Cəmiyyət

Leykozdan vəfat edən Vətən müharibəsi qazisi dəfn olundu – YENİLƏNİB + FOTO

Sharing is caring!

Vətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədov Bakıda dəfn olunub. 

“Report” xəbər verir ki, o, Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, yaylım atəşi açılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndələri, qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, E.Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb.

Doqquz ay leykoz xəstəliyindən əziyyət çəkən E.Səmədov sentyabr ayının 18-də Türkiyənin İstanbul şəhərində müalicə alan zaman vəfat edib.

09:39

Bakıda Vətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədovla vida mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasim qazinin yaşadığı evdə baş tutub.

Mərasimdə qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri iştirak ediblər.

E.Səmədovun atası Qalib Səmədov bildirib ki, oğlu 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb:

“Altı ay idi ki, hərbi xidmətə başlamışdı. Ayağından iki dəfə əməliyyat olunub. 2022-ci ilin fevral ayında ona leykoz xəstəliyi diaqnozu qoyuldu. Rusiyaya, Moskva şəhərinə apardıq, 18 gün orada qaldı”.

Q.Səmədov onu da bildirib ki, E.Səmədov Qubadlıda aldığı xəsarətlərdən sonra doqquz ay idi, xəstəlikdən əziyyət çəkirdi:

“YAŞAT” Fondu tərəfindən Türkiyənin İstanbul şəhərinə müalicəyə göndərildi. Müalicə yaxşı gedirdi, son bir həftə səhhəti yenidən pisləşdi. Yenidən “YAŞAT” Fonduna müraciət etdik və yenə İstanbula müalicəyə göndərdilər. Ağır vəziyyətdə xəstəxanaya çatdırdıq, birbaşa reanimasiyaya yerləşdirdilər. Orada iki gün qaldıqdan sonra dünyasını dəyişdi”.

Qeyd edək ki, E.Səmədov bu gün torpağa tapşırılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir