Cəmiyyət

“Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz,

Sharing is caring!

ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. 

Müstəqillik illərində ölkəmizin əlamətdar və tarixi günləri sırasına ümummilli dəyəri ilə ucada dayanan bir gün əlavə edilmişdir. “Millətin milliliyini saxlayan onun dilidir” – deyən ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmana əsasən, hər il avqustun 1-ni xalqımız Azərbaycan dili və Əlifbası Günü kimi böyük təntənə və sayğı ilə qeyd edir.

Dahilərimiz ana dilimizi mənəvi Vətən saymış, ulularımız milli varlığımızı yaşatmaq üçün onu torpaqlarımızla eyni dərəcədə sevmiş və qorumuşlar. Dilimiz də eynilə torpaqlarımız kimi ötənlərimizi bugünümüzə qovuşdurmuş, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu gələcəyin astanasına gətirib çıxarmışdır.

Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür.

Bu gün Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil bir dövlətin dilidir. İndi Azərbaycan dili dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girmək imkanı qazanıb. Bu mənada Azərbaycan dilinin inkişafı göz qabağındadır. Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin bu məsələyə nə qədər ciddi yanaşdığını, ana dilimizi necə bir yüksək məqama qaldırdığını göstərən tarixi amildir. 

 30-cu illərdə repressiya zamanı yüzlərlə milli düşüncəli şairimiz, o cümlədən S.Hüseyn, H.Cavid, Ə.Cavad, M.Müşfiq repressiyanın qurbanına çevrildilər. Bu repressiya milli şüurumuza, düşüncə tərzimizə, millətimizə, dilimizə böyük zərbə oldu. Lakin 70 il Sovet rejiminin ağır və əzici təsiri altında olsa belə dilimiz, dilimizin saflığı uğrunda mübarizə aparan vətənpərvər sənətkarlarımızın gərgin mübarizəsi nəticəsində özünün milliliyini qoruyub saxlaya bildi. Hələ 60-cı illərdə dövlət idarələrində ana dilində danışmağın qadağan olunduğu illərdə bir sıra milli düşüncəli sənətkarlarımız öz yaradıcılıqlarında ana dili mövzusunu ana xəttə çevirdilər. M.İbrahimov, Ş.Qurbanov, X.R.Ulutürk, T.Bayram, B.Vahabzadə kimi milli dəyərlərimiz uğrunda mübarizə aparan yazıçı və şairlər nəsli yetişdi. B.Vahabzadə dilimizin sıxışdırıldığı bir dövrdə bir-birinin ardınca Ana dilimizin qorunması, inkişaf etməsi haqqında şeirlər, məqalələr yazdı. Şairin “Ana dili” şeiri yaradıcılığının ən monumental əsərlərindən biridir:

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədir…onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Sənətkarlarımızın yazıb-yaratdığı bu incilər bu günümüz üçün nə qədər qiymətlidir. Bu incilər içərisində dilimizin saflığı ilə bərabər bir tarix də yaşayır. Ana dili bütün elmləri öyrənməyin açarıdır. Tarix durduqca bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik. Bu, hər birimizin bir vətəndaş, bir insan, bir azərbaycanlı kimi ən böyük amalımız olmalıdır. Dilimizi qoruyaq! O bizim varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir.

Günel Orucova,

Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.