Cəmiyyət

Ortaq türk ədəbi dili niyə yaradılmır? – “Çavuşoğlunun təklifi mənfi nəticələr doğurur” + FOTO

Sharing is caring!

Avqustun 2-də Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalanıb. Hər üç ölkənin xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri görüşüblər və xarici siyasət, regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin tərəflərin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığının tam potensialının həyata keçirilməsi üçün görülən işlər barədə də danışılıb.

Ümumiyyətlə, son illər türk dövlətləri arasında sıx əlaqələr qurulub. Tez-tez səfərlər təşkil olunur, fərqli məsələlərlə bağlı birgə sənədlər imzalanır. Bütün bunlar isə bütövlükdə türk dünyasının birliyinə xidmət edir. Türk dövlətlərinin ortaq məxrəcə gələ bilmədikləri yeganə məsələ isə ortaq əlifba və dillə bağlıdır.

Türk xalqları arasında vahid ədəbi dilin yaradılması ideyasını ilk dəfə XIX əsrin 80-ci illərində İsmayıl Qaspıralı təklif edib. Bu məsələ XX əsrin 20-ci illərinə qədər müzakirə edilsə də, 1924-cü ildə Sovet İttifaqının başına Stalinin keçməsi arzuları puç edir. Belə ki, o, sovetlərin tərkibində olan türk dövlətlərinin həm bir-biri, həm də Türkiyə ilə əlaqələrini kəsmək üçün hər birinə kiril hərfləriylə ayrıca əlifba tərtib etdirir. Yazılan kitabların hamısı Moskvaya göndərilərək senzuradan keçirilir. Dövrün milliyyətçi aydınları Nargin adasına sürgün edilərək güllələnirlər. Müstəqillikdən, yəni 1991-ci ildən sonra isə hələ də həllini tapmayan ortaq dil məsələsi yenidən gündəmə gətirilir.

Mövzu barədə fikirlərini Oxu.Az-la bölüşən türkiyəli professor Hasan Oktay hesab edir ki, türk dövlətlərinin ortaq dili Türkiyə türkcəsi olmalıdır:

“Daşkənddə keçirilən üçtərəfli zirvə görüşündə mühüm qərarlar qəbul edilmiş olsa da, biz keçmişdə Azərbaycan, Pakistan və Türkiyə arasında imzalanan sənədə nəzər saldıqda istənilən nəticələrin alınmadığını görürük və bu sammitin də elə sönük olmasını istəmirik. Stalin hakimiyyətə gəldikdən sonra türk toplumlarını idarə etmək üçün hər birinə ayrı etnik şüur və məsuliyyət hissi aşılamaq və bununla da türk birliyini pozmağa çalışdı. Stalinin bu siyasətinə görə bu gün biz bir-birimizi tanımırıq, özbək, qazax, qırğız, azərbaycanlı ifadələrini işlədirik, amma bu, tamamilə yanlışdır. Biz hamımız türkük. Türk dünyası bir bütövdür və ortaq dili türkcədir. Daşkənd zirvəsində ortaq əlifba, ortaq dil mövzusunda bir irəliləyiş əldə edildi”.

Həmsöhbətimiz bildirib ki, Stalin dönəmində altşüura yerləşdirilən ayrı millət, xalq məntiqindən tez zamanda dövlətlər yaxa qurtarmalıdırlar:

“Burada Türkiyənin üzərinə böyük iş düşür. Türkiyə ölkə sərhədlərindən kənarda da türk varlığını qəbullanmalı və türkcəni qlobal bir dil halına salmaq üçün strategiya tətbiq etməlidir. Hazırda, təəssüf ki, Türkiyənin Ali Attestasiya Komissiyası Türkiyədən kənarda türk dilində tədrisin aparılmaması barədə qərar qəbul edib. Bu, türk birliyinin və türkcənin universallığının qarşısında ucaldılmış böyük bir səddir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə görüşlərdə iştirak edərkən ilk növbədə öz ölkəsindəki vəziyyəti görməlidir. Çavuşoğlunun Türkiyənin “Xaricdə türkçə tədris aparıla bilməz” qərarını düzəltmədən türk dünyasına “türkcə ortaq dil olsun” deyə bir təklif verməsi çox mənfi nəticələr doğurur”.

Nəsimi adına Dilçilik İnstitutunun keçmiş direktoru, filologiya elmləri doktoru Möhsün Nağısoylu da Oxu.Az-a açıqlamasında ilk olaraq ortaq əlifba və ortaq ünsiyyət dilinin tarixindən söz açıb:

“Bu məsələ hələ 1926-cı ildə Birinci Türkoloji Qurultayda gündəmə gəlib. O zaman layihə də hazırlanıb, qərar da imzalanıb. Ortaq türk əlifbasına ilk dəfə keçid isə Azərbaycanda baş tutub. Sonralar Sovet İttifaqının tərkibində olan türk dövlətləri də keçid etdilər. Stalin isə bu hadisənin türk dövlətlərini bir-birinə yaxınlaşdırdığını gördüyü üçün qurultay iştirakçılarının hamısını həbs etdirdi, onlar repressiya qurbanı oldular. Beləliklə, 1946-cı ildə yeni qərarla SSRİ-nin tərkibində olan türk dövlətləri kiril əlifbasına keçdilər. Lakin məsələ müstəqillikdən sonra yenidən gündəmə gəldi. Yanlış xatırlamıramsa, Türkiyədə 1992-ci ildə konfrans keçirildi və türklər üçün vahid əlifba hazırlandı. O zaman təhsil nazirimiz Firudin Cəlilov idi. Həmin o əlifba da yalnız Azərbaycanda tətbiq olundu. Bizim hazırda istifadə etdiyimiz əlifba odur”.

Professor müxtəlif konfranslarda bu məsələnin müzakirə olunmasından da söz açıb:

“Timur Kocatürk adlı alim var, əslən Özbəkistandandır, ABŞ-da yaşayır. O, 35 hərfdən ibarət bir əlifba hazırlayıb. Biz Astanada beynəlxalq konfransda olarkən çıxış etdi və dedi ki, ən yaxşı əlifba Azərbaycan əlifbasıdır. Çünki bizim əlifbamızda q, x, ə hərfləri var, amma Türkiyə əlifbasında bunlar yoxdur. Türkmənləri, qırğızları razı salmaq üçün isə bu əlifbaya sağır nun hərfini əlavə etmək lazımdır. Bizim qədim türk mətnlərində, orta əsr mətnlərində belə bir hərf olub. Bizdə Elçin İbrahimov var, bu yaxınlarda doktorluq müdafiə etdi, mövzu “Türk dövlətlərində dil siyasəti” idi. Yəni məsələ bütün türk xalqlarını narahat edir, hamı həll tapmaq istəyir, ancaq ortaq məxrəcə gəlinmir. Çünki hamı istəyir ki, ortaq ünsiyyət dili onun dili olsun. Problem gec-tez həllini tapmalıdır”.

Dilçi alim ortaq ünsiyyət dili üçün ən uyğun variantın Azərbaycan dili olduğunu bildirib:

“2008-ci ildə türk dövlətlərinin sammiti olanda qərara gəlindi ki, Beynəlxalq Türk Akademiyası yaransın. Bu gün Astanada belə bir akademiya var. Orada təhlükədə olan türk dövlətləriylə bağlı tədbirlər görməyə çalışırlar. Bunlar bizə lazımdır. Biz 2018-ci ildə orfoqrafiya layihəsi hazırlamışdıq, geniş müzakirəyə səbəb olub. Orada tərkibində “iyyət”in bir “y” ilə yazılmasını təklif etdik, bizi topa tutdular, pantürkist adlandırdılar. Halbuki bütün türk dövlətləri ədəbiyyat sözünü bir y, biz iki y ilə yazırıq. Yaxınlaşmalar lazımdır, bu, zamanın tələbidir. Bütün dünya erməniləri müdafiə edir, çünki onlar xristiandırlar, biz də türk olduğumuza görə yaxınlaşmalıyıq. Amma yeni dil yaratmaq olmaz, gərək elə dil seçəsən ki, o hamını qane etsin. Türkiyə türkləri etiraf edirlər ki, bu baxımdan Azərbaycan dili daha məqsədəuyğundur. Şəxsən mən də belə istəyərəm, amma digər dövlətlərin də razılığı olmalıdır”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir