Cəmiyyət

Məhərrəmlik ayında koronavirusa yoluxma artacaq? – Deputatla infeksionistin ehtimalları + FOTO

Sharing is caring!

Bir neçə gündür ki, Məhərrəm ayı daxil olub. Qurban, Ramazan bayramları kimi, Məhərrəmlik ayını da insanlar özünəməxsus şəkildə qeyd edirlər. Bu ayda kütləvi toplaşma hallarına daha çox rast gəlinir. Mütəxəssislər Məhərrəm ayı bitəndən sonra Azərbaycanda yoluxma sayının artacağını ehtimal edirlər. İki il ərzində yaşadığımız epidemik vəziyyəti nəzərə alsaq, bu ehtimallar şübhə doğurmur.

Bəs görəsən, vəziyyətdən çıxış yolu nədir? Yoluxma sayında artım gözləniləndirmi?

Mövzu ilə bağlı Xeberal.az-a açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızının sözlərinə görə, müasir dünyaya zidd olan qaragüruh xurafatın təbliği üçün tədbirlər təşkil edir:

“Dövlətimizin müstəqil siyasəti, Konstitusiyası var. Orada dini, sərbəst toplaşmaq azadlığı barədə müddəalar yer alır. İnsanların hüquq və azadlıqları Konstitusiyamızın böyük bir hissəsini əhatə edir. Lakin çox təəssüf ki, bu gün də Azərbaycanda müəyyən məsələlər problem yaradır. Bunlardan biri də Məhərrəm ayı ilə bağlı səslənən fikirlərdir.

Məhərrəm ayı, əslində, islam aləmində yeni ilin başlanğıcı sayılır. Necə ki, xristianlarda yanvar ayı yeni ilin ilk ayıdır, islam aləminin də hicri tarixində Məhərrəm ayı ilk aydır. Bu münasibətlə də əsl möminlər bu günü bir yeni il bayramı kimi qeyd edirlər. Ancaq təəssüf ki, uzun illərdir, Azərbaycanda Məhərrəm ayı deyəndə ağla yas ayı gəlir. Qaragüruh, dinin əsl gözəlliyini dərk etməyən insanlar bu ayı yas adı altında xurafata çevirmək istəyirlər”.

M.İbrahimqızı qeyd edib ki, bu cür kütləvi tədbirlər koronavirus pandemiyası ilə bağlı ciddi təhlükə və risk yarada bilər:

“Bu kimi tədbirlərə imkan verməməliyik. Xurafat xarakterli tədbirlərin qarşısını almalıyıq. Koronavirus infeksiyasına yoluxmaların artdığı bir dövrdə qapalı yerlərdə, məscidlərdə sıxlıq yaratmaq düzgün deyil. Çünki bu tip kütləvi tədbirlər virusun artmasına səbəb ola bilər”.

İnfeksionist Mərdan Əliyev isə əlavə edib ki, yoluxanlar olacaq, lakin rəqəmlərə ciddi şəkildə təsir edəcəyini düşünmür:

“İnfeksiyanın qaydası budur ki, ondan nə qədər təcrid olunsanız, o qədər yoluxmursunuz. Əgər bir yerə toplaşma baş verirsə, belə olan halda artım müşahidə edilir. Açıq yerlərdə toplaşma olsa, o zaman virusa yoluxanların artma ehtimalı o qədər də çox deyil. Qapalı yerlərdə kütləvi tədbirlər olsa, bu zaman yoluxmada artım müşahidə oluna bilər”.

M.Əliyev virusa yoluxanların artma tempinin azalacağını söyləyib:

“Məhərrəm ayında toylar da olmur. Ona görə düşünürəm ki, bu da yoluxmanın qarşısını ala bilər. Fərdi şəkildə yanaşmaq lazımdır. Kim yoluxmaq istəmirsə, yoluxmaması üçün tədbirlər görəcək.

Qapalı yerlərdə toplaşmağı tövsiyə etmirəm. İnsanlar artıq xəstəliyə də həssasdırlar. Çünki immunitet səviyyəsi düşüb, anticisimlər azalıb, xəstəliyə həssaslıq artıb. Belə olan halda da təbii ki, yoluxma baş verəcək. Qapalı yerlərdə insanların toplaşması tövsiyə olunmur”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.