Cəmiyyət

İkinci doğum günü…

Sharing is caring!

Ruslan Zeynal yazır…

Anamın 60 illik yubileyini Şuşada qeyd etmək istəyirdik. Alınmadı…

Axşamdan Sumqayıta gəldim. Axşam deyəndə ki gecə yarıya az qalmışdı. 30 ildir ata yurdunu görməyən anam burada yaşayır. Görüşdük, dərdləşdik saat oldu 2. Səhər 5:30-da yenidən Bakıdakı Beynəlxalq Avtovağzala gəlməli idik. Avtobus buradan çıxır. Gözümü təzəcə yummuşdum ki, telefonum xoruz kimi banladı. 

Xoruz dedim Şuşada həyətimizdəki xoruz yadıma düşdü…

Uşaq idim, 4-5 yaşım olardı. Dəcəl idim, əlimdə çubuqla elə təxminən özüm boyda olan xoruzu dinc buraxmırdım. Xoruz da gözünə döndüyüm bir dəfə üstümə atılmışdı. Caynaqlarının izi qalmışdı üzümdə. Amma bəxtim gətirmişdi, gözüm salamat qalmışdı. Elə buna görə rəhmətlik Tələt babam bıçağı əlinə götürüb həmin anda xoruzu o dünyaya göndərmişdi..

O dünyanın dünyası…

Arada düşünürəm ki, görəsən baba-nənəmin o dünyada yerləri necədir? Deyirəm, kaş elə sağ olaydılar, bu avtobusa mindirib onları doğma torpaqlarına, yurd-yuvalarına aparaydım. Düzdür, şəhəri, həyət-bacanı və evi dağılmış vəziyyətdə görmək onlara ağır təsir edəcəkdi, amma heç olmasa bu günləri görəcəkdilər.

Görəcək günlərimiz qabaqda imiş…

Səhər Bakı Beynəlxalq Avtovağzalına gəldik. Maşını park edib liftlə yuxarıya qalxdıq. 3-cü mərtəbənin çıxışından çölə çıxdıq ki, alaqaranlıqda camaat yığışıb. Ağ rəngli avtobus, neçə ildir bəxti qaralan, fəqət bu gün ağ günə çıxan Qarabağa – Şuşaya yola düşəcəkdi. 47 nəfərlik “NeoPlan” avtobusun planı dolmuşdu deyəsən. Vəsiqələri yoxlayıb adımızın qarşısına bir quş qoydular. Siqareti yandırmağa macal tapmamış onda gördüm ki, tərpəndik.

Lap arxa yerlərə ala bilmişdim bileti. Dispetçer sağ olsun, anam və xalamı qabada yerbəyer etdim. Bəxtim gətirdi ki, gəlməyənlər var idi. Uzandım, dedim bir az mürgüləyim…

Füzuli rayonunun Əhmədbəyli kəndində avtobus istirahət üçün saxladı. Siqaret yandırdım. Sonra çaya oturduq, yüngül yemək də atışdırdıq. Sonra yenə də yola davam etdik. Yol boyu bələdçinin maraqlı şərhləri diqqətimi çəkdi.

Sağ tərəfdə Qaraxanbəyli kəndidir. Hər tərəf minalanıb. Qarşıdakı yer isə Ohanyan xəttidir, baxın ora. Ən çox şəhid verdiyimiz yer. Allah şəhidlərimizə rəhmət eləsin, onları sayəsində buraları görmək bizlərə qismət oldu…
Sol tərəf isə Füzuli şəhəri, Füzuli hava limanı… Köhnə Ağdam yolu, Köndələnçay…

Düşünürəm…

Neçə ildir həyatımız, yaşayışımız da köndələn olub. Əyri xətlə yaşamışıq, elə bil yolumuzu əyiblər, özümüzü əziblər. Evimizdən didərgin ediblər. Yolboyu daşı daş üstündə qalmayan uçuq evlərə baxıram, taleləri də insan taleyinə bənzəyir o evlərin. Dolanbac yollarla dik qalaya doğru yüksəldik. Bu, sanki bizim ruhumuzun da zirvəyə qalxması idi. Avtobus Şuşaya “Zəfər yolu” ilə qalxdıqca içimdəki qələbənin təntənəsini təkrar yaşayıram. Şuşaya bundan əvvəlki səfərlərimdə bu qədər fəxarət yaşamamışdım. Bəlkə də, duyğuların sehrində idim. 

Şuşa sanki bir sehrbazdır…

Şəhərə girər-girməz hər kəs telefonları əlinə alaraq çəkməyə başladı. Avtobusda şuşalı olan, olmayan hamı ovsunlanmışdı. Anamı diqqətlə süzürdüm. Onun çox həyəcanlanmasını istəmirdim. Çünki səhhətindəki problemlər daha da ağırlaşa bilərdi. Oxuduğu 4 nömrəli məktəbin yanından keçəndə gözlərində uşaq vaxtı yollandığı yollarla 40-50 il əvvələ getdiyini hiss etdim. 60 yaşı yenicə tamam olub anamın. 30 ildir Şuşadan ayrı düşüb. Bu hisslərin nə demək olduğunu onun özündən başqa kimsə bilə bilməz məncə.

Turun proqramına görə biz əvvəlcə Cıdır düzünə getməli idik. Avtobus Cıdıra gedən yolda saxladı və biz Vaqifin məqbərəsindən yuxarıya doğru pay-piyada yeriməyə başladıq. Anam və xalam çətin hərəkət edirdi. Yaxşı ki, xeyirxah Şuşa polisinin maşınları özünü vaxtında çatdırdı. Anamgil mən və Aygün xalamın oğlu Hüseyndən daha tez Cıdır düzünə çatdılar. Biz isə iti addımlarla onlara yetişdik. 

Hüseyn anadan olanda Şuşa artıq işğal olunmuşdu….

O, 1993-cü ildəndir. Heç vaxt Şuşanı görməmişdi. Amma içində baba yurdunu görmək üçün bambaşqa həvəs var idi. Cıdır düzündə hamı kimi gəzinti və şəkil çəkdirəndən sonra ən ağır səhnə məni darmadağın elədi. Özüm gedəndə heç o hissəyə yaxınlaşmamışdım. Söhbət babamın uyuduğu qəbiristanlıqdan gedir, əgər oraya qəbiristanlıq demək olarsa.

Demək olar ki, qəbirlərin çox hissəsi məhv edilmişdi. Tək-tük və tənha qalan başdaşı var idi, onlar da hündür otların, ağacların arasından bizə boylanırdı. Sanki dil açıb: Neçə ildir haradasınız, niyə gəlmirsiniz? Bizi burada düşmənlə tək qoyub hara getmişdiniz, deyirdilər. Bu var-gəldə anamla xalamın babam Tələt kişiylə “söhbəti” məni daha da silkələdi. Onlar bu ünsiyyəti illərdir gözləyiblər yəqin…

– Ata, ay ata gəlmişik, qızların gəlib… Gözün aydın, Şuşaya qayıtmışıq. Amma anamızı gətirə bilməmişik, bağışla bizi…

Anaları – nənəm Validə xanım…

Qəbri Sumqayıtdadır…Keçən dəfə Şuşadan gedəndə torpaq aparmışdım, inancımız var axı. Şuşadan apardığım torpağı onun uyuduğu məzara səpdim. Ruhuna rahatlıq səpilsin düşüncəsiylə, bəlkə Şuşanın azad olunmasını hiss edər deyə. Ölənə qədər Şuşa dedi, Şuşasız getdi bu dünyadan. Amma tək mənim nənəm deyildi Vətən həsrəti ilə gözlərini əbədi yuman…

Vətən uğrunda şəhid olub əbədiyyətə qovuşanlar….

Gözünü əbədi yummaq demişkən, mən Şuşaya hər üç səfərimdə hər addımda gözlərini qırpmadan, qorxmadan, aslan kimi düşmənə qan udduran igidlərimizin izlərini və ruhlarını bütün iliyimdə hiss etmişəm. Ağırdır. Bir göz qırpımında Vətən uğrunda həyatından keçirsən. Ölüm-dirim savaşında düşmənin belini qırırsan. Fəqət şərəfli ölüm səni haqlaya bilər.

Şuşanın havasında barıt qoxusu, igid Azərbaycan əsgərinin qartal tək yağının üzərinə şığıması, ağır döyüşlərdə daşına, qayasına sığınarkən oraya hopan isti hənirtisi duyulurdu. Qarmaqarışıq hisslərlə addımlayırdıq üzü baba evimizə tərəf. 

Yenə polisimiz sağ olsun, xidməti maşınıyla bizi dədə-baba ocağına gətirdi. Anam və xalam üçün bu ev doğulub boya-başa çatdıqları, körpəlikdən oranı tərk etdikləri vaxta qədər ən gözəl, eyni zamanda ağrılı-acılı xatirələrinin hələ də yaşadığı isti yuva idi…Amma şərəfsiz erməni yuvamızı 30 il istismar etmişdi, dağıtmışdı. Bizə aid nəsə qalmamışdı, xatirələrdən başqa…

Qapının kandarından içəri girən xalam o anda cırıltı səsini dönə-dönə eşitmək üçün 3-4 dəfə açıb bağladı taxta çərçivəni. Qulaqlarında həkk olunan o səsi eşitmək istəyirdi təkrar. Anam isə nənə və babamın əlləri toxunan daşı-divarı öpüb duz kimi yalayırdı. Mən isə bunları kirimişcə, səssiz müşahidə edirdim. Əlimdən başqa nə gəlirdi ki?!

Həyətimizdə dağıntı, zir-zibil çox idi. Amma birtəhər evə qalxdıq. Otaqlardakı dağıntılar sanki daş və divarların yox, ruhumuzdakı çapıqlar, yaralar idi. 

Təsəvvür edin, körpə ikən oyuncaqla oynadığın, hər səhər oyanıb eyvanından məhəlləyə boylandığın, stol-stulunda yemək yeyib çay içdiyin, çarpayısında yatdığın, həyətində meyvə dərdiyin, bulağından su içdiyin, sağa-sola qaçıb oynayarkən yıxılıb qolunu əzdiyin o ev, həyət…

Haradadır? Dağıdılıb, viran edilib…

Amma bizim kimi o da dözümlü olub. Güclü divarları tam uçmayıb. Qaranlıq otaqları telefon işığıyla işıqlandıra-işıqlandıra gəzə bildiyimiz qədər gəzdik evi. Salamlaşdıq, bərk-bərk qucaqlaşdıq. Dərdləşdik… Həyətdə uşaq vaxtı əkilən armud, alma ağaclarından meyvə də dərdik… Amma içimizdə yanan közü söndürə bilmədik… Elə bil böyük sağalmaz yara, dərd idi…

Vaxt getdikcə azalırdı, axı turla gedəndə belə olur, gedənlər bilir. Amma yenə şükür, anamgil gəlib gördülər Şuşanı. Bu dönüş əbədi dönüşdür Şuşaya. Analarımızın, atalarımızın, hamımızın əbədi geri dönüşü, qayıdışıdır…

Saat 15:05-dir, Şuşadan Bakıya qayıtmaq üçün avtobusa mindik. Bir vaxtlar qaçaqaçla köçkün düşdüyümüz Şuşadan bu dəfə müvəqqəti paytaxta qayıtdıq. Qayıtdıq ki, Şuşamız daha da çiçəklənsin və biz yenidən və birdəfəlik vətənə dönək…

Sentyabrın 3-ü anamın 60 yaşı tamam olmuşdu. Bunun tam yarısını Şuşa həsrətiylə qovurulan anam üçün hədiyyə axtaranda ağlıma onu təəccübləndirəcək nəsə gəlmədi. Tək bir şeydən başqa, Şuşaya bilet. Nə qədər çalışsam da eyni günə, yəni sentyabrın 3-nə bilet ala bilmədim. 21 sentyabr tarixinə 2 bileti çətinliklə olsa ala bildim. Yaxşı ki, almışdım.

İndi mənə elə gəlir ki, anam əsl doğum gününü, bəlkə də 2-ci dəfə dünyaya gəlişini məhz sentyabrın 21-də yaşadı. Şuşaya dönən gün onun 2-ci doğum günü oldu…

Doğum günün və qayıdışın mübarək, ana-Vətən!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir