Cəmiyyət

“Zalımoğlu” kimi tanındı, içki şüşələri arasında can verdi: Ələsgər İbrahimovun həyat hekayəsi – FOTO

Sharing is caring!

Azərbaycan kinosunun ən yaraşıqlı aktyoru Ələsgər İbrahimovun qısa və acılı ömür hekayəsindən danışacağıq.

Lent.az Azərbaycan kinosunda “Bizi dağlarda axtarın”, “Dvorjakın melodiyası”, “Ömrün ilk saatı”, “Qaraca qız”, “Torpaq, Dəniz, Od, Səma”, “Yeddi oğul istərəm”, “İnsan məskən salır” kimi filmlərdə unudulmaz obrazlarla yadda qalmış Əlsəgər İbrahimov haqqında araşdırma edib.

Sözügedən məqaləni təqdim edirik:

Bir zamanlar qızlar uzaqdan ona baxıb həsrətlə ah çəkər, onunla göz-gözə gəlmək, diqqətini çəkmək üçün yollarının üstündə dayanırdılar. Amma ürəklərə od salan bu məşhur elə pis unuduldu ki, nə ölümündən xəbər tutdular, nə də məzar yerini  bilən kimsə var. Cəmi 37 yaş yaşadı. Ondan geriyə sadəcə, rolları qaldı, bir də adı.

O, ixtisasca aktyor yox, neft mühəndisi idi, kinoya təsadüfən gəlmişdi. Qonşuluqda yaşayan kinorejissor Arif Babayevin sayəsində. 1942-ci ildə İçəri Şəhərdə fəhlə ailəsində doğulmuşdu. Müharibə illərində anası da, atası da zavodlardan birində fəhləlik edirdi, ata o qədər çox işləmişdi ki, əlil olmuşdu, ailənin yükünü anası çəkirdi.

Demək olar ki, tək başına böyüyən Əlsəgərin tək dostu dərs kitablarıydı, elə uşaqlıqdan adamayovuşmaz, az danışan xasiyyəti var idi. Dərslərini yaxşı oxuduğuna görə, məktəbi bitirən kimi ali məktəbə qəbul oldu, neft mühəndisliyini oxudu. Amma iş tapa bilmirdi.

Demək olar ki, bütün gün evlərinin damında quş uçururudu, quşbaz idi. Arif Babayev hər dəfə işə gedib gələndə damda quş uçurtmaqla məşğul olan quşbaz gənci görürdü, məşğuliyyətini sevməsə də, yaraşığı, boy buxunu,  dərin baxışları ilə əsl kino ulduzuna bənzədiyinin fərqinə varmışdı. Təcrübəli sənətkar yanılmamışdı. Bir gün Ələsgəri çağırdı, söhbət etdi, kinoya çəkəcəyini dedi.

Bu arada qeyd etmək yerinə düşər ki, Arif Babayev Xalq artisti Ənvər Həsənovun da kinoya gəlişində rol oynayıb, onu da qonşuluqda tapıb, incəsənətə bəxş edib. O, efirə çıxan gündən hər kəs onu Fransanın tanınmış aktyoru Jan Mareyə bənzətmişdi. Elə Arif Babayevin də diqqətini çəkmişdi bu bənzərlik. Bəlkə şans idi bu, bəlkə uğursuz qismətin aktyora verdiyi kiçik bir hədiyyə.

Ələsgər İbrahimov rejissorun dəvəti ilə “Azərbaycanfilm” kinostudiyasına gəlir və mühəndis kimi işə götürülür. Çox keçmədən Arif Babayev onu “İnsan məskən salır” filmində Ramiz roluna çəkir.

Kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərov onun ifasından məmnun qalır və inkişaf etməsi üçün özünün axşamlar dərs dediyi kino aktyorluğu kursuna da dəvət edir. Hər şey yolunda getsə də, Ələsgər yenə özünün qaradinməz adam obrazından çıxa bilmir. O, kinostudiyanın həyətində quşbazlıq edir, quş damı tikir. Ən pisi isə içki aludəçiliyinə başlaması idi…

Hər tərəfdən sevgi məktubları alsa da, yüzlərlə qadının xəyallarını bəzəsə də, Əlsəgərin ən böyük sevgisi göyərçinlər və içki idi. Bir də…

Bir də bir qız var idi, kinostudiyada. Gənc bəstəkar. Bir-birlərinə bağlanmışdılar. Hər halda qız onu sevir, o isə susurdu, ümid vermirdi, gələcək vəd etmirdi. Uzun illər sadəcə birlikdə gəzib-dolaşmağı bacardılar. Onun ömrünün 37-ci ilində Əlsəgərin ciddi addım atmadığını görən bəstəkar qız, ondan ayrılıb bir başqası ilə yuva qurdu. 

O ərəfələrdə Ələsgərin göyərçinlərindən studiyanın qonşuluğundakılar şikayət edirlər, o, dava salır, hətta bir nəfərin döyüb çənəsini də sındırır. Zalımoğlu özünü əsl zalım kimi aparır, amma ən çox da özünə qarşı. Susqun adam o qədər ciddi, adamayovuşmaz idi ki, kimsə onun nə üçün içkiyə qurşanmasının, sevgisindən vaz keçməsinin səbəbini soruşa bilmirdi. Ağırbaşlı idi, sözgötürməz, şit söhbətləri xoşlamaz, hər mövzuda danışmazdı. Həyatı barədə çox az adam nəsə bilərdi. 

Ömrünün 37-ci ildə o həyata yamanca küsür və demək olar ki, ölümü özü çağırır. Heç vaxt heç kimin qonaq olmadığı balaca mənzili içki şüşələri ilə dolu olurdu. Elə bu da onun ölümcül xəstəliyə düçar olmasına, dost-tanışın ondan üz çevirməsinə səbəb olur. Bəlkə də xəstə olduğunu öncədən bilirmiş deyə, evlənmək niyyətinə də düşməyib.

Əlsəgər günlərlə evindən çıxmır, içir, içir, içirdi. Günlərin birində öldüyü məlum olur, qonşular əlaqədar idarəyə zəng edir, o da kimsəzilər kimi səssiz sədasız dəfn edilir. Nə yas mərasimi qurulur, nə ardınca gözəl sözlər deyilir, nə də məzarının yerini bilən, üstünə bir dəstə çiçək qoyan olur. Azərbaycanın Jan Maresinin, ən xarizmatik kişisinin bəxti gözəl olmur, gözlərdən uzaq sönüb gedir. Kimsənin ruhu duymadan, kömək istəmədən, haray salmadan.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir