Cəmiyyət

Bakıda kişi 30 manat pula görə keçmiş arvadını döydü

Sharing is caring!

Sabunçu Rayon Məhkəməsində anasını döyməkdə təqsirləndirilən Sərdar Səmədovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, o, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 saat ictimai işlər cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanıb.

Hökmdə qeyd olunub ki, Sərdar Səmədovun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılıb.

İttiham aktına əsasən, hadisə bu il avqustun 4-ü saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Sərdar Səmədov keçmiş arvadı İlhamə Qarayeva (ad, soyadı şərti) ilə yaşadığı mənzildə olarkən ondan 30 manat pul istəyib. Qadın isə həmin pulu ona verməyib. Buna görə hər iki şəxsin arasında mübahisə yaranıb. Daha sonra təqsirləndirilən şəxs qəsdən ayağı ilə keçmiş arvadının sağ ayağının baldır nahiyəsinə vuraraq ona bədən xəsarəti yetirib.

Məhkəmə iclasında Sərdar Səmədov elan edilmiş ittihamda özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü keçmiş arvadı İlhamə ilə aralarında mübahisə yaranıb.

Təqsirləndirilən şəxs söyləyib ki, onlar rəsmi boşansalar da, eyni evdə yaşamağa davam ediblər:

“Hadisə günü İlhamə işdən gec gəlmişdi və mən buna görə narazılığımı bildirdim. Sonra İlhamədən evə bazarlıq etmək üçün 30 manat pul istədim və növbəti gün qaytaracağımı dedim. İlhamə pulu vermədi və aramızda mübahisə yarandı. Mən də ona qəsdən xəsarət yetirmədim. Mübahisə əsnasında zərərçəkmiş şəxs məni dəfələrlə vurdu və üzərimə gəldi. Mən də bilmədən ayaq üstə dayanmış vəziyyətdə olan keçmiş arvadımın baldırının üzərinə çıxdım. Törətdiyim əməldən səmimi peşmanam”.

Məhkəmə iclasında zərərçəkmiş şəxs ifadəsində deyib ki, 2006-cı ildə təqsirləndirilən şəxs ilə ailə həyatı qurub və 2009-cu ildə rəsmi nikahları olub:

“Birgə nikahdan 2009-cu il təvəllüdlü və 2011-ci il təvəllüdlü iki oğlan övladımız var. Lakin Sərdar evə baxmadığı və spirtli içki aludəçisi olduğuna görə dörd ildir rəsmi olaraq ayrılmışıq. Uşaqlar məndə qaldığı üçün Sərdar tez-tez yaşadığımız evə gələrək qalır və məndən pul tələb edirdi. Son zamanlar Sərdar mərc oyunlarına qurşandığı üçün müxtəlif məbləğlərdə pullar uduzurdu. Hadisə günü o, qaldığım evdə olarkən məndən 30 manat pul istədi. Mən də Sərdara pul verməyəcəyimi bildirdim. Buna görə mənimlə mübahisə etməyə başladı. Həmin vaxt yataq otağında yerdə uzanıqlı vəziyyətdə idim. O, qəsdən sağ ayağımın üzərinə vurdu və mənə xəsarət yetirdi. Hazırda ondan şikayətçiyəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir