Cəmiyyət

Həkim-fizioterapevt: “Kabinet, obyektlərdə ucuz qiymətə təklif edilən masajlar risklidir” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Masaj müalicə üsuludur, əfsuslar olsun ki, bəzi qeyri-peşəkar insanlar bu müalicə metodunu ucuzlaşdırıblar. Mənim fikrimcə, masajı hər kəs edə bilməz. Bununla sırf ali təhsilli mütəxəssislər məşğul olmalıdırlar. Masaj sizə asan gəlməsin, biz insan anatomiyası ilə, əzələ qrupları, sinir sistemi, sümük sistemi ilə çalışırıq. Burada başqa heç bir məqam, fikir olmamalıdır”.

Bunu Oxu.Az-a müsahibəsində Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-fizioterapevti Ülviyyə Mikayılzadə deyib. Ü.Mikayılzadə 1998-ci ildən burada çalışır:

– Masajın texnikasını öyrənmək neçə ilinizi aldı?

– Səhiyyə elə bir elmdir ki, daim inkişafdadır. Ən peşəkar mütəxəssis belə, mütəmadi öz üzərində işləməlidir ki, bu yeniliklərdən xəbərdar olsun. Bu gün tibb o qədər inkişaf edib ki, klassik saydığımız metodlarla yanaşı, daha müasir texnikalardan da istifadə edilir. Masaj fizioterapiyanın ən geniş yayılan qoludur və çox faydalı bir sahədir. Dərman müalicəsində orqanizmdə bir çox əks-göstərişlər olduğu halda bu müalicə metodu insanların qaraciyər, mədəaltı vəzi, mədə-bağırsaq sistemi xəstəliklərində, böyrək xəstəliklərində heç bir yan təsirlərə səbəb olmur.

Fizioterapiyada mütəxəssislər patoloji nahiyələri müəyyən edir və konkret həmin nahiyələrlə işləyirlər. Məsələn, diz oynağında olan problemə, ağrıya hər hansı iynə və ya dərman preparatları ilə təsir edə bilərik. Lakin biz fizioterapiya ilə həmin nahiyəyə təsir edərək mədə-bağırsaq sistemini, böyrək, eləcə də sidik-ifrazat sistemini qıcıqlandırmadan müalicə edə bilirik.

– Bir ara lazer ustaları dəbə düşdülər, hər kəs üç-altı ay kurs keçib lazer ustasıyam deyirdi. Sonra bunu masajçılarda da gördük. Hər yerindən duran masajçı ola bilər?

– Təəssüf ki, bu gün belə bir yanlış anlayış formalaşıb. Amma masaj və müalicəvi idman nəinki Azərbaycanda, bütün dünyada geniş yayılıb. Masaj müalicə üsuludur, əfsuslar olsun ki, bəzi qeyri-peşəkar insanlar bu müalicə metodunu ucuzlaşdırıblar. Mənim fikrimcə, masajı hər kəs edə bilməz. Bununla sırf ali təhsilli mütəxəssislər məşğul olmalıdırlar. Masaj sizə asan gəlməsin, biz insan anatomiyası ilə, əzələ qrupları, sinir sistemi, sümük sistemi ilə çalışırıq.

– Bəllidir ki, artıq içilən su da insana ziyandır. Masajın texnikasını bilmədən sağlamlığa ziyan vurmaq olarmı?

– Əlbəttə ki, ola bilər. Bayaq sadaladığım incə məqamlar var. İnsanla işləmək üçün bədənin əzalarını, sinirləri, əzələ sistemini bilməlisən ki, qeyri-ixtiyari yanlış hərəkətlərlə ona xəsarət yetirməyəsən.

– Masaj üçün həkim rəyi mütləqdirmi? İnsanlar yorğunluğu atmaq üçün də masaja üz tuturlar.

– Masajın növləri müxtəlifdir. Müalicəvi masaj üçün bir deyil, ən azı, iki həkimin rəyi olmalıdır. Eyni zamanda qanın, sidiyin ümumi analizləri, rentgen və kardioloji müayinədən keçmək lazımdır. Bu müayinələrin nəticələrinə müvafiq olaraq pasiyentə masaj təyin edilə bilər.

– Bəs masajın hansı növləri var?

– Masajın klassik olaraq, dartma, vibrasiyalı, döyəcləmə və s. növləri var. Qan dövranı, immun sistemi də nəzərə alınaraq təyinata uyğun tətbiq edilə bilir. Bu, peşəkarlar tərəfindən icra olunmalıdır.

– Bəzən ev şəraitində ata-analar uşaqlarından kürəklərinə çıxıb ayaqlamalarını xahiş edirlər. Bu halda hansısa xəsarət almaq mümkündür?

– Bu, çox yanlışdır. Bir həkim kimi insanlara sağlamlıqlarına qarşı belə laqeyd olmağı tövsiyə etmirəm. Çünki onurğa sütunu elə-belə orqan deyil. Baş beyin ilə onurğa beyni arasında mükəmməl bir əlaqə var, onun içərisindən mərkəzi sinir sisteminin önəmli hissəsi keçir.

Həmin o tapdalama zamanı mexaniki travmalar almaq olar. Bu isə zamanla çox ciddi fəsadlara yol aça bilər. Əvvəllər nə üçün bu qədər disk yırtıqları, skolioz yox idi? Bax elə bu tapdalamaların nəticəsi, eləcə də qeyri-peşəkar masajçıların, idman mütəxəssislərinin insanları yanlış yönləndirmələri səbəbindən xəstəliklər cavanlaşıb. Tibbi xidmət göstərən hər kəs və istənilən obyekt, kabinet ciddi nəzarətdə olmalıdır. Peşəkar insanlar müalicə ocaqlarına cəlb edilməli, digər şəxslər isə uzaqlaşdırılmalıdırlar.

– Bir masaj seansı minimum-maksimum nə qədər davam edə bilər?

Masaj təyin olunarkən xəstənin yaşı, cinsi, yanaşı xəstəlikləri mütləq nəzərə alınır. Pasiyentin onurğa sütununda hər hansı problem varsa, oynaqlarında deformasiya varsa, digər xəstəliklər yoxdursa, ona məhz bu istiqamətdə masaj təyin edilir. Yox, əgər yanaşı qaraciyər və başqa daxili orqanlarında xəstəlik varsa, o zaman pasiyentə fərqli yanaşılır. Məsələn, uşaqlarda maksimum üç dəqiqəlik masaj kifayət edir. Böyüklərdə isə təyinatından asılı olaraq mərhələli şəkildə 5-10-15 dəqiqəlik masaj kifayətdir.

– Uşaqlara neçə ayından sonra masaj olar?

– Əsasən həkim-pediatr, nevropatoloq, travmatoloq-ortopedin rəyindən sonra uşaqlara masaj təyin edilə bilir. Xüsusilə uşaqlarda üç aydan sonra yüngül masaj hərəkətləri təyin edilir.

– Masaj zamanı daxili orqanların əzilməsi, funksiyalarının pozulması kimi hallar baş verə bilərmi?

– Qeyri-peşəkar insanlar tərəfindən salonlarda, hansısa kabinet, obyektlərdə ucuz qiymətə təklif edilən masajlar zamanı, əlbəttə, bu risklər mövcuddur. Masajın müddəti, hansı nahiyədə hansı texnika ilə tətbiq edilməsini bilmədikləri zaman pasiyentə xəsarət yetirə bilərlər.

– Masaj özü kifayət qədər dərin və reabilitasiya prosesində geniş istifadə edilən üsuldur. Bəs niyə bizim cəmiyyətdə masajçı deyən kimi qəribə bir təəssürat yaranır? Bu mənfi imici yaradan nədir, sizcə?

– Bunu yaradan heç bir ali təhsili olmayan, tibb işçisi olmayan, lakin bir neçə müddətlik kurslar keçib, mənşəyi məlum olmayan sertifikat və təşəkkürnamələrlə masaj xidməti göstərən insanlardır. Belələri bu sahənin dərinliyini bilmədiklərindən, bu elmin, müalicənin adına kölgə salırlar. Bizim çox gözəl masajçılarımız var ki, bu imic onları da istər-istəməz narahat edir. Biz bu kimi mənfi imic yaradan insanların əleyhinəyik.

– Masaj etmək və ovuşdurmağın fərqləri nədir?

– Bunlar ayrı-ayrı anlayışlardır. Masaj çox güclü təsir gücünə malik olan müalicə metodudur. Buna əzələlərin ovuşdurulması kimi baxmaq olmaz. Çünki masaj etdiyimiz nahiyələrdə qaranlıq qalan məqam ola bilməz.

– Peşəkar olmayanlar belə, hər addımbaşı salon açır, hətta bəzən normal maaş verən salonlardan, müəssisələrdən onqat artıq pul təklif edirlər. Sizə necə, belə iş təklifləri olub?

– Xeyr, bu kimi təkliflər olmayıb. Karyeramın müəyyən dövründə özəl klinikalarla əməkdaşlıq etmişəm. Lakin illərdir burada fəaliyyət göstərirəm və insanlara da gözəllik salonları, saunalarda deyil, tibb ocaqlarında təklif edilən masaj xidmətlərindən yararlanmağı tövsiyə edirəm.

– Masaj, doğrudan, arıqladır? Ümumiyyətlə, maksimum nə qədər çəki atmaq mümkündür?

– Deməzdim ki, çəki atmaq üçün sırf masaja müraciət etmək lazımdır. Amma müəyyən mənada əzələ kütləsi çalışır deyə nisbətən ola bilər. Çox cüzi. Hormonal disbalans olduğu yerdə arıqlamaq mümkün deyil. Buna görə diyetoloq, psixoterapevt, reabilitoloqla paralel çalışaraq sağlam arıqlamaq mümkündür.

– Bəs kimlərə ümumiyyətlə masaj tövsiyə edilmir?

– Onkoloji xəstəlikləri olan pasiyentlərə məsləhət görülmür. Hemofiliya, qanaxmaya meyilli insanlara tövsiyə edilmir. Qızdırmalı vəziyyətdə qətiyyən masaj etdirmək olmaz. Hamiləliyin iki və üçüncü trimestrində ciddi göstəriş yoxdursa, masaj olmaz. Bu, uşağın düşməsinə qədər gətirib çıxara bilər.

– Sizin üçün peşənizin çətinliyi nədir?

– Mənim üçün bu peşənin heç bir çətinliyi yoxdur. İnsan çətinliklə dünyaya gəlir. Həyatda gördüyümüz işdən qürur duymalıyıq. Dövlət sayəsində biz oxumuşuq, təhsil almışıq, bu gün də həmin dövlətə ləyaqətlə xidmət edirik.

– Bu günə qədər karyeranızda “kaş ki” dediyiniz an olub?

– Bəlkə də, olub, ola bilməz ki, olmasın. Amma bu dəqiqə xatırlamıram. Elə bir ciddi “kaş ki…” olmayıb, amma mütləqdir ki, nələrsə olub.

– Bəzi masajçılar masajı yağla, bəziləri uşaq pudrası (“prisıpka”) ilə edirlər. Hansı daha doğrudur?

Bəli, bu da hər kəsdə eyni olmur. Körpə uşaqlarda, ahıl yaşlı qocalarda dəri teksturası bir qədər həssas olur. Ona görə də onlarda yağlardan çox, pudralardan istifadə edilir. Lakin yağlar da pasiyentin vəziyyətinə görə dəyişir.

Əgər pasiyentin bud-çanaq oynağında problem varsa, müəyyən məhlullardan, yağlardan istifadə etmək olar.

Skolioz problemləri zamanı biz daha çox badam yağından istifadə edirik. Onun tərkibi fosforla zəngindir. Küncüt yağı da kalsiumla zəngindir. D vitamini də sümüklərin inkişafına xeyirdir. 

– Masaj və xalq təbabəti – hicama, zəli və s. – birlikdə tətbiq edilir? 

Hicama, zəli ilə müalicələr də aparılır. Lakin biz bunu yalnız tibb müəssisələrində tövsiyə edirik. Bu gün apteklərdən tutmuş bir çox salonlarda belə zəlilər satılır. Lakin biz pasiyentlərə zəli alarkən maksimum diqqətli olmağı tövsiyə edirik. Dövlət nəzarətində olan apteklərdən alınması tövsiyə edilir. Zəlinin ağız boşluğunda hirudin adlı ferment var. Bu ferment qanın laxtalanmasına təsir edərək qanı duruldur. Qaraciyər xəstəliyindən əziyyət çəkən adamlar bu müalicədən öncə qanın ümumi analizindən keçməli, şəkər və laxtalanma yoxlanılmalıdır.

Əgər pasiyentdə şəkər varsa, ona zəli müalicəsi tətbiq edilə bilməz. Yüksək dərəcəli şəkər zəlinin bədəndəki diş izlərinin yerinin sağalmasına şərait yaratmır. Bu zaman isə həmin nahiyələrdən bədənə başqa infeksiyalar düşə bilər.

– Səyyar masaj xidmətləri nə qədər aktualdır?

– Bu daha çox müharibə dövründə tətbiq edildi. Amma bu gün də bizim institut tərəfindən qazilərimizə səyyar masaj xidmətləri göstərməklə onları reabilitasiyaya cəlb edirik. Bir çox qazilərdə yuxarı və aşağı ətraflarda hərəkət məhdudluğu, hətta amputasiya var. Mütləq qaydada fəaliyyəti bərpa edilə biləcək əzələ qrupları ilə işləmək lazımdır. 

– Masajın sümük inkişafında rolu varmı?

– Əlbəttə, müsbət təsiri var. Xüsusilə bir-üç yaş arası uşaqlarda masaj sümük inkişafına çox böyük təkan verir. Bütün pasiyentlərə müalicəvi bədən tərbiyəsini tövsiyə edirəm. İdman hər kəsin həyat tərzi olmalıdır. Bu zaman bir çox xəstəliklərin qarşısını almış oluruq. Ən pis halda yoluxacağımız xəstəlikləri ən az zərərlə keçirə bilərik.

Könül Cəfərli
Daha çox foto burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir