Cəmiyyət

Azərbaycan Ordusunun mayoru: “Cəbrayılda ən ağır döyüşlər “Teleqüllə” adlandırılan ərazidə oldu” – FOTO

Sharing is caring!

“Cəbrayılın azad olunması uğrunda ən ağır döyüşlər “Teleqüllə” adlandırılan ərazi istiqamətində oldu”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Ordusunun mayoru, Vətən müharibəsinin iştirakçısı Emin Ağamalıyev deyib.

O bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uşaqlıq arzusu olub.

“2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrində zabit olaraq xidmət edirəm. Sentyabrın 26-da bizə qəfil əmr gəldi. Rabitənin təşkili məqsədilə göstərilən istiqamətdə olmalı idik. Biz dərhal komandanı yerinə yetirərək hərəkətə başladıq. Sentyabrın 27-i səhər saatlarında ora çatdıq və öz mövqelərimizi quraraq növbəti əmri gözlədik. Bir gün sonra isə bizə təcili əmr gəldi ki, Füzuli rayonunun Horadiz istiqamətinə gedib rabitə qurulmalıdır. Orada təpələrin birinin ətəyində öz texnikalarımızı saxladıq və növbəti komandanı gözlədik”, – Azərbaycan Ordusunun mayoru söyləyib.
 

Zabit vurğulayıb ki, oktyabrın 7-si döyüş texnikalarını Cəbrayıl rayonunun Şükürbəyli kəndi istiqamətində yerləşdiriblər:

“Oktyabrın 10-da isə Cəbrayılda “Teleqüllə” deyilən ərazidə rabitənin təşkili məqsədilə mövqelərimizi qurduq. Məhz ən çətin döyüşlər də bu istiqamətdə oldu. Ora daxil olmaq çox çətin idi. Çünki düşmənin texnika və canlı qüvvəsi həddindən artıq çox idi. Onlar bizi daha çox artilleriya atəşinə tuturdular. Ərazidə özümüzü qorumağa mövqe yox idi. Ruh yüksəkliyi bizdə çox olduğuna görə o çətinliklərə qalib gəldik”.

E.Ağamalıyev deyib ki, müharibənin ilk günlərindən düşmənin qorxu və həyəcan içində olması açıq-aşkar özünü büruzə verirdi:

“Ermənilərin şəxsi heyətinin çox olmasına baxmayaraq, qeyri-bərabər döyüşlərdə bizdəki nifrət və qəzəbi görüb döyüş texnikalarını atıb qaçırdılar. Təbii ki, biz də düşmənin atıb qaçdığı həmin texnikalardan elə onların özünə qarşı istifadə edirdik”.
 

“Ailəliyəm iki övladım var. Müharibə zamanı mən şəxsən ailəmlə oktyabrın 26-na qədər əlaqə saxlaya bilmədim. Çünki qızğın döyüşlərdə ailə yadıma düşmürdü, beynimdə yalnız bir fikir var idi – düşməni məhv etmək, qələbə müjdəsini xalqımıza çatdırmaq. Torpaqlarımız şəhidlərimizin canı, qanı hesabına işğaldan azad edildi. Döyüşlərdə mayor Müseyib Zeynalovun şəhid olması məni daha çox sarsıtdı. Çox savadlı, öz şəxsi heyətinin qeydinə qalan, şən zabit idi. Dünyaya mesaj olaraq bildirmək istəyirəm ki, Azərbaycan Ordusu müzəffər və qalib ordudur. Biz öz gücümüzlə düşmənin istənilən vaxt təxribatının qarşısını almağa qadirik”, – zabit vurğulayıb.

Qeyd edək ki, E.Ağamalıyev Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir