Cəmiyyət

“Vəkil olmaq istəyirəm” adlı yay məktəbinin bağlanış mərasimi keçirilib – FOTO

Sharing is caring!

Vəkillər Kollegiyasının və Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsi üçün “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinin bağlanış mərasimi keçirilib.

Mərasimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Gənclər Fondunun rəhbərliyi, Milli Məclisin sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, baş prokurorun müavini Heydər Məmmədov, Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin, Mediasiya Şurasının, digər dövlət orqanlarının, ali təhsil müəssisələrinin, vəkil qurumlarının rəhbər şəxsləri, hüquq müdafiəçiləri, beynəlxalq səviyyədə tanınan təlimçi-ekspertlər, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə yay məktəbi barədə hazırlanmış videoçarx nümayiş etdirilib və tədris proqramı barədə təfərrüatlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bildirilib ki, yay məktəbini 36 tələbə xüsusi fərqlənmə ilə bitirib.

Çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib ki, yay məktəbinə 13 yerli və xarici universitetlərdən 300-dən artıq hüquqşünas tələbə müraciət edib:

“Vəkillər Kollegiyası gənclər siyasətinə böyük önəm verir. Yay məktəbi gözləntiləri doğrultdu və gələcəkdə bu kimi layihələr davamlı keçiriləcək. Təklif edirəm ki, qış məktəbinin də keçirilməsi planlaşdırılsın. Artıq oktyabr ayından etibar vəkil məktəbi təşkil olunacaq. Məktəbi bitirənlər vəkil olaraq fəaliyyət göstərəcəklər. Bu da təbii ki, gənc hüquqşünasların işlə təmin olunmasına xidmət edəcək”.

Gənclər Fondunun sədri Fərid Cəfərovun sözlərinə görə, təmsil etdiyi qurum bu cür tədbirin həyata keçirilməsində çox maraqlıdır. O söyləyib ki, yay məktəbi gənc hüquqşünasların ixtisaslaşmasına böyük töhfə verəcək:

“Bu məktəblərdə uğurlu nəticə göstərən tələbələrin artıq təlimçi kimi fəaliyyət göstərməsini təklif edirəm. Gənclərimizin qeyri-formal tədris metodu ilə bilik və bacarıqlarının artırılması Gənclər Fondunun fəaliyyətində xüsusi yer tutur”.

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib ki, gənc nəslin bu imkanlardan səmərəli şəkildə istifadə etməsi üçün xalqımızın adət-ənənələrinə uyğun təhsil, tərbiyə, peşəkarlıq məsələlərinə xüsusi diqqət yetirməsi xüsusi əhəmiyyət kəsb edir.

Baş prokurorun müavini Heydər Məmmədov 23 müsabiqə nəticəsində uğur qazanmış hüquqşünasların prokurorluq kadr korpusunun 83,9 faizini təşkil etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan sistemli islahatların mərkəzində bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gənclər dayanır.

Yay məktəbində iştirak edən bir neçə fəal tələbə də bu məktəb barədə öz təəssürat və fikirlərini bölüşüb.

Tədbirin yekununda yay məktəbini uğurla başa vuran tələbələrə sertifikatlar verilib, verdikləri töhfələrə görə təlimçilərə təşəkkürnamə təqdim olunub.

“Photostock”un əməkdaşları tədbirdən görüntülər lentə alıb:

Daha çox şəkil burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir