Cəmiyyət

Tamah məqsədilə anasını öldürdü, oğlunu cinayətə şərik etdi

Sharing is caring!

2020-ci il oktyabrın 9-da Mingəçevir şəhərində 1936-cı il təvəllüdü Bənövşə Ələkbərovanın qızı Sədaqət Əsgərova tərəfindən boğularaq öldürülməsi hadisəsinin təfərrüatı üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Əsgərovanın oğlu, 1993-cü il təvəllüdlü Dəyanət Əsgərovun anasının törətdiyi cinayət əməlindən xəbərdar olması və nənəsinin meyitinin Göyçaya aparılaraq Müskürlü kənd qəbiristanlığına atılmasında iştirak etməsi üzə çıxıb. Onun barəsində Cinayət Məcəlləsinin 307.2-ci (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə iş açılıb. İşin materialları daha sonra Göyçay Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə o, törətdiyi əməli etiraf edib və anasının ahıl nənəsinə baxmaq istəməməsinə görə onu qətlə yetirdiyini deyib: 

“Hadisə baş verən gün axşam saat 22 radələrində evə gəlmişdim, yan otaqdan xırıltı səsi eşitdim. Oraya daxil olanda anam Sədaqət Əsgərovanın uzun müddət yataq xəstəsi olan nənəm Bənövşə Ələkbərovanın üz nahiyəsini yastıqla sıxaraq boğduğunu gördüm. Dərhal mane olmağa çalışdım, anam kənar durmağımı, qarışmamağımı dedi, artıq ona qulluq göstərməkdən bezdiyi səbəbindən onu öldürdüyünü bildirdi. Az sonra anam yastığı nənəmin üzündən çəkdi, onun nəbzini yoxladım və gördüm ki, artıq vəfat edib”.

Dəyanət Əsgərov bildirib ki, anası ilə mübahisə etdikdən sonra öz otağına gedib: 

“Daha sonra anam gələrək Mingəçevir şəhəri ərazisində qəbiristanlıqda yer axtarmalı olduğumuzu, nənəmi gizli dəfn etməli olduğumuzu bildirdi. Əlavə etdi ki, nənəmin hər ay 237 manat məbləğindəki pensiyasını ala bilmək üçün belə etməliyik. Bu zaman anamın təklifi ilə razılaşdım. Həmçinin anam əlavə olaraq, kənar şəxslərə guya Kürdəmir rayonunda yaşayan qardaşı Səfərin öldüyünü deməyimi bildirdi. Bundan sonra Mingəçevir ərazisində qəbiristanlıqları gəzdik. Lakin bizə uyğun qəbiristanlıq tapa bilmədik. Belə ki, qəbiristanlıqlara nəzarət edən şəxslərə dayımın öldüyünü və yer axtardığımızı bildirdikdə onlar qanunauyğun olaraq ölüm kağızı və digər bir sıra sənədləri toplayaraq gətirib təqdim etdikdən sonra meyiti dəfn edə biləcəklərini bildirdilər. Vəziyyətin bu cür cərəyan etdiyini görüb nənəm Bənövşəni Ucar rayonunda dəfn etmək qərarına gəldik”.

Təqsirləndirilən şəxs əlavə edib ki, əslən Ucar rayonundandırlar və meyiti Ucara aparmaq üçün Mingəçevir şəhərində məscidin yanında olan yük maşınlarından birinin sürücüsü ilə danışıb: 

“Sürücüyə dayımın vəfat etdiyini, meyitinin rayona aparmalı olduğumuzu dedim. O, bizdən 70 manat tələb etdi və razılaşdıq. Meyiti kəfənləyərək xalçaya bükdük və maşına qoyaraq yola çıxdıq. Ucara çatanda anam fikrini dəyişdi, dedi ki, meyiti Göyçay rayonunun Müskürlü kəndində dəfn edək. Həmin gün saat 5 radələrində Müskürlü kənd ərazisinə daxil olaraq qəbiristanlığı tapdıq. Hava bir qədər işıqlanan kimi qəbiristanlığa daxil olduq və nənəmin meyitini qəbirlərin arasına qoyub geri qayıtdıq. Orada bel və digər alətlər tapa bilmədiyimiz üçün nənəmi basdıra bilmədik”.

Bundan sonra Müskürlü qəbiristanlığındakı “Mustafa Baba” ziyarətgahının xidmətçisi qəbiristanlıqda torpağın üstünə xalçaya bükülmüş halda tapdığı meyitlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. S.Əsgərova tutularaq Göyçay Rayon Prokurorluğuna gətirilib və onun barəsində Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə iş açılıb və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhkum edilib.

Anasının törətdiyi cinayəti bilən və ona bəzi köməkliklər etmiş oğluna isə ayrıca iş açılıb. Göyçay Rayon Məhkəməsi ona 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir