Cəmiyyət manset

Elçin Cavadov: Bu bizim tariximizdir,biganəlikdən məhv olmaq üzrədir

Çox təəssüflər olsun ki,Gədəbəyin Söyüdlü kəndi ərazisində yerləşən,ölkə əhəmiyyətli memarlıq abidəsi hesab olunan ,, Qız qalası” (IX əsr) adlanan şəkillərdə göstərilən möhtəşəm abidə məhv olmaq üzrədir..Bu qalanın adına el arasında “Qızıl qala” və ya “Namərd qala” da deyirlər. Qala əldən-ayaqdan uzaq bir yerdə, çox ağır dağ şəraitində tikilib.Azərbaycanda olan digər Qız qalalarından fərqli olaraq Söyüdlüdə yerləşən bu qalanın daha yığcam, biçimcə monumental, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı var. Çətin dağ şəraitində belə aydın və dəqiq memarlıq quruluşu yaratmaq onu ucaldan memar və ustaların yüksək bacarığından soraq verir. Yerli əhali arasında dolaşan əfsanəyə görə, vaxtilə həmin qalada saxlanılan və ya yaşayan qız namərdlərin əlinə keçməmək üçün özünü qaladan yerə atıb. Bu əfsanəyə əsasən tikili “Namərd qala” adlandırılıb. Qız qalası Şəmkir çayının sahilində qayalıq yerdə ucaldılıb. Ətrafı yaşıllıq, meşə olan qalaya piyada qalxmaq mümkündür. Qala beş dairəvi sütundan ibarətdir. Giriş-çıxış yerləri görünməz vəziyyətdədir. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Abidənin divar və bürclərinin ortasından kəmər kimi keçən və yuxarıda onları tac kimi tamamlayan hissəsi zamanında qalanın müdafiəsini xeyli gücləndirməklə yanaşı, onun görkəminə də əzəmət qatıb. Hazırda abidənin təmir-bərpa olunmağa çox ciddi ehtiyacı var. Xahiş edirəm, şəkillərin hər birinə baxın.Çox təəssüf ki, belə bir möhtəşəm abidəni qoruya bilmirik.Bu bizim tariximizdir.

Aldığım məlumata görə 2019-cu ildə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Qalada konservasiya işlərinin aparılması nəzərdə tutulsa da hələ heç bir iş görülməyib.Bu qalanın məhv olmaması üçün dövlət orqanları tərəfindən ciddi tədbir görülməlidir.

Elçin Cavadov

Gəncə Dövlət Universitetinin dosenti, texnika elmləri doktoru.

XəbərAl.az