Cəmiyyət

Hansı qurumlar əməkdaşlarını narkoloji testdən keçirməlidir? – RƏY + FOTO

Sharing is caring!

Ötən gün Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları kütləvi şəkildə işdən çıxarılıblar. Belə ki, sədr əvəzi, general-leytenant Şahin Bağırov həmin şəxsləri narkoloji testdən keçirtdirib. Nəticədə Hövsan və digər postlarda fəaliyyət göstərən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduqları müəyyənləşib. Bu hadisə isə onların işdən azad edilməsinə yol açıb.

Maraqlıdır, hansı dövlət qurumlarında işəgötürmə zamanı narkoloji test tətbiq edilməlidir?

Psixiatr-narkoloq, müstəqil tibbi ekspert Abdulla Şıxlinski Oxu.Az-a açıqlamasında bildirib ki, insanın sağlamlığı onun mərkəzi sinir sisteminin fəaliyyəti ilə bağlıdır, ona görə də bütün dövlət müəssisələri əməkdaşlarının narkoloji müayinədən keçməsini təmin etməlidir:

“Xüsusilə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi, prokurorluq, məhkəmə və təhsil işçiləri ildə heç olmasa bir dəfə psixiatrik-narkoloji testdən keçməlidirlər. Dünya ölkələrinin bir çoxunda işçilər tutduqları vəzifədən asılı olmayaraq bu prosesi icra edirlər. Müayinədə həkim-psixiatr, psixiatr-narkoloqun baxışı olmalıdır. O baxış isə qanın müayinəsi ilə müşayiət olunmalıdır”.

Həkim narkotik maddənin aşkar olunmasında ekspress testlərin o qədər də effektli olmadığını deyib:

“Həmin testlər bəzən bəzi narkotik maddələrin qanda olduğunu göstərmir. Ona görə də məhz qanın laborator analizi keçirilməlidir. Orada spektral analiz metodundan da istifadə olunur. Hazırda bu sahədə təbabət elmindən geniş istifadə edilir. Bu tip müayinə ilə şəxsin hətta bir neçə il əvvəl narkotik maddə qəbul edib-etməməsi haqqında da məlumat əldə etmək olar. Həmçinin tük müayinəsi var ki, onun hesabına insanın 20-30 il əvvəl narkotik aludəçisi olub-olmadığı aşkarlanır. Bunlar elə də bahalı müayinə deyil, dövlət həyata keçirə bilər. Əslində, bu sahədə olan həkimlər üçün analiz lazım deyil, yanımıza gələn şəxsin narkotik istifadəçisi olub-olmadığını baxaraq müəyyən edə bilirik, ancaq onu sənədləşdirmək üçün mütləq analiz lazımdır. Sənəd – sübutdur”.

Abdulla Şıxlinski işə qəbul olarkən qanunsuzluğa yol verən şəxslərdən də söz açıb:

“Bəzi insanlar hazırda narkotik istifadə etmədikləri üçün keçmiş vərdişlərini rahatlıqla gizlədirlər, çünki ekspress testlər onu göstərmir. Bu faktın üstü açılanda isə onları işdən çıxarmaq çətin olur. Ona görə də işə götürüləndə dəqiq müayinə aparılmalıdır. Fikrimcə, Azərbaycanda müayinə altı aydan bir həyata keçirilməlidir. Çünki Azərbaycanda narkomaniya tüğyan edir. Hətta orta məktəb şagirdləri arasında aludəçilər var. Sintetik narkotiklər müxtəlif Asiya ölkələrindən gətirilir və çox ucuz qiymətə burada satılır. Ona görə də onlara psixiatr-narkoloqun baxması mütləqdir”.

Həkim bildirir ki, yaranan şübhələrdən qurtulmaq üçün müayinə şərtdir:

“Rusiyada hətta müəllimləri də ildə iki dəfə testdən keçirirdilər. Rusiya Federasiyasının qanunvericiliyində yazılıb ki, psixiatr və psixiatr-narkoloq rəyi olmadan şəxs işə götürülə bilməz, həmçinin altı aydan sonra yeni bir rəy olmadan işçi işdə qala bilməz. Bizdə də belə olmalıdır”.

Həmsöhbətimizin sözlərinə görə, dövlət müəssisələrində bu yoxlama çox formal qaydada həyata keçirilir:

“Heç bir analiz götürülmür, adamlar gəlib narkoloji dispanserə rüşvət verirlər. Həkim də onları yoxlamadan arayış verir. Belə hallar var, bunu gizlətmək lazım deyil, tədbir görülməlidir. Hesab edirəm ki, dövlət müəssisələrində əməkdaşlar testə tabe tutulurlar. Amma həmin testin nə dərəcədə obyektiv olduğu sual altındadır. Hətta Bakı Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov vardı. Onu rüşvətlə arayış verdiyinə görə məsuliyyətə cəlb elədilər, əvvəl cinayət işi qaldırdılar, sonra da vəzifədən azad etdilər.

Bunların qarşısını almaq üçün heç kimdən asılı olmayan komissiya yaradılmalıdır. Əgər şəxs gömrük idarəsinə işə götürülübsə, ona rəyi tamamilə gömrük idarəsiylə əlaqəsi olmayan bir tibb təşkilatı verməlidir. Özü də komissiya daxilində bir-birini tanımayan dörd-beş həkim olmalıdır, onların hər biri rəy verməli və rəylərin cəmləşməsi ilə qərar qəbul edilməlidir. Belə olarsa, şəxsin narkotik asılılığının və psixi probleminin olub-olmadığı müəyyənləşdirilə bilər”.

Milli Məclisin deputatı Aqil Abbas isə hesab edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının narkoloji testdən keçmələri mütləqdir:

“Hüquq-mühafizə orqanlarında ildə bir dəfə bütün işçilər məcburi qaydada narkoloji müayinədən keçirilirlər. Mənim üç oğlum da bu sahədə çalışır və həmin testdən keçir. Müayinədə kimin narkotik istifadəçisi olduğu müəyyənləşirsə, o, dərhal vəzifədən azal edilir. Dövlət Gömrük Komitəsi də ildə bir dəfə bunu təşkil edir”.

Millət vəkilinin fikrincə, mülki dövlət strukturlarında bu prosesin icrası vacib deyil:

“Təhsil Nazirliyində belə bir iş həyata keçirilsə, gərək müəllimlər, laborantlar da testdən keçsinlər, bu necə olar? İstəyirlər, lap Milli Məclisi də keçirsinlər. Amma mən Milli Məclisdə belə bir testin keçirilməsini vacib hesab etmirəm, çünki bu, deputatları aşağılamaq olar. Kim mənə: “Get, narkoloji dispanserdə testdən keç”, – desə, getmərəm, mənim 70 yaşım var, ayıbdır. Məni niyə aşağılamalıdırlar? İnancları yoxdur, desinlər, çıxım gedim də”.

Aqil Abbas narkoloji test nəticələrinin tam şəffaf olduğunu düşünür:

“Düzdür, ola bilər ki, sabah kimsə başqasının əvəzinə testdən keçsin, imtahanda da belə şeylər olur. Amma nəticənin şəffaf olduğunu düşünürəm. Saxtakarlıq etsələr, üstü açılanda o sənədi verənin halı necə olar? Kim özünü güllə altında qoyar?”

Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat  Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Rabitə Nazirliyi, Energetika Nazirliyində işə götürülən şəxslər tibbi və narkoloji yoxlamadan keçməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi işə qəbul edərkən tibbi arayış tələb edir, həmçinin şəxsin onların narkoloji dispanserdə qeydiyyatının olub-olmadığına baxılır.

“Azəriqaz” ASC, “Azərişıq” ASC, “Azərsu” ASC və Kənd Təsərrüfatı Nazirliyində isə işə götürərkən narkoloji test tələb edilmir.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir