Cəmiyyət

İki yaşlı uşağı oğurlayan qadın: “Atası onu mənə üç min manata satıb” – FOTO

Sharing is caring!

Bakının Sabunçu rayonunda iki yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda sərbəst ifadə verən Gültəkin Muradova ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, iki yaşlı Məhəmməd Şıxəliyevi atasından üç min manata aldığını deyib:

“O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın gəzirdilər. Heç kim onlara baxmırdı. Məhəmmədi aparmaqda məqsədim onun qayğısına qalmaq idi. Mən uşağı gizli yolla da aparmamışam, həmin vaxt ailənin digər üzvləri də evdə olublar. Mən uşağı oğurlamamışam, atası Elgün Nəsirov onu mənə üç min manata satıb”.

Qeyd edək ki, ittihamda göstərilib ki, təqsirləndirilən Gültəkin Muradova qeyri-rəsmi nikahda olduğu şəxslə birgə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq istəyib. Bu məqsədlə qəsəbədə yerləşən yaşayış massivlərini gəzib, oğurlamaq üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.

Hadisə baş verən gün Gültəkin Muradova yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt azyaşlı Məhəmməd Şıxəliyev bacısı Firuzənin yanında olub.

Gültəkin Muradova barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Azyaşlı tapılandan sonra isə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti uşağın atası Elgün Nəsirovun da saxlanıldığı barədə məlumat yaymışdı. Məlumatda onun bu işdə iştirakı ehtimal olunduğu qeyd olunaraq araşdırma aparıldığı bildirilmişdi. Həmçinin Gültəkin Muradova ilə qeyri-rəsmi nikahda yaşayan Şamil Əliyevin də saxlanıldığı açıqlanmışdı.

Hazırda təqsirləndirilən şəxs qismində yalnız Gültəkin Muradova məhkəmə qarşısına çıxarılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir