Cəmiyyət

Ağalı sakinləri iş yerləri ilə təmin olunurlar – REPORTAJ + VİDEO

Sharing is caring!

Zəngilanın Ağalı kəndinə köç edən ailələr işlə təmin olunurlar. İşğaldan azad edilmiş Ağalı kəndinə ilk qayıdan insanlar burada yaradılan iş yerlərində çalışırlar.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu Ağalı kəndində səfərdə olarkən bir neçə sakinlə görüşüb, onların iş prosesi ilə maraqlanıb. Ağalı kəndindəki tikiş müəssisəsində işləyən Qiyafət Həsənova bildirib ki, doğma torpaqlara qayıtmaq, burada yaşamaq onun üçün əvəzsiz xoşbəxtlikdir.

O vurğulayıb ki, Azərbaycan dövləti kənddə həm yaşayış üçün ən müasir şəraiti təmin edib, həm də sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazım olan imkanı yaradıb.

Ağalıda işlə təmin olunanlardan biri də Adilə Süleymanovadır. O, çəkiliş qrupuna bildirib ki, çox gözəl şəraiti olan evlərdə yaşayırlar. Süleymanovlar ailəsinin bütün üzvləri iş yeri ilə təmin ediliblər:

“Ailədə özüm, həyat yoldaşım, oğlum və gəlinim işləyirik. Dövlətimiz bizim üçün bütün şəraiti yaradıb. Doğma torpaqlarımıza qayıtdığımıza, burada yüksək şərait və işlə təmin olunmağımıza görə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”.

Kənd sakinlərinin bir qrupu isə Ağalı Ailə Sağlamlıq Mərkəzində işlə təmin olunub. Mərkəzdə işçilərin sayı doqquz nəfərdir. Burada əlavə olaraq, təcili tibbi yardım xidməti də fəaliyyət göstərir. Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Ceyran Abbasova məmnunluqla vurğulayıb ki, insanların sağlamlıqlarının keşiyində dayanmaq onlar üçün böyük şərəfdir. Tibb işçisi Xeyransa Zeynalova da kənddə yaradılan hərtərəfli şəraitə, ən müasir infrastruktura görə xüsusi təşəkkürünü bildirib.

Qeyd edək ki, işğaldan azad olunduqdan sonra firavan həyatın canlandığı Zəngilan rayonunun Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Artıq 53 ailədən 264 nəfər Ağalıdakı öz “ağıllı” evlərində yaşayır. Köçürülməsi nəzərdə tutulan, Ağalı kəndindən olan ailələrin 25-dən 12-si ötən gün öz əzəli və əbədi torpaqlarına köçürülüb. 13 ailənin isə sentyabrın 10-da köçürülməsi planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir