Cəmiyyət

Qərar verilib, əşyalar yığılıb, 30 illik həsrət bitir – Ağalıya köçəcək ailədən REPORTAJ + FOTO

Sharing is caring!

Zeynalovlar ailəsi doğma Zəngilan rayonunun Ağalı kəndinə köçməyə qərar verib. 30 illik həsrət bitir. Artıq evin əşyalarını yığıblar, sabahı səbirsizliklə gözləyirlər.

“Report” sentyabrın 9-da Zəngilana köçəcək 13 ailədən biri – Zeynalovlar ailəsinin qonağı olub.

Prosesi yaxından izləmək üçün ailənin başçısı Ramin Zeynalovla salamlaşıb gözaydınlığı verərək evə daxil oluruq. İçəri keçəndə görünən mənzərə onu deməyə əsas verir ki, hələ zamanlarının olmasına baxmayaraq, ailə bütün əşyalarını toplayıb. Ağlımdan “Gör necə sevinclidirlər” düşüncəsini keçirdiyim anda evin xanımı Nuranə Zeynalova yan otaqdan çıxıb sevincək halda “xoş gəlmisiniz, bilirsiniz, evimizə getmək üçün necə tələsirəm, bütün əşyalarımızı da artıq toplamışıq” deyir.

Sevinci gözlərindən bəlli olan Ramin Zeynalov 30 ildir bu günü gözlədiyini, sevincinin həddi-hüdudu olmadığını bildirir:

“Duyğularımı tam ifadə edə bilmirəm. Bu gün çox xoşbəxtəm. Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, Mehriban Əliyevaya özüm və ailəm adından dərin təşəkkürümü bildirirəm. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından-qanından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa arzu edirəm. Bu gün onların sayəsində doqquz yaşımda didərgin düşdüyüm ata ocağıma yenidən qayıdıram. Təsadüfə baxın sentyabrın 10-u mənim doğum günümdür. 41 yaşım tamam olacaq və mən doğum günümü Zəngilanda, Ağalı kəndində, doğulub boya-başa çatdığım torpaqlarda qeyd edəcəyəm”.

Söhbətimizin bu yerində Ramin Zeynalov ata və anasının şəklini göstərib, onların bu günü görmədiyinə təəssüfləndiyini bildirir:

“Təkcə, ona görə kədərlənirəm ki, biz Zəngilandan çıxanda ata-anam da yanımızda idi. Ancaq indi onlarsız geri qayıdıram. Atam 10 il bundan əvvəl dünyasını dəyişib. O, torpaqlarımızın işğaldan azad olunmasını görmədən bu dünyadan köçdü”.

Müsahibim kövrək şəkildə, səs telləri qırıla-qırıla sözlərinə davam edir:

“Anam isə 6 aydır vəfat edib. Ona torpaqlarımızın yağılardan təmizləndiyi xəbərini eşitmək, zəfər sevincini duymaq nəsib oldu. Anama söz vermişdim ki, onu evimizə aparacağam. Amma sözümü tuta bilmədim. Bütün bunlara baxmayaraq, əminəm ki, indi valideynlərimin hər ikisinin ruhu şaddır”.

Söhbətin bu yerində yanımda əyləşən Ramin Zeynalovun qızı 12 yaşlı Arzu Zeynalovanın da kövrəldiyinin fərqinə varıram. Görünür, bundan sonrakı həyatını atasının böyüdüyü torpaqlarda yaşamaq üçün o da can atır:

“Çox xoşbəxtəm. Atam bizə hər zaman Zəngilanın necə gözəl bir yer olduğundan, oradakı evlərindən, həyat-bacalarından danışıb. Mənim üçün oralar çox maraqlıdır. Ona görə də çox sevincliyəm”.

Ailə ilə 30 ildə baş verənlər haqqında danışıb, çətin günlərinin arxada qalması barədə söhbətləşirdik ki, evə qonaq gələn Nuranə Zeynalovanın atası əslən Qubadlının Xanlıq kəndindən olan İsmayıl Qədimalıyev oraların necə gözəl yerlər olmasından bəhs edir:

“Qızım, oralar cənnətdir. Qarabağ həqiqətən də cənnətdir. Mən o qədər sevinirəm ki, qızım və onun ailəsi bundan sonra bizim doğulub-böyüdüyümüz torpaqlarda yaşayacaqlar. Köçkün həyatı çox çətindir. Deyirlər ki, onu yaşamayan bilməz. Doğrudan da elədir. Otuz ildə çox çətin günlərdən keçdik. Ev-eşiyimizi yağılara qoyub çıxmaq məcburiyyətində qalmışdıq. Bu gün alnıaçıq, üzüağ qarabağlılar öz evinə, torpağına qayıdırlar. Gözümüz aydın olsun. Hər kəsi təbrik edirəm. Allahdan xalqımıza hər zaman, sülh, xoşbəxt və firavan yaşamağı arzu edirəm”.

Köçməyə hazırlaşan ailəni daha artıq məşğul etməmək üçün söhbətimizi bu yerdə dayandırıb, bir daha təbrik edib, yenidən bu dəfə isə Zəngilanda görüşmək ümidi ilə sağollaşırıq.

Qeyd edək ki, sentyabrın 9-da 13 ailə məcburi köçkünlük həyatına son verəcək.

Xatırladaq ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb.

Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1 504 nəfər).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir