Cəmiyyət

Bakıda avtomobil yükünü azaltmaq üçün yeni yol çəkilir? – “Cəmi 100 milyon dollar ayırsaq…” + FOTO

Sharing is caring!

Bir neçə gündür ki, ali və orta məktəblərdə tədris prosesinə başlanılıb. Ali təhsil ocaqlarının əksəriyyəti Bakıda yerləşdiyi üçün paytaxtda sıxlıq dəfələrlə çoxalıb. Bu isə bir tərəfdən kirayə mənzil bazarında ciddi qiymət artımına səbəb olur, digər tərəfdən də kəskin tıxaclarla müşahidə edilir. Bakının avtomobil yükünü azaltmaq üçün mütəmadi olaraq fərqli təkliflər irəli sürülüb. Məsələn, hər il gündəmə gətirilən, lakin nəticəsiz qalan təkliflərdən biri universitetlərin bir qisminin başqa şəhərlərə, yaxud şəhər kənarına köçürülməsidir. 

Bundan əlavə, Xəzərin üstündən yol çəkilməsi təklifi də ciddi müzakirəyə yol açıb. Hətta bir vaxtlar Cənubi Koreya şirkəti üç milyard dollara Bakının cənub girişini Xəzərin üzərindən keçərək Əhmədli ilə birləşdirən yol çəkmək niyyətində idi. Lakin sonralar bu ideya da özünü doğrultmadı. 

Maraqlıdır, Xəzərin üzərindən yol çəkmək avtomobil yükünü azaltmaq üçün nə dərəcədə effektiv ola bilər? Ümumiyyətlə, Bakının avtomobil yükünü azaltmaq üçün hansı addımlar atılmalıdır?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Oxu.Az-a açıqlamasında tıxacların Bakı şəhərində xroniki hal aldığını deyib:

“Yeni dərs mövsümünün başlamasına bir həftə qalmışdan biz müşahidə edirdik ki, yollarda tıxaclar artmağa başlayıb. Burada biz müvafiq qurumların fəaliyyətsizliyini, yol infrastrukturunun düzgün qurulmadığını görürük. Vaxtilə nizamsız tikintilərin aparılması, yolların daraldılması, Bakı şəhərində istismarda olan avtomobillərin çoxunun vaxtının bitmiş olması, parklama yerlərinin olmaması, ictimai nəqliyyatın zəif işləməsi tıxaca yol açan amillərdir”. 

Ekspert hesab edir ki, qismən də olsa, Bakı şəhərində tıxacların qarşısını almaq mümkündür:

“Vəziyyət dəyişməyəcək deyə bir şey yoxdur. İlk növbədə Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatın şaxələndirilməsi həyata keçirilməlidir. İctimai nəqliyyatda xidmət keyfiyyəti yüksəldilməli, köhnə avtomobillərin yenilərlə əvəzlənməsi sürətləndirilməlidir. Həmçinin sürətli tramvay xəttinin, alternativ yolların çəkilməsi məqsədəuyğun olardı.

Bakı buxtası-Əhmədli avtomobil yolunun Xəzər üzərindən çəkilməsi də mümkün ola bilərdi. Lakin bu layihə hazırda gündəmdə deyil, vaxtilə sadəcə təklif olaraq deyilmişdi. Hər bir təklifin rentabelliyi nəzərə alınır. Əgər bu təklif rentabelli olsaydı, əlbəttə, layihə həyata keçirilərdi. Bir yolun tikilməsinə üç milyard dollar vəsait ayrılacaqsa, bu, rentabelli olmayacaq. Onun yerinə ictimai nəqliyyatın inkişafına cəmi 100 milyon dollar ayırsaq, tıxaclar da sonlanar”.

Həmsöhbətimiz qeyd edib ki, mərhələli şəkildə müəyyən vəsait ayıraraq metro və avtobus şəbəkəsini genişləndirmək olar:

“İctimai nəqliyyatın yaxşı işlədiyi şəhərlərdə tıxac az olur.  Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan özəl daşıma şirkətlərinə dövlət tərəfindən müəyyən dotasiyalar verilə, avtobusların sayı artırıla bilər. Bakı şəhərində mobilliyi artırmaq üçün velosiped yollarının çəkilməsinə də ehtiyac var. Bu gün səki üzərində çəkilən “velosiped yolları”, təbii ki, qeyri-ciddidir, dekorativ xarakter daşıyır. Elə bir velosiped yolu çəkilməlidir ki, vətəndaşlar velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etsinlər. Taksi xidmətində tənzimləmənin keyfiyyətli həyata keçirilməsinə də ehtiyac var”. 

Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda sözügedən körpü ilə bağlı heç bir məlumat yoxdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də belə bir layihənin gündəmdə olmadığını diqqətə çatdırıb. Qurum rəsmisi avtomobil yükünü azaltmaq üçün hazırda icrası agentliyə tapşırılan təkliflərin olmadığını da vurğulayıb.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir