Cəmiyyət

Ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizə

Sharing is caring!

Ana dili hər bir xalqın varlığının ən başlıca göstəricisi, özünütəsdiqi olmaqla yanaşı istənilən xalqın, millətin milli kimliyini və onun mənsubiyyətini müəyyənləşdirən əsas amillərdən biri hesab olunur. Azərbaycan dili də öz tarixi keçmişi və zənginlikləri ilə tanınan dillərdən biridir. Tarixə nəzər saldıqda görmək olar ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib və bir müddət  fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Müasir  dövrdə Ana dilimizin təkmilləşməsi və inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Lidermizin qətiyyəti və siyasi iradəsi sayəsində Ana dilimiz əbədi olaraq dövlət dili kimi öz varlığını qoruyub saxlaya bildi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. 

Ümummilli liderin azərbaycançılıq ideyasının, təliminin əsasında məhz doğma ana dilimiz dayanırdı. Heydər Əliyev çıxış və nitqlərində bu dilin gözəlliyindən, zənginliyindən məharətlə istifadə edərək dilçi və ədəbiyyatçılardan daha səlis və rəvan danışardı. Tərifində də, ən kəskin tənqidində də elə ifadələr, sözlər işlədərdi ki, bəzən ən təcrübəli dilşünas alim də Heydər Əliyevin yaddaşına, sözdən istifadə etmək bacarığına, Azərbaycan dilinə yanaşmaq istedadına heyrətlənməyə bilmirdi. Heydər Əliyev dönə-dönə deyərdi ki, hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir.

SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə və qətiyyətlə bildirirdi. Ulu Öndərin sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsini xüsusi qeyd etmək lazımdır. Keçmiş Sovet İttifaqında bu cür ciddi məsələyə  nail olmaq heç də asan deyildi.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra respublikaya rəhbərlik etdiyi müddətdə də Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin yaxşılaşdırılması istiqamətində bir sıra sərəncamlara imza atıb.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına “Dövlət dili” adlanan ayrıca maddə daxil edildi.

Ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atıb. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.

Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu gündə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlir.

Gülər Quliyeva,

Salyan şəhər 4 saylı tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.