Cəmiyyət

Gürcüstan da “qazlanıb”: Azərbaycana qazanmaq üçün yeni şans yaranıb? – Ekspertlərin RƏYİ + FOTO

Sharing is caring!

Gürcüstanın Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Giorgi Tatişvili bir neçə gün öncə iqtisadiyyat naziri Levan Davitaşvili ilə görüşündə Kaxetiyada qaz yatağının aşkarlandığını deyib. Bu yerdə 2024-cü ildən hasilat işlərinə başlanacağı və oranı səkkiz il istismar etməyin mümkün olacağı diqqətə çatdırılıb. Sözügedən prosesi “Block Energy” şirkəti həyata keçirəcək. Qurumun icraçı direktoru Pol Hayvud qazla yanaşı, Samqori və Patardzeuli yataqlarında 19 milyon bareldən çox neft ehtiyatlarının da olduğunu vurğulayıb. Həmçinin bildirib ki, bu il başqa yerləri də kəşf etməyə hazırlaşırlar. 

Xeberal.az mövzu ətrafında enerji məsələləri üzrə ekspertlərlə həmsöhbət olub. 

Zəfər Vəliyevin fikrincə, qonşu ölkədə kommersiya qazının hasil edilməsi qənaətbəxş olmayacaq.  

– Quru qonşularımızdan bir Ermənistan qazsız qalıb. Bizə maraqlıdır, qaz yerin altında hərəkət edərək gedib haradansa çıxır? Çünki həmin resurslar vaxtilə o ərazilərdə yox idi. Yəni ehtimal etmək olarmı ki, gələcəkdə Ermənistanda da qaz yatağı aşkarlansın, yaxud digərləri bu yataqlardan məhrum olsunlar?

– Geologiyanın, termodinamikanın qanunlarına görə, müəyyən bir ərazidə olan karbohidrogen ehtiyatları hərəkət edərək başqa coğrafi bölgəyə doğru irəliləyə bilməz. Bu, birmənalı belədir. Giorgi Tatişvilinin Tbilisi və Rustavi arasında qaz yatağının aşkarlanmasıyla bağlı verdiyi məlumatdan aydın olur ki, orada geoloji ehtiyatlar 16 milyard kubmetrdir. Bu həcm isə neft-qaz sənayesində heç orta yataqlar qrupuna da aid deyil. 2020-ci ilə kimi həmin üç blokda geoloji kəşfiyyat, axtarış işlərini ABŞ-ın “Schlumberger” şirkəti aparıb. 2020-ci ildən sonra isə hər üç bloku Gürcüstan şirkəti alıb.

Gürcüstan indiyə kimi bir neçə dəfə neft-qaz yatağının aşkarlanmasıyla bağlı geoloji kəşfiyyat işləri aparıb, lakin nəticə müsbət olmayıb. Çünki ehtimal olunan yataqlardan neft hasilatı kommersiya cəhətdən qeyri-qənaətbəxş hesab edilib. İndi də hər üç blokdan kommersiya qazının hasil edilməsi, fikrimcə, qənaətbəxş olmayacaq. Oraya qoyulan vəsaitin qarşılığında hasil ediləcək qaz həcmlərinin nə qədər olacağı müəyyən edilməlidir. 

– Gürcüstanın əsas qaz tədarükçüləri Azərbaycan və Rusiya olub. Azərbaycan isə Gürcüstana qazı həmişə güzəştlə satıb. Yaxınlarda Aİ ilə də 2027-ci ilədək qaz sazişi bağladıq. Bu fonda biz qaz ixracını tamamilə Avropaya yönəldə bilərikmi? Ümumiyyətlə, Gürcüstanın özünü qazla tam təchiz etməsi bizim üçün müsbət haldır, yoxsa ucuz da alsa, sabit müştərimizin olması yaxşıdır?

– Gürcüstanın qaz təchizatıyla 2006-cı ildən sonra məşğul olunub. 2006-cı ildə Zaqafqaziya magistral qaz kəmərində partlayış olmuşdu. Gürcüstan rəsmiləri bunu bilərəkdən diversiya aktı  və Gürcüstanın enerji təhlükəsizliyinə təhdid kimi dəyərləndirdilər. O vaxta qədər isə Gürcüstan Rusiyanın neft-qaz şirkəti ITERA üzərindən qaz tədarük edirdi.

Vaxtilə Azərbaycan da həmin şirkətdən qaz idxal edib. 2007-ci ildən başlayaraq isə Gürcüstanın qaz təminatı 100 faiz Azərbaycan Dövlət Neft Şirkətinin nəzarətindədir. Tbilisi istisna olmaqla Gürcüstanın digər vilayətlərinin qaz təchizatının həyata keçirilməsi və eyni zamanda qazpaylayıcı şəbəkənin idarə edilməsi Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə şirkəti tərəfindən həyata keçirilir. Onu da deyim ki, Gürcüstanın qaz təsərrüfat sisteminin yenidən qurulması, vilayətlərin qazlaşdırılmasıyla bağlı bütün fəaliyyət SOCAR-ın vəsaiti hesabına baş tutur.

Düşünmürəm ki, Gürcüstanda adıçəkilən üç yataqdan hasil ediləcək qaz onun daxili tələbatını ödəsin. Çünki 16 milyard kubmetr qaz geoloji ehtiyatdır. Orta yataqlar qrupu ən azı 100 milyard  kubmetrdən yuxarı olmalıdır. Azərbaycanın qaz ixrac imkanları isə kifayət qədər genişdir. Hazırda Niderlandın qaz satış platformasında 1000 kubmetr qazın qiyməti haradasa iki min dolları keçib. Əgər Gürcüstan Azərbaycan qazından qismən imtina etsə, hesab edirəm ki, Azərbaycan özünün ixrac həcmlərini Avropaya yönəldəcək. Təbii qaza Avropada daha böyük tələbat var, daha ödənişqabiliyyətli bazardır.

– Azərbaycan birinci yarımil üçün Gürcüstana nə qədər qaz ixrac edib?

– Bu ilin beş ayında biz Gürcüstana təxminən 1,6 milyard kubmetr qaz ixrac etmişik və qiymətlər də kifayət qədər münasibdir, beynəlxalq bazar şərtlərinə uyğun deyil. Ümumiyyətlə, Azərbaycanın təbii qazla bağlı beynəlxalq ixrac həcmləri 9,4 milyard kubmetrdir. Bunun 1,6 milyardı Gürcüstana, 3,6 milyardı Türkiyəyə, 4,1 milyardı İtaliyaya,160 milyon kubmetrdən çoxu Bolqarıstana və 300 milyon kubmetri isə Yunanıstana ixrac edilib.

İtaliya, Yunanıstan və Bolqarıstana ixrac etdiyimiz qazın qiyməti Avropa qaz platformasına uyğundur, yəni çox yüksək qiymətə satmışıq. Hər il ortalama həm Cənub Qaz Dəhlizi, həm də Qazıməmməd-Qazax-Qardabani xətti vasitəsilə Gürcüstana 2,2-2,3 milyard kubmetr qaz ixrac edilir. Bu ixrac həcmləri kifayət qədər güzəştli qiymətlərlə həyata keçirilir. Mən inanmıram ki, Gürcüstan buna alternativ hər hansı bir mənbə tapsın. 

– Türkiyə də yaxın müddətdə qaz yataqlarının istismarına hazırlaşır. Lakin hər iki dövlətin qarşısında müəyyən problemlər var. Belə ki, qazçıxarma sənayesini qurmaq çox baha başa gələn bir prosesdir. Belə olan halda, Gürcüstan və Türkiyə həm infrastrukturun qurulması, həm də mütəxəssis üçün Azərbaycandan yardım ala bilərlərmi? Onların il ərzində bu prosesə başlamaları nə dərəcədə real görünür?

– Türkiyə ilə bağlı söhbət Qara dənizdəki Sakarya yatağından gedir. O yataqların geoloji ehtiyatları 400 milyard kubmetrdən yuxarıdır. Türkiyənin isə bu sahədə müəyyən təcrübəsi və mütəxəssisi var. Neft şirkətləri bu məsələyə qədər həm Aralıq, həm də Qara dənizdə kəşfiyyat işləri aparıblar.

Türkiyənin enerji şirkətləri İraqın Kürdüstan bölgəsindəki neft-qaz yataqlarında da fəaliyyət göstərirlər. Amma bu o demək deyil ki, Türkiyənin Sakarya yatağından hasil edəcəyi qaz onun daxili tələbatını 100 faiz ödəyəcək. Xeyr, 2023-cü ildə orada ilk hasilat baş verəcək və Türkiyənin ümumi qaza olan tələbatı ildən-ilə artır, çünki Türkiyənin qarşıdakı illərdə karbon dioksid emissiyalarının azaldılmasıyla bağlı beynəlxalq öhdəliyi var.

Hazırda Türkiyənin təbii qaza tələbatı 50 milyard kubmetrdən yuxarıdır, növbəti illərdə daha çox olacaq. Ona görə də Sakarya yatağından hasil ediləcək qaz həcmləri Türkiyəni yüz faiz təmin etməyəcək. Lakin Sakarya yatağının kommersiya hasilatına başlandıqdan sonra Türkiyənin qaz bazarında müəyyən dəyişikliklər olacaq. Yəni Türkiyə Rusiya, İran, Azərbaycandan, eyni zamanda Qətər, Əlcəzair və digər mənbələrdən idxal etdiyi qaz həcmlərinin qiymətlərində müəyyən güzəştlər əldə edə bilər. İstismarla bağlı bizdən yardım almaları isə saziş əsasında ola bilər. 

– Yeni neft-qaz yataqlarının aşkarlanması bu enerjidaşıyıcılarının qiymətinə necə təsir edir? Həcmi çoxaldığına görə qiymət azalır, yoxsa hasilat xərclərinə görə artır və ya sabit qalır?

– Ən azı, 2030-cu ilədək qaz və neft bazarlarında qiymətlər elə də düşməyəcək. Çünki onların hər ikisi indi alıcı yox, satıcı bazarıdır. Hər ikisində tələbatlardan artıq həcmlər mövcud deyil. Hətta hesab edirəm ki, qiymətlər bir qədər artacaq. Çünki Ukrayna ətrafında baş verən hadisələrdən sonra diqqət edəcəyimiz bir məsələ də odur ki, dünyanın neft-qaz axın xətləri xəritəsinin yenidən cızılmasına start verilib. Bu o deməkdir ki, dünyanın enerji bazarları yenidən qurulur və bu prosesdə enerjidaşıyıcılarının qiymətinin düşməsi real görünmür.

Dağılanadək SSRİ məkanında, əsasən də Xəzər regionunda, Mərkəzi Asiyada, Qafqazda aparılan geoloji kəşfiyyat işlərinin mərkəzində Azərbaycan geoloqları dururdular. Türkmənistanın, Özbəkistanın, Rusiyanın, Qazaxıstanın neft və qaz yataqlarının aşkarlanmasında Azərbaycan geoloqlarının xidmətləri danılmazdır.

Ermənistanın isə geoloji quruluşu, relyefi orada hər hansı karbohidrogen yatağının mövcud olmasına əsas vermir. Bunu faktla deyirəm, çünki təxminən 1960-cı illərdə Ermənistanın siyasi rəhbərliyi ərazilərində neft-qaz yatağının olduğunu bəyan etmişdi, həmin vaxt Nikita Xruşşov “Azneft”ə sərəncam vermişdi ki, aktivinizdə olan avadanlıqların bir hissəsini Ermənistana ötürün, çünki orada yataq aşkarlanıb. Sonradan isə məlum oldu ki, Ermənistanda nə neft, nə qaz yatağı var, yalan danışıblar. Yəni nə bu bölgədə, nə də Gürcüstanda neft-qaz var. Ola bilər, məhsul kimi Gürcüstanda yataqlar aşkarlansın, amma əvvəldə də qeyd etdiyim kimi, onların işlənməsi kommersiya cəhətdən məqsədəuyğun deyil. Ona qalsa, Tacikistanda da belə yataqlar var. 

Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da Gürcüstanda aşkarlanan qaz yataqlarının elə də böyük əhəmiyyət daşımadığını deyib:

– Onlar geoloji kəşfiyyat nəticəsində tapılan ehtiyatlardır, çıxarıla biləcək ehtiyatlar deyil. Gürcüstanın heç neftayırma zavodu yoxdur, bu aşkarladıqları həcm ona nə verəcək? Belə kiçik rəqəmlər Qırğızıstan və başqa ölkələrdə də var. Türkiyə də kiçik həcmdə neft və qaz çıxarır, bu ona bənzər şeydir. Ona görə də narahatlıq keçirmək lazım deyil. Bu kəşflərin o ölkələrin daxili tələbatına isti-soyuğu yoxdur.  

Sayad Həsənli 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.