdir.

“Bu vəhşiliyi yalnız vəhşilər edə bilərdi. Gəncə terroru dəhşətdir. İnanırsınız ki, mən hələ də o ərazidən keçmirəm. Keçmirəm ki, qoy yadımda elə o dağıntılarla qalsın. Nilay hər ata-ana deyib ağlayanda bilmirik uşağı necə ovudaq. Adi bir uca səsdən də diksinir, səksəkə ilə ətrafa boylanır. Mən onun nənəsiyəm, amma yenə də ana nəvazişini əvəz edə bilmərəm. Mən elə bilirdim ki, Nilay o gecəni xatırlamır. Amma özünün yadındadır atasının onu qapıdan çölə atmağı”.

Düşmən tərəfindən gecə yarısı atılan raket zərbəsi balaca Nilayın xatirəsindən, başqa sözlə, həyatından heç zaman silinməyəcək.

Cəmi 4 ildir ailə quran cütlüyün sevgisinin ilk bəhrəsi idi Nilay. Nə valideynləri məhəbbətlərinin meyvəsinə doya bildilər, nə də Nilay doyunca ana-ata sığalı görə bildi…

Nənəsi deyir ki, uşaq həkim müayinəsindən keçsə də, başındakı yaranın yerini biz 1 həftə sonra biliblər:

“Uşaq ağrını hiss etməyəcək qədər şokda olub. Saçları gur idi. Yara qalıb başında çirk eləyib. Sonra apardıq həkimə. Yara çirk eləyib bütün tük diblərinə yayılmışdı. Körpə canı ilə nə qədər ağrıya dözüb, Nilay. Sənədləri də it-bat olmuşdu. Onun sənədlərini düzəltdim, hüzr mərasimini keçirib, uşağı Bakıya həkimə apardım. Bu gün Nilayı yenidən həyata qaytarmaq üçün 2 psixoloq köməyi almışıq. Hələ də yadından çıxmır o vəziyyət. Bu gün Nilayın yanında fişəng atmaq olmur. Möhkəm bir partlayış, gurultu səsi gələndə qaçıb bir küncdə başını tutub qışqırmağa başlayır”.

Noyabrın 19-da balaca Nilayın ad günüdür. Təəssüf ki, balaca Nilay bu ad gününü valideynləri olmadan keçirəcək… Oktyabrın 11-dən bu günə kimi baxdığı hər yerdə valideynlərini axtaran Nilayın balaca qəlbindəki oda su səpə bilmərik bəlkə də, amma Nilayın yeni yaşını, gözəl gününü az qala bütün Azərbaycan təbrik edəcək… Ailənin sənə arzu etdiyi, gözəl, xoşbəxt günlər sənin olsun…

Qeyd edək ki, 1 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan silahlı qüvvələri daha bir terror törədiblər. Belə ki, hərbi əməliyyatlar zona­sından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən “Scad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə Qələbə parkının ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir